Prezident İlham Əliyevin 25 may tarixində Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında qonaq qismində iştirakı mühüm əhəmiyyət kəsb edir. Reallıq odur ki, ölkəmizin Avrasiya İqtisadi Birliyinin üzv ölkələri ilə Ermənistan istisna olmaqla sıx iqtisadi-ticarət və digər müstəvilərdə geniş əlaqələri var. Avrasiya İqtisadi Birliyinə daxil olan dövlətlərlə Azərbaycanın ikitərəfli əsasda ticarət dövriyyəsinin həcmi 5 milyard dollar təşkil edir. Bu fakt təsisatla Azərbaycan arasındakı əlaqələrin xarakterini göstərən mühüm amillərdən biridir.
Bunu Siyasətinfoya Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri, iqtisadçı Səkinə Babayeva deyib.
O qeyd edib ki, Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzvlüyü müzakirə mövzusu deyil: “Eyni zamanda Azərbaycan üzv olmadığı platformalardan və təsisatlardan kənarda durmur. Şanxay Əməkdaşlıq Təşkilatı ilə Azərbaycan arasında münasibətləri bu mənada qeyd etmək olar. Ermənistan istisna olmaqla, Azərbaycanın Avrasiya İqtisadi Birliyinin üzvləri ilə əməkdaşlığı son 30 ildə uğurla inkişaf edib. Keçən il ölkəmizlə bu təsisat arasında olan əmtəə dövriyyəsi 31 faiz artıb və 4,7 milyard dollar həcmində müəyyənləşib. Bu ilin yanvar-aprel aylarında qarşılıqlı ticarətin həcmində 38 faiz artım qeydə alınıb. Bütün bunların fonunda keçən il AİB-ə daxil olan ölkələrin Azərbaycanın xarici ticarət dövriyyəsində payı 9 faizə yaxın təşkil edib”.
AQSİA sədri vurğulayıb ki, Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat yollarının coğrafi kəsişməsində yerləşir: “Ölkəmizin nəqliyyat-logistika infrastrukturu bütün istiqamətlərdə daşımaları həyata keçirməyə imkan verir. Azərbaycan Xəzərdə 50 gəmidən ibarət ən böyük ticarət donanmasına malikdir. 15 milyon ton yükün daşınmasına hesablanmış Ələt Dəniz Limanı yaxın vaxtlarda modernləşdiriləcək və yükaşırmaların həcmi 25 milyon tona çatacaq. Bakıda artıq bir neçə ildir bütün növ gəmilər hazırlaya bilən müasir gəmiqayırma tərsanəsi fəaliyyət göstərir”.
İqtisadçı həmçinin Bakı-Tbilisi-Qars dəmir yolu ilə Avropaya, Türkiyənin isə Aralıq dənizi limanlarına çıxışınə təmin etdiyini söyləyib: “Eyni zamanda Azərbaycan “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsinin fəal iştirakçısıdır. Bütün bunların fonunda regionun sürətli inkişafına səbəb olacaq nəqliyyat xabı məhz Zəngəzur dəhlizidir..Azərbaycan ölkənin əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, həm də beynəlxalq dəmir yolu marşrutlarının bir hissəsi olacaq Zəngəzur dəhlizinin yaradılması təşəbbüsünün müəllifidir. Digər nəqliyyat imkanları baxımından da Azərbaycanın potensialı genişdir. Azərbaycanda 8 beynəlxalq aeroport fəaliyyət göstərir ki, onlardan ikisi işğaldan azad olunmuş torpaqlarda – Füzuli və Zəngilanda son iki ildə tikilib. Doqquzuncu beynəlxalq aeroport azad olunmuş Laçında tikilir və 2025-ci ildə istismara veriləcək. Ölkəmiz illik 500 min ton yük dövriyyəsi ilə regionda ən iri hava yük donanmasına malikdir.
Səkinə Babayeva hesab edir ki, Azərbaycan tam iqtisadi müstəqilliyə nail olub: “Bu da uğurla həyata keçirilən müstəqil xarici siyasət kursunu aparmaq imkanının mühüm amilidir. Məhz bu imkanlar Azərbaycan iqtisadiyyatının özü-özünü təmin etməyə və kənardan heç bir dəstəyə ehtiyac olmadığını təmin edir. Son 20 il ərzində Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) 3 dəfədən çox artıb. Yoxsulluğun səviyyəsi təxminən 50 faizdən 5 faizə enib. Xarici borc ÜDM-in 9 faizindən aşağı səviyyəsindədir və ildən-ilə azalır. Azərbaycanın valyuta ehtiyatları xarici borcu 10 dəfə üstələyir. Hazırda ölkəmizin qarşısında duran başlıca məsələlərdən biri ixracın şaxələndirilməsidir. Azərbaycan iqtisadiyyatının böyük hissəsi artıq qeyri-xammal sektorunda formalaşır”.