
Prezident İlham Əliyevin Salyan və Neftçala rayonlarına səfərləri bir sıra obyektlərin açılışı, müasir standartlara cavab verən xidmət sahələrinin vətəndaşların ixtiyarına verilməsi ilə yadda qaldı. Ümumiyyətlə ölkə başçısının bölgələrə hər səfəri zamanı mühüm infrastruktur layihələrinin icrası, yeni iş yerlərinin və sosial obyektlərin açılışı edilir. Bu baxımdan Azərbaycan Prezidentinin bölgələrimizə səfəri ölkəmizin hər bir diyarında yaranmış canlanma, inkişaf və yeni yanaşmaların ortaya qoyulması ilə müşahidə edilir.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində bir çox məsələlərə toxunub: “Qarşıda duran vəzifələr və ötən dövrdə icra edilmiş məsələlərlə bağlı Azərbaycan Prezidenti tərəfindən müfəssəl məlumatlar verilib. Ölkəmizin başçısı Azərbaycanın regionda və qlobal miqyasda yaratmış olduğu reallıqdan bəhs edib. Sözsüz ki, hazırda Azərbaycan sülh müstəvisində apardığı prosesə yeganə maneənin Ermənistanın növbəti dəfə qeyri-konstruktiv mövqeyinin olduğu vurğulanıb. Həmçinin ölkə başçısı ötən dövrdə baş verən prosesləri təhlil etməklə yanaşı qarşıda dayanan hədəf və prioritetlərdən danışıb. Təbii ki, bu gün əsas hədəf regionda sülhün təmin olunması ilə yanaşı işğaldan azad edilmiş ərazilərimizdə böyük vüsət almış quruculuq-bərpa işlərinin icra vəziyyətidir”.
Millət vəkili II Qarabağ müharibəsində Müzəfər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə edilən tarixi Zəfərin Azərbaycanın yeni reallıqda qalib dövlət kimi bundan sonrakı inkişafının xarakterik cəhətlərindən bəhs edib: “Müharibədən qalib çıxmasına baxmayaraq, Azərbaycan bölgədə daimi sülhün təminatı üçün Ermənistana beynəlxalq hüququn prinsiplərinə uyğun sülh konsepsiyası təqdim edib. Bu mənada Azərbaycan tərəfindən irəli sürülmüş təşəbbüslər bu gün əsas amil kimi qəbul edilir. Çünki işğala, erməni vəhşiliyinə, barbarlığına baxmayaraq, məhz Azərbaycan Ermənistana sülh müqaviləsi təklif etməklə özünün sülhə sadiq olduğunu nümayiş etdirib. Sülh konsepsiyasında təklif edilən 5 bənd beynəlxalq hüququn norma və prinsiplərinin əsasını təşkil edir. Məhz bu konteksdə hər iki ölkə özünün suverenliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığını təmin edə bilər. Ona görə də, ikitərəfli danışıqlarda da əsas prinsiplər bu istiqamətdə aparılır. Eyni zamanda bu gün 1991-ci ildə imzalanmış Alma-Ata Bəyannaməsi əsasında sülh müqaviləsi imzalamağa hazır olduğunu bəyan edən Ermənistan digər vacib məsələlərə və şərtlərə dair də öhdəlik götürməlidir. Ermənistan açıq şəkildə Qarabağın Azərbaycan ərazisi olduğunu bəyan etməlidir”.
Məlahət İbrahimqızı ölkə başçısının Qarabağ ətrafında spekulyasiya etmək istəyən dairələrə də açıq şəkildə mesaj verdiyini bildirib: “Qarabağ Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan, qəbul edilən ərazi bütövlüyünü içərisindədir. Ona görə də, bu ərazi ilə bağlı kimlərinsə öz rakursunda xəyal qurması belə absurd məsələdir. Azərbaycan bu ərazilərin əsl sahibidir. II Qarabağ müharibəsindən sonra Azərbaycan burada Ermənistan tərəfindən 30 ildə dağıdılmış, viran qoyulmuş ərazilərdə quruculuq-bərpa işləri icra edir. Artıq Böyük Qayıdış konsepsiyasına uyğun olaraq dövlət proqramının icrası yüksək səviyyədə yerinə yetirilir. Bu da yaxın zamanda Qarabağın yenidən cənnət-məkan bir diyara çevriləcəyini təmin edəcək. Eyni zamanda bu reallıq ərazinin əsl sahibinin kim olduğunu, burada başqa bir qüvvələrin heç bir iddia ilə çıxış etməyə mənəvi haqqının çatmadığının əyani göstəricisidir. 44 günlük Vətən müharibəsində işğaldan azad olunan ərazilərə Böyük Qayıdışın ilk müjdəsi olan Ağalı kəndinə və Talış kəndinə buranın əzəli-əbədi sakinləri geri qayıdıb. Prezident İlham Əliyevin rəhbərliyi və bilavasitə nəzarəti ilə işğaldan azad olunmuş ərazilərdə Böyük Qayıdış üçün bütün zəruri işlər yüksək səviyyədə icra edilir. Dövlətimizin başçısı mütəmadi olaraq işğaldan azad olunmuş ərazilərdə olur.
Təbii ki, hazırda bu ərazilərdə yaşayış evləri, sosial, yol-nəqliyyat, iqtisadi infrastrukturlar sürətlə bərpa edilir. Ərazilərin bərpası, quruculuq işləri ən müasir texnologiyalar əsasında həyata keçirilir. Sevindirici haldır ki, Laçın şəhərində də geniş quruculuq-bərpa işləri gedir və bu il Laçın şəhəri ilə yanaşı, Zabux və Sus kəndlərinə də keçmiş köçkünlər qayıdacaq. Görülən bütün bu işlər Qarabağ və Şərqi Zəngəzurun qısa bir zamanda cənnətə çevriləcəyinin əyani təzahürüdür”.