
“Qardaş Yumruğu” adı altında Azərbaycan-Türkiyə hərbi təlimləri iki ölkənin birliyinin, qardaşlığının açıq tərənnmü idi. Artıq Azərbaycan– Türkiyə Ordusu vahid bir Ordu kimi özünün gücünü, mövqeyini ortaya qoyur. Keçirilən hərbi təlimlər də Silahlı Qüvvələrin döyüş qabiliyyətini, müasir silahlarla davranış qaydalarını, qarşılıqlı sürətdə əlaqələndirmə kimi vərdişlərin aşılılanmasına xidmət edir.
Bunu Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
O hesab edir ki, Azərbaycan və Türkiyə Ordusunun hərbi təlimləri ardıcıl olaraq icra edilir: “Bu təlimlər hər iki ölkədə keçirilir. Dünyada özünün döyüş qabiliyyətinə və gücünə görə seçilən NATO-nun ikinci ən güclü ordusu sayılan qardaş Türkiyə Silahlı Qüvvələrinin təcrübəsi Azərbaycan Ordusu üçün olduqca önəmlidir. II Qarabağ müharibəsindən sonra Ali Baş Komandanın elan etdiyi kimi artıq Azərbaycan Ordusu Türkiyə Silahlı qüvvələri sisteminə uyğun formalaşıb. Bu mənada keçirilən birgə hərbi təlimlər də mühüm əhəmiyyətə malikdir”.
Deputat deyib, II Qarabağ Müharibəsindən zəfərlə çıxan, özünün döyüş taktikası ilə dünya hərb sisteminə adını yazdıran Müzəffər Ordumuz bu gün istənilən təhdidlərə layiqli cavab verməyə qadirdir: “Vətən müharibəsindən sonra Ermənistanın davranışları bir neçə əl atdığı təxribatlar və aldığı cavablar Azərbaycan Ordusunun müharibədən sonra daha da gücləndiyini təsdiq edir. Bu ilin 12-14 sentyabr tarixlərində Ermənistanın Kəlbəcər-Laçın istiqamətində təxribatlarına sarsıdıcı cavab verən Müzəfər Ordumuz döyüş qabiliyyətini hər gün artırır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimiz günü-gündən inkişaf edir. Ordumuzun arsenalına ən müasir silah-sursat daxil edilir”.

Könül Nurullayevaya görə, qardaş Türkiyə ilə birlikdə Ordumuzun keçirmiş olduğu hər təlimlər eyni zamanda Ermənistana və ona havadarlıq etmək niyyətində olan İran kimi dövlətlərə də açıq bir mesaj idi: “Çünki Vətən Müharibəsindən sonra İran Azərbaycanla sərhəddə iki hərbi təlim keçirib. Azərbaycan-Türkiyə Ordusunun İranla sərhəddə, Araz çayı sahilində və bir neçə istiqamətdə təşkil etidiyi hərbi təlimlər burada bütün qoşun növlərinin iştirakı, nümayiş edilən hərbi texnikalar İrana, Ermənistana və Fransa kimi məkirli niyyətində olan qüvvələrə verilən vacib mesaj hesab olunur. 2001-ci ildə İranın Xəzərdə Azərbaycana qarşı açıq təhdidinə cavab “Türk şahinləri” Bakı səmasında Azərbaycanın heç də tək olmadığını qarşı tərəfə bildirmişdi. Yəqin ki, Iran son hərbi təlimlərdən bu mənada özü üçün lazım olan nəticəni çıxarıb”.