İsrail dövlətinin Prezidenti İsxak Hersoqun Azərbaycana səfəri ölkələrimiz arasında olan yükəsk tərəfdaşlıq əlaqələrinin göstəricisidir. Bu səfər ikitərəfli əlaqələri daha da gücləndirəcək. İki ölkə arasındakı fəal siyasi dialoqu nəzərə alsaq Azərbaycan-İsrail münasibətlərinin indiki səviyyəsi əməkdaşlıq əlaqələrimizin tarixində əlamətdar hadisə kimi qiymətləndirilir. Cari ildə İsraildə Azərbaycan səfirliyinin açılması da əməkdaşlıq üçün geniş imkanlar yaradacaq.
Bunu Siyasətinfoya Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri, iqtisadçı ekspert Səkinə Babayeva deyib.
O qeyd edib ki, Azərbaycanla İsrail arasındakı ticarət dövriyyəsinin həcmi 1,7 milyard dollarından artıqdır: “Növbəti illərdə ticarət dövriyyəsinin şaxələndirilməsi nəzərdə tutulur. Həyata keçiriləcək planlaşdırılan birgə layihələr nəticəsində daha balanslaşdırılmış ticarət dövriyyəsi formalaşacaq. Bu da sözsüz ki, təkcə enerji amilindən asılı olmayacaq. Burada təbii olaraq iki dövlət arasında etibarlı əməkdaşlıq əlaqələri mühüm önəm kəsb edir. Uzun illərdir ki, Azərbaycan İsrailə xam neftin etibarlı təchizatçısı olmaqda davam edir. Bu da öz növbəsində enerji sahəsində sıx əməkdaşlığı nümayiş etdirir. Eyni zamanda interkonnektorların yaradılması və üçüncü ölkələrdə potensial əməkdaşlıq layihələri üçün böyük imkanlar mövcuddur. Həmçinin münasibətlərdə perspektiv əməkdaşlıq istiqamətləri də mövcuddur. İki ölkə irriqasiya və kənd təsərrüfatı sahələri üzrə birgə layihələr reallaşdırılacaq. Bu istiqamətdə Azərbaycan İsrailin müsbət təcrübəsindən istifadə etmək və ixrac bazarını şaxələndirmək niyyətindədir. Eyni zamanda yeni əməkdaşlıq sahələrindən biri kibertəhlükəsizlik sahəsidir. Bu sahədə artıq fəal təmaslara başlanılıb”.
AQSİA sədri Azərbaycanla İsrail arasında müdafiə sənayesi sahəsində uzunmüddətli əməkdaşlıq əlaqələrinin əhəmiyyətinə toxunub: “Azərbaycanın uzun illərdir ki, bu sahədə İsrailin müasir avadanlığına çıxışı var. Bu ölkəmizin müdafiə qabiliyyətini müasirləşdirməyə kömək edir. Bununla da dövlətçiliyimizi, əsas dəyərlərimizi, milli maraqlarımızı və ərazi bütövlüyümüzü müdafiə etməyə imkan yaranır. Bütün bunların fonunda əlaqələrdə yaranmış dinamika qarşılılıqlı turist axınının səviyyəsini də artıracaq. Artıq Azərbaycanla İsrail arasında uçuşların sayının artırılması ilə bağlı göstəriş razılıq var. Çünki hər iki ölkənin ictimaiyyəti arasında da tarixi əlaqələr mövcuddur. Bu baxımdan əsrlər boyu Azərbaycanda sülh və dostluq şəraitində yaşayan yəhudi icmasının mövcudluğunu xüsusi ilə qeyd etmək olar. Bu, ölkənin böyük dəyəridir, yəhudi icmasının üzvləri-zərbaycan vətəndaşları ölkəmizin müasir inkişafına çoxlu töhfə verən insanlardır. Eyni zamanda buradakı yəhudi icması ilə, İsraildə yaşayan azərbaycanlılar iki ölkə arasında canlı və əbədiyaşar körpü hesab olunur. Hətta Azərbaycanda yaşayan yəhudilər ölkəmizin ərazi bütövlüyü uğrunda azərbaycanlılarla birgə çiyin-çiyinə vuruşublar. İsraildə yaşayan azərbaycanlılar da ölkələrimiz arasında körpülərin qurulmasında mühüm rol oynayıb. Fakt odur ki, dünya azərbaycanlılarının diaspor təşkilatları mövcud olsa da İsraildə bu təşkilat əsasən yəhudi mənşəli insanlardan ibarətdir. Bu, aramızda heç bir fərqin, heç bir bölgünün olmadığını nümayiş etdirir”.
Səkinə Babayeva bildirib ki, Azərbaycanda yaşayan yəhudilər həmişə cəmiyyətimizin fəal və mötəbər hissəsi olub: “Bu gün də yəhudi icmasının fəaliyyəti göz önündədir. Bu olduqca önəmli bir məsələdir. Çünki mədəni körpülərin ikitərəfli strateji əməkdaşlığa töhfəsi çox vacibdir. Bütün bunlar Azərbaycan İsrail münasibətlərinin xarakterini müəyyənləşdirən amillərdir. Bu mənada 30 may tarixində Prezident İlham Əliyevin və İsrail dövlətinin prezidenti İsxak Hersoqun iştirakı ilə “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə İsrail Dövlətinin Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahələrində 2023-2028-ci illər üçün Əməkdaşlıq Planı”nın imzalanması da əlaqələrin bütün sahələrdə mövcud inkişaf imkanlarını göstərir”.