Azərbaycan və İsrail arasında möhkəm və etibarlı münasibətlərin əsası çox əsrlər əvvəl qoyulub. Çünki əsrlər boyu Azərbaycan və yəhudi xalqlarını möhkəm dostluq bağlayıb. Bu, ölkəmizin böyük dəyəridir. Yəhudi icmasının üzvləri – Azərbaycan vətəndaşları ölkəmizin müasir inkişafına çoxlu töhfə verir. Prezident İlham Əliyevin vurğuladığı kimi “Azərbaycanda yaşayan yəhudi qardaşlarımız ölkəmizin ərazi bütövlüyü uğrunda azərbaycanlılarla birgə çiyin-çiyinə vuruşublar. Onlar bizim müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda bizimlə və bütün digər azlıqların nümayəndələri ilə birgə vuruşublar”. İstər I, istərsə də II Qarabağ müharibəsi zamanı Azərbaycanda yaşayan bütün xalqların nümayəndəsi bu ölkənin vətəndaşı kimi erməni işğalının qarşını almaq üçün mübarizə aparıb qazi və şəhid olub. Azərbaycanda doğulub boya-başa çatan və dünyanın müxtəlif ölkələrində, o cümlədən İsraildə yaşayan bütün yəhudilər iki ölkəni birləşdirən möhkəm körpüdür.
Bunu Siyasətinfoya Milli Məclisin komitə sədri, professor Hicran Hüseynova deyib.
O qeyd edib ki, bu mənada Azərbaycanın İsraildə səfirliyinin açılması ikitərəfli siyasi əlaqələri tamamilə yeni səviyyəyə çıxarmaqla yanaşı, digər sahələrdə də əməkdaşlığı gücləndirir: “İsraillə Azərbaycan arasında sıx dostluq münasibətləri regionda vəziyyətin sabitləşməsinə xidmət edir və heç bir ölkəyə qarşı yönəlməyib. Əksinə, iki ölkə arasında əməkdaşlıq müstəsna olaraq Azərbaycan və İsrail xalqlarının rifahına və inkişafına yönəlib. İkitərəfli münasibətlərin inkişaf perspektivləri təsirli görünür. Çünki Azərbaycan-İsrail birliyinin məqsədi regionda sülh və sabitliyi təmin etmək, xalqların həyat keyfiyyətini yüksəltməyə hesablanıb. İsrail Azərbaycanın işğaldan azad edilmiş ərazilərində iqtisadi layihələrdə fəal iştirak edir. Azərbaycan İsrailin dəstəyini həm İkinci Qarabağ müharibəsi zamanı, həm də ondan sonrakı mərhələdə – işğaldan azad edilmiş ərazilərin bərpası dövründə hiss edir. Bundan əlavə, II Qarabağ Müharibəsindən sonra Azərbaycanın YAŞAT Fondu İsraildən oftalmoloqları dəvət etmiş, həkimlər mütəmadi olaraq xəstələri müşahidə etmişlər. Onlar əməliyyatlar aparıblar və əməliyyatdan sonrakı qayğıları tamamilə pulsuz həyata keçiriblər. İsrail həkimləri 150-dən çox azərbaycanlı müharibə veteranını əməliyyat edib”.
Millət vəkili hesab edir ki, Azərbaycan və İsrail Prezidentinin yeni sahələrdə əməkdaşlığı genişləndirmək siyasətində çoxvektorlu yanaşması iki ölkə arasında münasibətlərdə mövcud olan tükənməz potensialdan xəbər verir: “Belə sahələrdən biri də bərpa olunan enerji mənbələrindən istifadədir. Azərbaycan işğaldan azad edilmiş ərazilərində bərpa olunan enerjidən fəal istifadə etməyə başlayıb. İsrail dövləti bu sahədə öz təcrübəsini bölüşməyə hazır olduğunu bildirib. İki ölkə arasında xüsusilə enerji və hərbi sənaye kompleksi sahələrində əlaqələr ildən-ilə möhkəmlənir. Bu gün turizmdə, mülki texnologiyalarda, mədəni əlaqələrdə də tərəqqi aydın görünür. İsrail investorlarının Azərbaycana marağı artır, azərbaycanlı investorlar isə İsrailə maraq göstərirlər. İki ölkənin biznes qurumları və şirkətləri arasında sürətlə inkişaf edən əlaqələri nümayiş etdirən iqtisadi qarşılıqlı fəaliyyətin yüksək göstəriciləri də az əhəmiyyət kəsb etmir. 2023-cü ilin yanvar-aprel ayları üzrə son məlumatlara görə, İsrail ilə Azərbaycan arasında ticarət dövriyyəsi yarım milyard dolları keçib, 2022-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 33,5 faiz artım var. İnvestisiya sahəsində isə 2022-ci ilin iyulunda Azərbaycan İnvestisiya Şirkəti ilə İsrailin aparıcı qlobal kraudfanding platforması olan OurCrowd şirkəti investisiya sazişi imzalanıb”.
Deputat bildirib ki, əməkdaşlığın əsas istiqamətləri enerji, ticarət, infrastruktur və yüksək texnologiyalardır: “Azərbaycan İsrail üçün mühüm neft tədarükçüsüdür və bu ölkənin diversifikasiyasına və enerji təhlükəsizliyinə töhfə verir. İki il əvvəl Azərbaycan neftinin İsrailə tədarükdə payı təqribən 30%, keçən il təxminən 40% təşkil edib. Ticarət dövriyyəsi isə 1,7 milyard dollardan çoxdur. Turizm, enerji, kənd təsərrüfatı, tibb, kibertəhlükəsizlik – bu, iki ölkə arasında əməkdaşlıq sahələrinin bütün siyahısı deyil. Ölkə başçısı İlham Əliyev gələcək əməkdaşlıq istiqamətlərini qeyd edərkən xüsusi ilə diqqəti kibertəhlükəsizlik və müdafiə sənayesi sahələrinə yönəltdi”.
Hicran Hüseynova vurğulayıb ki, İsrail kibertəhlükəsizlik, qida istehsalı texnologiyası və su təchizatı da daxil olmaqla bir çox sahələrdə yenilikçidir: “Kibertəhlükəsizlik hər bir ölkənin milli təhlükəsizliyinin mühüm hissəsidir. Gənc nəslin təlimi və tədrisi də məqsədlərimizə nail olmaq və özümüzü təhlükədən qorumaq üçün mühüm amil olacaqdır. Müdafiə sənayesi sahəsində uzunmüddətli əməkdaşlıq əlaqələri mövcuddur. Azərbaycanın uzun illərdir ki, bu sahədə İsrailin müasir avadanlığına çıxışı var, bu da ölkəmizə müdafiə qabiliyyətini daha da artırmağa, müasirləşdirməyə kömək edir və dövlətçiliyimizi, əsas dəyərlər, milli maraqları, ərazi bütövlüyümüzü müdafiə etməyə imkan yaradır. Çoxtərəflilik, qarşılıqlı hörmət, dostluq müstəvsində olan Azərbaycan-İsrail münasibətləri məhz bu cür xarakterizə oluna bilər. Hər iki ölkənin liderlərinin sayəsində indi bütün sahələrdə əlaqələr yüksək səviyyədədir. Rəsmi Təl-Əviv Azərbaycanı regionda özünün əsas strateji tərəfdaşlarından biri hesab edir. Xüsusilə qlobal dəyişikliklərin baş verdiyi bir vaxtda strateji tərəfdaşlıq İsrail üçün vacibdir”.