Prezident İlham Əliyevin Litvaya rəsmi səfəri, keçirilən görüşlər, verilən bəyanatlar mühüm əhəmiyyət kəsb edir. Sözsüz ki, Azərbaycan-Litva münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır. İki ölkə arasında çox fəal siyasi dialoq mövcuddur. Eyni zamanda ölkələrimiz arasında siyasi müstəvidə əldə edilmiş razılaşmalar digər sahələrə də öz müsbət təsirini göstərir.
Bunu Siyasetinfoya YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, ölkə başçısının bu səfəri də əməkdaşlığın genişləndirilməsi baxımından önəmli olacaq: “Hər iki ölkə arasında müxtəlif sahələr üzrə o cümlədən iqtisadiyyat, ticarət və siyasi səviyyədə münasibətlər inkişaf edir. Bununla yanaşı biznes qurumlarının birgə fəaliyyəti ticarət dövriyyəsinin artırılması da qarşıdakı hədəflər sırasındadır. Hər iki tərəf bu məsələlərin inkişafında maraqlıdır. Litva prezidenti Gitanas Nausedanın keçən ilin may ayında Azərbaycana rəsmi səfəri çərçivəsində Bakıda Litva-Azərbaycan biznes forumu keçirilməsi bu istiqamətdə əlaqələrin daha da genişlənməsindən xəbər verir”.
Deputat həmçinin Prezidenti İlham Əliyevin Litvaya rəsmi səfəri zamanı mətbuatda verilən birgə bəyanatda bir sıra məqamlara toxunub: “Dövlətimizin başçısı Azərbaycan torpaqlarının uzun illər ərzində – 30 ilə yaxın Ermənistanın işğalı altında qaldığını bildirib. Bir milyon azərbaycanlının bu işğal nəticəsində öz doğma torpaqlarından didərgin düşdüyü qeyd edilib. İşğal dövründə ərazilərdə bütün infrastruktur, binalar, o cümlədən tarixi abidələrin işğalçılar tərəfindən dağıdılıb, məhv edildiyini vurğulanıb. II Qarabağ müharibəsi nəticəsində Azərbaycan özünün tarixi torpaqlarını azad edib. Müharibədən sonra isə Azərbaycan Ermənistana sülh təklif edib. Beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq təsbit edilmiş sülh konsepsiyası nəticə etibarilə Cənubi Qafqaza uzunmüddətli sabitlik gətirəcəyi birmənalıdır”.
Millət vəkili Azərbaycan-Litva münasibətlərinin ikitərəfli əməkdaşlıqla yanaşı Avropa İttifaqı ilə ölkəmiz arasında əlaqələrin inkişafında rolundan bəhs edib: “Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Azərbaycan təbii qazının Avropa bazarlarına nəql edilməsi ilə bağlı çox ciddi addımlar atılır. İxrac edilən qazın həcmi ildən-ilə artırılır. Bununla yanaşı perspektivli əməkdaşlıq istiqaməti sahəsində də ciddi hədəflər mövcuddur. Bu mənada Litvada və Azərbaycanda bərpaolunan enerji növlərinin yaradılması ilə də bağlı olan işlər paralel şəkildə aparılır. Həm Litvada, həm Azərbaycanda bu sahəyə çox böyük diqqət göstərilir”.
Komissiya sədri vurğulayıb ki, Qitələri birləşdirən Avrasiya qitəsində daha rahat nəqliyyat-kommunikasiya imkanlarını yaratmaq üçün ölkələrimizin üzərinə böyük vəzifələr düşür: “Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcmi ildən-ilə artır. Mövcud müasir infrastruktur buna imkan yaradır. Xəzər dənizi ilə Cənubi Qafqazı Baltik dənizi ölkələri ilə birləşdirən nəqliyyat marşrutları mövcuddur. Birgə səylərlə həmin birləşmə layihələrini həyata keçirərək bu sahədə də uğurlu əməkdaşlığa nail olmaq mümkündür”.
Sevinc Hüseynova ötən ilin iyulunda Avropa Komissiyası və Azərbaycan arasında Enerji sahəsində Strateji Tərəfdaşlıqla bağlı Anlaşma Memorandumunu imzalanmasına diqqət çəkib: “Məhz bu razılaşma əsasında 2027-ci ilə qədər Avropaya təbii qaz təchizatının iki dəfə artırılması planlaşdırılır. Sözsüz ki, Avropanın etibarlı təchizatçısı kimi Azərbaycan bu gün neft, təbii qaz və elektrik enerjisi ixrac edir. Ölkəmiz hidrogeni, o cümlədən yaşıl hidrogeni ixrac etməyi planlaşdırır. Logistika, şəbəkələr və daşımalar sahəsində də böyük əməkdaşlıq potensialı var. Bütün bunlar onu deməyə əsas verir ki, Avropanın enerji xəritəsi Azərbaycanın təşəbbüsləri sayəsində kəskin şəkildə dəyişib”.