2020-ci ilin dekabrın 10-da paytaxt Bakıda keçirilən möhtəşəm Zəfər paradı Azərbaycanın gücünün və tarixi Qələbəsinin təzahürü idi. Zəfər paradı Müzəffər Ali Baş Komandan, İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı qələbənin təntənəsi ilə yadda qaldı. 44 gün davam edən “Dəmir yumruq” hərbi əməliyyatı ilə Azərbaycan xalqı özünün milli kimliyini, dövlətimiz qüdrətini nümayiş etdirdi. Şanlı Ordumuz işğal altında olan ərazilərimizi Ermənistanın təcavüzündən azad etməklə tarixi torpaqlarımız üzərində süverenliyimizi bərpa etdi.
Bunu Siyasetinfoya Yeni Azərbaycan Partiyasının təftiş komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, 30 il həsrətində qaldığımız Vətən torpaqlarında artıq üçrəngli Azərbaycan bayrağı dalğalanır: “Bu hər birimizə böyük qürur və fəxarət hissi yaşadır. Sözsüz ki, Zəfər paradında nümayiş etdirilən hərbi texnikalar, döyüş silahları, müasir hərbi avadanlıqlar Ali Baş Komandan Prezident İlham Əliyev tərəfindən hərbi sahəyə göstərilən diqqət və qayğının nəticəsi idir. Ordumuzun maddi-texniki bazasının zənginliyi, istifadəsində olan texnika və silah-sursatın bir hissəsi paradda əyani şəkildə nümayiş etdirildi. Hər kəs Azərbaycan Ordusunun arsenalının müasir silahlarla təchiz edildiyinin şahidi oldu”.
Deputat bildirib ki, ölkəmizin Vətən müharibəsi zamanı göstərdiyi döyüş taktikası, istifadə olunan texnikalar bütün dünyada maraqla izlənilirdi: “Bu gün iftixarla deyə bilərik ki, Azərbaycan Ordusu hərbi əməliyyatlar zamanı ən yüksək səviyyədə innovativ yenilikləri tətbiq edən ordu oldu. Vətən müharibəsində apardığımız azadlıq mübarizəsi zamanı silah-sursatını qoyub qaçan, fərarilik edən işğalçı Ermənistan ordusuna məxsus xeyli texnika və silah-sursat hərbi qənimət olaraq götürüb. Döyüşlərdə Ermənistan silahlı qüvvələrinə məxsus hərbi texnikanın xeyli hissəsi məhv edilib, saz vəziyyətdə ələ keçirilənləri isə qənimət olaraq Azərbaycan Silahlı Qüvvələrinin sərəncamına verilib. Bakının Azadlıq meydanından keçən hərbi texnikaların sırasında vaxtilə Ermənistana məxsus olan texnikaların da yer alması sevindirici məqam idi. Bu, hər birimizdə milli qürur və iftixar doğururdu. Azərbaycan xalqı qardaş Türkiyə ilə birlikdə Bakının Azadlıq meydanında möhtəşəm Qələbənin Zəfər paradını keçirərkən dünyaya birlik mesajı vermiş oldu. Türkiyə prezidenti çox hörmətli Rəcəb Tayyib Ərdoğanın ölkəmizə səfəri və Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə Zəfər paradını izləməsi, həmçinin ölkələrimiz arasında müxtəlif sahələrə dair bir sıra mühüm sənədlərin imzalanması Azərbaycanla Türkiyə arasındakı dostluq və qardaşlığın əyani təzahürü idi. Sözsüz ki, “Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi oldu. Çünki bu, Zəfər paradı olmaqla yanaşı tarixi hadisə idi. Ölkəmizin müasir tarixində möhtəşəm və unudulmaz hadisə Vətən müharibəsində Azərbaycanın qələbəsi şərəfinə 2020-ci il dekabrın 10-da Bakının Azadlıq Meydanında keçirilmiş Zəfər paradında 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı türk əsgər və zabitləri iştirak etməsi mühüm əhəmiyyət kəsb edirdi. Paradda yerli və xarici rəsmi qonaqlar, diplomatik korpusun nümayəndələri də iştirak edib”.
Millət vəkili deyib ki, tarixi Zəfərimizin rəmzi olaraq Şuşa şəhərinin azad edilməsindən sonra qəhrəman hərbçilərimiz tərəfindən şəhər üzərində ucaldılan Zəfər bayrağının parada gətirilməsi qürurverici hadisə idi: “Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəsinə həsr olunmuş Zəfər paradında 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdirilib. Həmçinin, müharibə zamanı qənimət kimi ələ keçirilmiş Ermənistan Silahlı Qüvvələrinə məxsus hərbi texnikanın bir qismi nümayiş olunub”.
Sevinc Hüseynova vurğulayıb ki, 44 günlük müharibənin hər günü şanlı tarixdir: “Hər gün Azərbaycan Ordusu irəli gedirdi, yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. Bu eyni zamanda vətənpərvərliyin və əsgər andına sadiqliyin təcəssümü idi. Azərbaycan Ordusunda bir dənə də fərari olmadı. Yaralı əsgər və zabitlərimiz hərbi hospitallarda, xəstəxanalarda həkimlərdən xahiş edirdilər ki, “bizi tezliklə sağaldın, biz qayıdaq döyüş meydanına, biz öz missiyamızı başa vurmalıyıq”. Sözsüz ki, Vətən müharibəsində Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini məhv etməyib. O Erməni mifini də məhv etdi. Cəmi 44 gün ərzində Ermənistan ordusu darmadağın oldu. Hərbi texnikası, canlı qüvvəsi sıradan çıxarıldı. Azərbaycan Ordusu döyüş meydanında öz gücünü, qüdrətini göstərdi. Ermənistan ordusu eyni zamanda mənəvi məğlubiyyətə uğradı. Buna missal kimi müharibə dövründə Ermənistan ordusunda 10 mindən çox fərarinin olması faktını göstərmək olar.
Eyni zamanda qardaş Türkiyə müharibənin ilk saatından sona kimi yanımızda oldu. Bu mənada Azadlıq Meydanında keçirilən Zəfər Paradı eyni zamanda iki qardaş dövlət arasında sarsılmaz münasibətlərinin rəmzi hesab edilir. Zəfər paradında Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı mühüm tarixi hadisə idi. İki ölkə rəhbərinin paradı birgə qəbul etməsi beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesajdır. Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçməsi xalqımızın tarixində əbədi qalacaq qürurverici hadisə oldu”.