Müasir hərb tariximizdə Aprel döyüşlərinin xüsusi yeri var. 4 günlük Aprel döyüşləri 1994-cü ilin Horadiz Əməliyyatından sonra Azərbaycan Ordusunun Qarabağda işğalçı Ermənistana qarşı həyata keçirdiyi ən böyük və təsirli əks-hücum əməliyyatı idi. Azərbaycan ərazilərini işğalda saxlamaqla təcavüzkar Ermənistan təxribatlardan da əl çəkmirdi. 2016-cı ilin aprelində baş vermiş 4 günlük döyüş əməliyyatı da məhz Ermənistanın təxribatlarına cavab olaraq başladı. Aprel döyüşlərində qədər öz ordusu haqqında “miflər” formalaşdıran, “keçilməz sədlər” yaradan Ermənistanın bu tabuları darmadağın oldu. Güclü Azərbaycan Ordusu Ermənistanın bu sədrlərini aşıb keçdi. Ermənistan ordusu güclü Azərbaycan Silahlı Qüvvələri qarşısında dayana bilmədi və qaçmağa məcbur oldu.
Bunu Siyasetinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, şanlı Aprel qələbəsi Azərbaycan xalqının inamını və ümidlərini özünə qaytarmaqla yanaşı, düşmənin illərdir formalaşdırdığı guya “məğlubedilməz erməni ordusu” mifini də yerlə yeksan etdi və böyük qələbənin başlanğıcı oldu: “Azərbaycan Ordusu şanlı Aprel qələbəsi nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad edib. Strateji əhəmiyyətli Lələ Təpə yüksəkliyinə Ordumuz tam nəzarəti ələ aldı. Ordumuzun Ermənistanın təxribatlarına cavab olaraq həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində yaranan rezonans Ermənistanın hərbi-siyasi rəhbərliyinin içərisində dərin çatların əmələ gəlməsinə gətirib çıxardı. Aprel döyüşlərində qazanılmış hərbi-siyasi qələbənin təsirlərini bu gün də Ermənistanda müşahidə etmək mümkün olur”.
Millət vəkili hesab edir ki, Aprel qələbəsi, Azərbaycan Ordusunun, əsgər və zabitlərinin döyüş ruhunu təzahür etdirdi: “Azərbaycan xalqının mübarizə əzminin güclü olduğunu sübut etdi. Ölkəmizdə milli birliyin sarsılmazlığını, düşmənə qarşı vahid mövqenin ortaya qoyulmasını şərtləndirdi. Eyni zamanda Aprel döyüşləri nəticəsində Ermənistanın işğal siyasəti bir daha bütün dünyaya nümayiş olundu. Bütün bunların fonunda Azərbaycanın işğal faktı ilə barışmadığını, gec, ya da tez bu təcavüzə istənilən yolla son qoymaq iqtidarını qətiləşdirdi. Lələ Təpədən ucalan şanlı Bayrağımız sonrakı Zəfər yürüşümüz üçün dayaq nöqtəsi oldu”.
Məlahət İbrahimqızı bildirib ki, Vətən müharibəsində Azərbaycan Ordusu 44 gündə Ermənistana tarixdə heç vaxt unutmayacağı bir dərs verdi: “90-cı illərin əvvəllərində Azərbaycanda yaranmış xaosdan istifadə edərək ərazilərimizi işğal edən Ermənistan 2020-ci ilin 27-i sentyabrından başlayan Zəfər Yürüşü ilə döyüş meydanında Azərbaycan xalqına qarşı törətmiş olduğu bütün hərbi cinayətlərə görə cavab verməli oldu. İşğalçı hərb meydanında darmadağın oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Ordumuz şanlı bayrağımızı tarixi Şuşa qalasında qələbə münasibəti ilə dalğalandırdı. Təcavüzkar 2020-ci ilin 10 noyabrında kapitulyasiya aktına imza atmaqla Azərbaycanın qələbəsini qəbul etdi. Ölkəmizin beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyü dərpa edildi. 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən lokal anti-terror tədbirləri ilə Azərbaycan ərazisindən uzun on illər kök salmış separatizm yuvası darmadağın edildi. Ölkə ərazisində konstitusiya quruluşu tam bərqərar olundu. Bu gün Xankəndidə, Şuşada, Xocalıda və azad olunmuş digər ərazilərimizdə şanlı bayrağımız qələbəmizin rəmzi olaraq qürurla dalğalanır. Beləliklə, Lələ Təpədən başlanan Zəfər yürüşümüz tarixi Şuşa qalasında Şanlı qələbəmizlə başa çatdı. Bu Azərbaycan tarixinin ən şanlı və qürurlu tarixidir. Torpaqlarımızın azadlığı uğrunda canını qurban vermiş şəhidlərimizə Allah rəhmət etsin. Qazilərimizə, igidlərimizə can sağlığı arzulayırıq. Azərbaycan xalqı məhz bu qəhrəmanların canı, qanı hesabına bu gün qalib, baş dik və xoşbəxt yaşayır”.