Qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğnaın seçkilərdən sonra Azərbaycana səfəri mühüm önəm kəsb edir. Türkiyədə prezident seçkilərindən sonra ölkə başçısı seçilən şəxsin Azərbaycana səfəri artıq ənənəyə çevrilib. Eyni zamanda da Azərbaycanda Prezident seçkilərindən sonra ölkə başçısının ilk səfər etdiyi ölkə qardaş Türkiyə olur. Bu sözsüz ki, iki qardaş ölkə arasında əlaqələrin yüksək səviyyədə olmasından xəbər verir.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət ibrahimqızı deyib.
O qeyd edib ki, qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Əradoğanın seçkidən sonra Azərbaycana bu səfəri xüsusi ilə diqqəti cəlb edir: “Prezident İlham Əliyevin cari ilin 13 iyun tarixində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri ilə əlaqədar birgə bəyanatında olduqca vacib mesajlar verildi. Qarşıda duran hədəflər açıq şəkjildə vurğulandı”.
Deputat hesab edir ki, seçkilərdən sonra Türkiyə-Azərbaycan qardaşlıq əlaqələri qarşısında yeni imkanlar, yeni üfüqlər açılır: “Əldə edilmiş bütün uğurların təməlində Türkiyə və Azərbaycan arasında olan qardaşlıq əlaqələri dayanır. Bu mənada iki qardaş ölkə arasında əldə edilmiş tarixi Şuşa Bəyannaməsini xüsusi ilə qeyd etmək olar. Bu anlaşma nəticəsində Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldular. Bəyannamənin Şuşada imzalanması rəmzi xarakter daşıyır. Çünki Şuşa Qarabağın tacıdır və Şuşanın işğaldan azad olunması İkinci Qarabağ müharibəsində son nöqtəni qoyub. Bununla yanaşı əməkdaşlığımız bütün sahələrdə konkret proqramlar əsasında inkişaf edir. Türkiyə və Azərbaycan bundan sonra da xarici siyasət sahəsində vahid mövqedən çıxış edəcəklər. Bölgənin inkişafı, sabitliyi və təhlükəsizliyi nöqteyi-nəzərindən Türkiyə-Azərbaycan birliyi amili çox önəmlidir”.
Millət vəkili vurğulayıb ki, Azərbaycan Ordusu bundan sonra Türkiyə modeli əsasında inkişaf edəcək: “Müdafiə və müdafiə sənayesi sahələrində gələcək əməkdaşlıq planları olduqca genişdir. Cari il 16 birgə hərbi təlim keçiriləcəkdir ki, onlardan 6-sı artıq keçirilib. Çünki bugünkü dünyada güc amili ön plana çıxır. Beynəlxalq hüquq çalışmır. Biz bunu 30 illik işğal dönəmində görmüşdük və aparılan müzakirələr, danışıqlar heç bir nəticəyə gətirib çıxarmadı. Eyni zamanda iki qardaş ölkə arasında ticarət dövriyyəsi sürətlə artır və artıq 6 milyard dollara yaxınlaşıb. Birgə həyata keçiriləcək layihələr bunu təmin edəcək. Xüsusilə enerji sahəsində. Azərbaycandan Türkiyəyə təbii qazın ixracı artmaqdadır. İldən-ilə qaz ixracı artır və əldə edilən razılığa görə bundan sonra da artacaq”.
Məlahət İbrahimqızına görə, indiki geosiyasi şəraitdə Orta Dəhlizin önəmi daha da artır: “Azərbaycan ərazisindən, yəni, Xəzər dənizi ilə daşınan yüklərin həcmi ildən-ilə artmaqdadır və daha da artacaq. Ona görə, Azərbaycanda nəqliyyat və logistika imkanları genişlənir. Bakı Dəniz Limanının imkanları 25 milyon tona qədər genişlənir. Dəmir yolu, gəmiqayırma zavodu və digər nəqliyyat infrastrukturu ən müasir səviyyəyə gətirilir. Bütün bunlar isə Zəngəzur dəhlizinin açılmasını qaçılmaz edir. Bu istiqamətdə birgə səylərin sayı getdikcə artacaq. Dəhlizin açılması bütün ölkələr üçün yeni imkanlar açacaq və bölgədə işbirliyi məsələlərinə də müsbət təsir göstərəcək. Həmçinin Türkiyə-Azərbaycan birgə universitetinin yaradılması istiqamətində danışıqların son mərhələsi aparılır. Yaxın aylarda bu məsələ də öz həllini tapacaq. Bu da qardaşlıq münasibətlərimizə daha bir töhfə olacaq”.