Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti ilə Ermənistan baş naziri arasında Brüsseldə baş tutan görüşdə vacib məsələlər müzakirə edildi. Bu formatda sayca beşinci dəfə baş tutan görüş regionda sülhün təmin olunması istiqamətində növbəti addım hesab edilir. Artıq bütün dünya, o cümlədən aparıcı beynəlxalq təşkilatlar qəbul edir ki, regionda yeni bir reallıq yaranıb. Cənubi Qafqaz regionunda isə bu reallığın müəllifi Prezident İlham Əliyevdir.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət Ibrahimqızı deyib.
O qeyd edib ki, regionda yeni reallıqların müəllifi Azərbaycan Prezidentidir: “Bu gün Azərbaycan postmünaqişə mərhələsinin ümumi geosiyasi mühitinin formalaşmasında əsas söz sahibi olan ölkədir. Məhz bu konteksdə Azərbaycan regional əməkdaşlıq, sabitlik və inkişaf üçün vacib təşəbbüslərlə çıxış edir. Bu mənada Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması, sərhədlərin müəyyənləşdirilməsi olduqca vacibdir. Eyni zamanda regional əlaqələrin formalaşması baxımından kommunikasiya xəttlərinin qurulması mühüm əhəmiyyət kəsb edir. Ölkəmizin ortaya qoymuş olduğu konsepsiya Zəngəzur dəhlizinin açılması fonunda regional əməkdaşlığı təşviq edir. Məhz bu reallıqlar Brüssel görüşü və onun nəticələrinə marağı artırmış olub”.
Deputat hesab edir ki, Azərbaycan hər zaman sülh tərəfdarı olub: “Dövlətimizin başçısı II Qarabağ müharibəsi başa çatandan, hərbi əməliyyatlar bitdikdən sonra artıq münaqişənin bitdiyini, Azərbaycanın sülh və təhlükəsizlik fonunda yeni səhifə açmağa hazır olduğunu bəyan edib. Brüsseldə keçirilmiş üçtərəfli görüşün nəticəsi olaraq Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin səsləndirdiyi bəyanatda da məhz Azərbaycanın bu mövqeyi açıq şəkildə ehtiva edilib. Həmin bəyanatda əks olunduğu kimi, görüş zamanı post-münaqişə mərhələsində bölgənin inkişafı ilə bağlı Azərbaycanın hər zaman çıxış etdiyi prinsiplər, o cümlədən tərəflər arasında sülh və etimadın təşviq olunması üçün humanitar addımların davam etdirilməsi, iki dövlətin sərhədinin delimitasiya və demarkasiyası üçün konkret addımların atılması, nəqliyyat və kommunikasiyaların açılması məsələləri geniş müzakirə olunub”.
Millət vəkilinə görə, Avropa İttifaqının proseslərə dəstək verməyə hazır olduğunu bəyan etməsi olduqca vacibdir: “Bu baxımdan da Ş.Mişelin Naxçıvana və əks istiqamətdə dəmir yolu nəqliyyatının təmin edilməsi məsələsində yaxınlaşma olduğunu bəyan etməsi xüsusi ilə qeyd edilməlidir. Bu, müsbət haldır. Ermənistan növbəti dəfə razılaşmalara zidd addım atmasa dəmiryolunun bərpası ilə Naxçıvan blokadadan çıxmış olacaq”.
Məlahət İbrahimqızı Ermənistanın Brüssel formatına Fransa prezidenti Emanuel Makronu cəlb etmək istəyinə da münasibət bildirib: “Ermənistanın bu istəyi iflasa uğradı. Fakt odur ki, buna görə. Brüssel formatındakı görüşlərdə müəyyən fasilə yarandı. Çünki ötən ilin dekabrında görüş nəzərdə tutulsa da, erməni tərəfinin Fransa prezidentini formata daxil etmək cəhdləri səbəbindən bu pozulmuşdu. Fransa prosesdə açıq-aşkar Ermənistanın tərəfini tutur və Azərbaycana qarşı qəzəzli mövqe sərgiləyirdi. Prezident İlham Əliyevin də vurğuladığı kimi belə olan halda Fransa Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesində səmimi vasitəçi ola bilməz. Məhz bu reallıq onu göstərir ki, son Brüssel görüşü Azərbaycanın prinsipial mövqeyi nəzərə alınmaqla baş tutub. Burada digər mühüm fakt Avropa İttifaqının Azərbaycanın müəyyənləşdirdiyi gündəliyi, reallıqları qəbul etməsi ilə bağldır. Ümumilkdə, Avropa İttifaqının vasitəçilik səyləri müsbətdir. Bu format Cənubi Qafqazda sülh, təhlükəsizlik və əməkdaşlığın təmin olunması istiqamətində vacib addımdır. 44 günlük Vətən müharibəsindən ötən üç ilə yaxın müddətdə Prezident İlham Əliyevin Ermənistanın baş naziri ilə istər rəsmi Moskvanın, istərsə də rəsmi Brusselin vasitəçiliyiyi ilə ikitərəfli və üçtərəfli görüşlərdə, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesində dövlətimizin və dövlət başçımızın mövqeyi və prinsipləri dəyişməz olaraq qalır”.