İranın Ermənistanı silahlandırması, imzaladıqları silah sövdələşməsi Tehran rejiminin Azərbaycana qarşı atdığı növbəti düşmənçilik addımıdır. Molla rejimi hər zaman Ermənistana dəstək olub. Ermənistanın ərazi bütövlüyünü özünün “qırmızı xətti” adlandıran Tehran respublikası müsəlmanların qanına susamış, İslam dəyərlərini təhqir etmiş, barbacasına dağıtmış bir ölkəyə qucaq açır.
Bunu Siyasetinfoya Yeni Azərbaycan Partiyasının təftiş komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, Azərbaycanın öz torpaqlarını azad etməsi Tehran rejiminin bəd niyyətlərini puç edib: “Çünki bu ərazilər İran üçün münbit narkotik və silah qaçaqmalçılığı marşrutu idi. Məhz bu “yolun” bağlamasından sonra Tehranın Azərbaycana qarşı indiyədək gizli apardığı düşmənçilik siyasətini artıq açıq müstəviyə keçib. Bu mənada İranın Ermənistana hədiyyə etdiyi bu raketləri İrəvanın hansı dövlətə qarşı istifadə edəcəyi də sirr deyil. İslam dövləti terrorçu, müsəlmanlara qarşı soyqırım etmiş Ermənistanı müsəlman Azərbaycana qarşı silahlandırır. Bu yalnız terrora açıq dəstək kimi başa düşülə bilər”.
Deputat hesab edir ki, İran bu raketlərin Ermənistan tərəfindən məhz Azərbaycana qarşı istifadə oluna biləcəyini bilə-bilə onları hədiyyə edir: “Bu o deməkdir ki, sabah yaralanan və ya şəhid olan hər bir azərbaycanlının qanı həm də özünü “islam respublikası” adlandıran İranın əlində olacaq. 44 günlük müharibə zamanı da İranın xain və düşmən addımlarını heç kəs unutmayıb. Vətən müharibəsi zamanı Azərbaycan hərbi bölmələrinin mövqelərinin geolokasiyanı erməni tərəfinə ötürülməsi ilə İran özünün düşmənçilik mövqeyini nümayiş etdirib”.
Sevinc Hüseynova deyib ki, bu gün adında “İslam” sözü olan bir dövlətin yenidən Ermənistana hücum silahı verməsi İran rejiminin əsl mahiyyətini ortaya qoyur.