ABŞ-da Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri arasında görüşlə bağlı yanaşmalar fərqlidir. Azərbaycan II Qarabağ müharibəsindən sonra sülh prosesinə sadiq qalaraq bütün platformalarda görüşlərə qatılır. Eyni zamanda ölkəmiz tərəfindən Ermənistana beynəlxalq hüququn norma və prinsiplərini özündə ehtiva edən sülh konsepsiyası təklif edilib. Amma hələki Ermənistan sülh müstəvisində ciddi addım atmaqda tərəddüd edir. Bu da bölgədə sülhü və təhlükəsizliyi tədid edən amil kimi önə çıxır.
Bunu Siyasetinfoya YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, Azərbaycanla Ermənistan arasında sülh təşəbbüsü ilə bağlı müxtəlif platformalar mövcuddur: “Moskva, Brüssel və ABŞ-ın təşəbbüsü ilə reallaşan bu platformalarda sülh prosesi təşviq edilir. Sadəcə olaraq erməni tərəfi hər vəchlə sülh prosesini qeyri-müəyyən müddətə qədər təxirə salmaqla özü üçün “əlverişli” zaman gözləməyə çalışır. Eyni zamanda Ermənistanın hərbi-siyasi rəhbərliyi sülh prosesini başqa vasitələrlə pozmaqla gərginlik yaratmağa can atır”.
Millət vəkili hesab edir ki, Vaşinqtonda Azərbaycan və Ermənistan Xarici işlər nazirlərinin görüşü ərəfəsində erməni tərəfinin hərbi təxribata əl atması də bu qəbildən idi: “Mühüm danışıqlar, görüşlər, müzakirələr ərəfəsində erməni tərəfinin hərbi təxribatlara əl atması onlar üçün “ənənəyə” çevrilib. Çünki danışıqlar masasında normal müstəvidə sona qədər duruş gətirmək erməni siyasi-diplomatiyası üçün xarakterik deyil. Onlar ancaq prosesdə pozuculuq, riyakarlıq, ikiüzlülük edib məsələni qeyri-müəyyən vaxta qədər uzatmağa səy göstərir”.
Deputatın fikrincə, 30 ilə yaxın Azərbaycan ərazilərini işğalda saxlamış təcavüzkar Ermənistanın keçmiş ATƏT-in Minsk qrupunun xətti ilə baş tutan görüşləri necə pozması ilə bağlı acı reallıq var: “Amma Ermənistan və ona havadarlıq edən Fransa kimi dövlətlər yəqin ki, indiki reallığı unudur. Çünki Azərbaycan öz ərazi bütövlüyünü təmin edib. Bölgədə erməni işğalına, separatizmə zərbə vurulub. Sülh isə ümumilikdə bölgənin bundan sonrakı inkişafına və inteqrasiyasına xidmət edəcək. Azərbaycan dövlətinin də ortaya qoymuş olduğu mövqe regionda canlanmaya, inteqrasiyaya, inkişafa sülhün təmin edilməsinə zəmin yaradır”.
Qeyd edək ki, iyunun 27-də qanunsuz erməni silahlı birləşmələri növbəti təxribata əl ataraq Azərbaycan Silahlı Qüvvələrinin mövqeyini atəşə tutub. Azərbaycan Silahlı Qüvvələrinin cavab tədbirləri nəticəsində – “Qisas” əməliyyatı ilə qanunsuz silahlı birləşmənin istehkamı və 5 üzvü məhv edib.