2019-cu ildə Azərbaycan Qoşulmama Hərəkatının üzv ölkələrinin yekdil qərarı ilə üç il müddətinə təşkilata sədr seçilib. Ölkəmizin bu mötəbər təşkilata sədrliyi dövründə gördüyü işlərlə, irəli sürdüyü təşəbbüslərlə və təsisatın fəaliyyətinin genişləndirilməsi istiqamətində ciddi uğurlar əldə edilib. Hərəkatın beynəlxalq aləmdə nüfuzu artıb. Məhz Azərbaycanın təşkilata sədrliyi dövründə uğurlu nəticələrə görə ölkəmizə yenidən etimad göstərilib. Bu etimadın göstəricisi kimi ölkəmizin Hərəkata sədrliyi daha bir il uzadılıb.
Bunu Siyasətinfoya Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri, iqtisadçı ekspert Səkinə Babayeva deyib.
O qeyd edib ki, Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının fəaliyyətinə yeni bir mərhələ başlayıb: “Bu inkişaf, təşəbbüskarlıq, işgüzarlığın artması, proseslərə verilən reaksiya və qarşılıqlı etimad mühitinin daha da möhkəmləndirilməsi və s kimi vacib amillərlə xarakterizə olunub. Sözsüz ki, dünyada BMT Baş Assambleyasından sonra ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatı Azərbaycan Prezidenti İlham Əliyevin sayəsində onun beynəlxalq aləmdə nüfuzu və rolu güclənib, böyük uğurlara imza atılıb”.
AQSİA sədrinə görə, dövlətimizin başçısının Qoşulmama Hərəkatının sədri kimi beynəlxalq müstəvidə davamlı və ardıcıl şəkildə irəli sürdüyü təşəbbüs və təkliflər geniş dəstək qazanıb: “Ölkəmizin Hərəkata sədrliyinin ilk illəri COVID-19 pandemiyası dövrünə təsadüf edib. Amma buna baxmayaraq Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatı pandemiya ilə mübarizədə qlobal lider rolunu öz üzərinə götürdü və dünya ictimaiyyətini bu təhdidlə mübarizədə səfərbər etdi. 2020-ci ilin mayında Hərəkatın COVID-19 ilə mübarizəyə həsr edilən liderlər səviyyəsində onlayn sammitinin keçirilməsi bu istiqamətdə atılmış ilk addımlardan biri idi. Sammitdə Prezident İlham Əliyev BMT Baş Assambleyasının pandemiya ilə mübarizəyə həsr edilən xüsusi sessiyasının keçirilməsini təklif etdi. Bu təklif 150-dən çox ölkə tərəfindən dəstəkləndi və 2020-ci ilin dekabrında xüsusi sessiya uğurla baş tutdu. Yetmişdən çox dövlət və hökumət başçısının çıxış etdiyi bu xüsusi sessiya pandemiya ilə mübarizə sahəsində ən qlobal təsirə malik idi”.
Səkinə Babayeva Azərbaycanın Hərəkata sədrliyi dövründə həyata keçirdiyi ən önəmli fəaliyyətlərdən biri peyvənd millətçiliyinə qarşı mübarizə aparmasının olduğunu söyləyib: “Təsadüfi deyil ki, Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatı tərəfindən həm BMT İnsan Hüquqları Şurasında, həm də Baş Assambleyada “COVID-19 pandemiyası ilə mübarizədə bütün ölkələr üçün peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi”nə dair qətnamələr qəbul edildi. Azərbaycan özü də pandemiya ilə mübarizədə olmasına, Vətən müharibəsi aparmasına baxmayaraq, ehtiyacı olan digər dövlətləri də unutmadı. Azərbaycan əksəriyyəti Qoşulmama Hərəkatının üzvləri olmaqla, 80-dən çox ölkəyə koronavirusla bağlı maliyyə və humanitar yardım göstərdi. Eyni zamanda Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi səmərəli addımlar ataraq önəmli nəticələr qazandı. Sədrliyimiz dövründə Hərəkatın parlament və gənclər şəbəkələri yaradıldı. 2022-ci ildə Şuşa razılaşması əsasında Qoşulmama Hərəkatının Gənclər Təşkilatı təsis olundu və onun daimi katibliyi Bakıda yerləşəcək. Təşkilatın yaradılması kimi mötəbər uğurdan əlavə, Şuşa şəhərinin adı da artıq Qoşulmama Hərəkatının tarixinə düşdü. Sözsüz ki, Qoşulmama Hərəkatına sədrliyi və belə mötəbər tədbirlərə ev sahibliyi etmək ölkəmizin qlobal həmrəyliyə verdiyi mühüm önəmin göstəricisi hesab edilir”.