14 mayda qardaş Türkiyədə keçirilən seçkilər dünyaya bir daha türk xalqı və onun dövlətinin demokratik dəyərlərə necə sadiq olduğunu sübut etdi. Ona görə də, bu seçkini, bir demokratiya bayramı, demokratiya festifalı da adlandırmaq olar. Dünyada hətta guya ən demokratik dövlət sayılan ölkələrdə belə bu qədər seçici fəallığı, iştirakı və azad, şəffaf seçki keçirilməyib. Bu seçki türkofobiyanın mövcud olduğu ölkələrə, eləcə də təşkilatlara, mətbuata bir növ demokratiya dərsi oldu.
Siyasətinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı Məlahət İbrahimqızı qardaş Türkiyədəki seçkilərin nəticələrini şərh edərkən deyib.
O qardaş ölkədə keçirilən prezident və parlament seçkiləri ilə bağlı vətənlərindən kənarda yaşayan Türkiyə vətəndaşlarının səsverməsi ilə bağlı məsələlərə diqqət çəkib: “Belə ki, Türkiyə Cumhuriyyəti YSK-a açıqlamalarında xarici ölkələrdə işləyən və yaşayan türk vətəndaşların səsverməsi haqqında məlumat verilmişdi. Burada diqqətçəkən məqamlardan biri o idi ki, Azərbaycanda olan səsvermə hüquqlu təxminən on bir minə yaxın türk vətəndaşı-seçicisi olsa da, Türkiyə Cumhuriyyətinin Bakıdakı Konsulluğunda təşkil edilmiş səsvermədə onların yarıdan bir az çoxu səsvermədə iştirak edib. Bildiyim qədər onların az bir qismi Türkiyədə səsverməyə gediblar, amma qalanları səsverməyə gəlməyiblər. Çox təəssüf ki, onların içərisində bir çoxu cənab Rəcəb Tayyib Erdoğanın seçilməsinin təkcə Türkiyə, Azərbaycan, Türk dünyası, eləcə də İslam dünyası üçün vacib prinsip kimi qəbul olunduğunu bilsələr də buna laqeyd yanaşıblar. Çox təəsüf ki, onlar Azərbaycanı Türk dünyası xəritəsindən kənar hesab edən, Türk dünyası üçün strateji əhəmiyyətli olan, xüsusən Azərbaycanla Türkiyəni birləşdirən Zəngəzur dəhlizini inkar edən CHP-nin başqanına və ya erməni terrorçuları ilə iş birliyində olan HDP-yə səs veriblər”.
Millət vəkili hesab edir ki, Türkiyə vətəndaşı olan seçicilər Azərbaycanda yaşayıb burada çörək pulu qazanırlar: “Onlar Azərbaycan xalqının eləcə də Prezident İlham Əliyevin hörmətli Rəcəb Təyyib Ərdoğanı dəstəkləyən fikirlərinə bələdirlər. Amma bu adamlar nədənsə, “Cumhurittifaqının” namizədlərinə səs verməyiblər: “Sözsüz ki, bu demokratiya və ya soz azadlığı deyil. Bu açıq-aşkar Azərbaycan dövlətinin Prezidentinin və Azərbaycan xalqının iradəsinə qarşı hörmətsizlikdir. Necə ki, Unal Çevikgöz kimi siyasətçilər 44 günlük Vətən Müharibəsində ermənipərəst mövqe sərgilədi, indi də bu insanlar hətta Azərbaycanın milli maraqlarını və Azərbaycan ictimaiyyətinin mövqeyini belə nəzərə almadılar. Ona görə də, hesab edirəm ki, onların kimliyini ictimaiyyət bilməlidir. Çünki bu gün dünyada baş verən qlobal təhlükələr fonunda hər kəsin düşüncəsində “Türkiyə, Türk dünyası, Müsəlmanlar üçün səs verək” fikri hakim olmalıdır”.