İran qonşuluğunda güclü qalib qüdrətli inkişaf edən, modern Azərbaycanın olmasını istəmir. Gerilikçi və məkirli siyasi xəttindən çıxa bilməyən İran rejimi öz vətəndaşlarına qarşı da amansız davranış sərgiləyir. Tehran respublikası bu gün ölkədə baş qaldıran aksiyaları amansızlıqla yatırmaqla insan hüquq və azadlıqlarını kobud şəkildə pozur. Bu mənada Molla rejiminin Azərbaycanla bağlı sərgilədiyi mövqe qərəzdən başqa bir şey deyil.
Bunu Siyasetinfoya Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
O hesab edir ki, Tehran respublikası özünü regionda hansısa xüsusiyyətlərinə görə, üstün tutmağa çalışsa da reallıqda tamam başqa mənzərə mövcuddur: “Özünü İslam dünyasının “hamisi” kimi qələmə verən Molla rejimi müsəlmanlara qarşı amansız divan tutulan zaman nədənsə, gözləri reallığı görməz olub. I Qarabağ müharibəsi dövründə Ermənistan tərəfindən müsəlmanlar, azərbaycanlılar soyqırıma, etnik təmizləməyə məruz qalanda Tehran rejimi bir dəfə də olsun qucaq açdığı erməni hərbi canilərinə bununla bağlı reaksiya verməyib. Bu gün İranda mövcud olan xunta rejimi, fars, molla üsul-idarəçilyi dindən ancaq öz maraq və məqsədləri üçün istifadə edir”.
Deputat bildirib ki, öz vətəndaşını heç bir dəlil, fakt olmadan qaldırıcı qurğularla edama məruz qoyan Tehran rejiminin Azərbaycana qarşı absurd mövqedən çıxış etməyə ən azı mənəvi haqqı çatmır: “Özünü Ermənistana “arxa-dayaq”, “qardaş” hesab edən Molla rejimi II Qarabağ müharibəsindən sonra Azərbaycana daha aqressiv siyasət sərgiləyir. 30 ilə yaxın Azərbaycan əraziləri Ermənistan tərəfindən işğalda olduğu müddətdə İran sərhəddə bir dəfə də olsun hərbi təlim keçirməyib. Amma Azərbaycan İranla 132 km-lik sərhəd xəttini bərpa edib erməni işğalçılarını bu ərazidən qovduqdan sonra Tehran respublikası ölkəmizlə sərhəddə Araz çayı sahilində iki dəfə hərbi təlim keçirib. Əslində molla rejiminin bu təlimləri də gülünc mənzərələrlə yadda qaldı. Təlimdə öz-özünü vuran İran ordusu Azərbaycana heç bir hədə qorxu gələ bilməz. Çünki İran düşünməlidir ki, bu gün qalib, müasir orduya malik Azərbaycan qardaş Türkiyə ilə birlikdə regionda yeni arxitektura formalaşdırır. Yaxşı olardı ki, İran yeni formalaşan konfiqurasiyaya qarşı çıxmaqdansa, özünün inkişafı üçün addımlar atsın”.
Sədaqət Vəliyevaya görə, Zəngəzur dəhlizinin açılmasına maneə olmağa çalışan İran bu istəyinə nail ola bilməyəcək: “Çünki bu yeni reallığın zəruri bir meqa layihəsidir. Orta Dəhliz kimi qlobal layihənin tərkib hissəsi olan Zəngəzur dəhlizi reallaşacaq. İran rejimi isə qorumağa çalışdığı Ermənistanla bütün regional və qlobal layihələrdən kənarda qalacaq.
Bu gün Azərbaycan xalqı İranın bir qonşu dövlət kimi davranışlarını diqqətlə izləyir. Çünki biz I Qarabağ müharibəsində də İranın işğalıçı Ermənistana necə yardım etməsinin şahidi olmuşuq. Şuşanın işğalı ilə bağlı faktı Azərbaycan xalqı unutmayıb. Çünki İran xüsusi xidmət orqanları həmin vaxt ASALA terror təşkilatına, xüsusən də terrorçu Monte Melkonyana Azərbaycan ərazilərini işğal etməkdə, xalqımıza qarşı amansızlıqla divan tutmaqda köməklik göstərib.
Amma indi Qarabağ, Şuşa azaddır. Artıq işğaldan azad edilən ərazilərdə iki beynəlxalıq aeroport istifadəyə verilib. Qardaş Türkiyə Vətən müharibəsi dövründə olduğu kimi Qarabağın bərpasında da Azərbaycanın yanındadır. Bu birlik bölgədə gücə, inkişafa, sülhə vacib təminatdır. Bundan narahat olanlar isə atacaqları hər bir addımda Azərbaycan və Türkiyənin müttəfifq, vahid orduya malik dövlət kimi gücünü nəzərə almalıdır”.