II Qarabağ müharibəsindən sonra ölkəmizin ictimai-siyasi həyatında mühüm dəyişikliklər, islahatlar uğurlu şəkildə davam etdirilir. Bütün sahələrdə olduğu kimi siyasi islahatların həyata keçirilməsi də məhz günün tələbi idi. Ölkədə mövcud siyasi dialoq mühiti, formalaşmış demokratik yanaşmalar bu sahədə islahatların da daha da dərinləşməsini təşviq edirdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə ulu öndər Heydər Əliyevin müəyyənləşdirmiş olduğu siyasi-strateji xətt bu gün özünün ən yüksək pilləsinə çatıb. Praqmatik Lider Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili-xarici siyasət sayəsində Azərbaycan bu gün regional və qlobal miqyasda aparıcı ölkəyə, söz sahibinə çevrilib.
Bunu Siyasetinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, ölkəmizdə mövcud siyasi islahatlar da bütün sahələrdə müşahidə olunan dinamik, ardıcıl inkişafın xarakterinə uyğundur: “Sözsüz ki, son illərdə ölkəmizdə siyasi dialoqun, demokratik təsisatların inkişafı, siyasi sistemin təkmilləşdirilməsi, müasirləşdirilməsi, siyasi münasibətlərin sağlam zəmində qurulması istiqamətində mühüm addımlar atılıb. Bu mənada siyasi dialoqun təşviq olunması istiqamətində dövlətin təşəbbüsləri konstruktiv siyasi münasibətlər sisteminin möhkəmlənməsinə ciddi töhfə verib. Eyni zamanda siyasi sistemin daha da inkişaf etməsi və güclənməsi üçün siyasi münasibətlərdə sağlam müxalifətçiliyin formalaşması olduqca mühüm əhəmiyyət kəsb edir”.
Millət vəkili hesab edir ki, dövlət maraqları, dövlətçilik və müstəqilliyimizlə bağlı məsələlərdə iqtidar-müxalifət mövqeyi ola bilməz: “Çünki bu kimi məsələlər məhz Azərbaycan xalqının birliyinə, həmrəyliyinə əsaslanmalıdır. Bu gün cəmiyyətin həyatında aktiv yer alan siyasi partiyalar üzdədir. Onlara cəmiyyətdə birmənalı münasibət var. Amma hər zaman kənar qüvvələrin əlində oyuncaq olan qurumlar da sözsüz ki, mövcuddur. İndiki siyasi plüralizmin daha da dərinləşdiyi dövrdə isə dağıdıcı, radikal qüvvələrə cəmiyyətdən sərt təpkilər var. Təbii ki, siyasi dialoqun təşviq olunması “Siyasi partiyalar haqqında” yeni Qanunun əhəmiyyətini daha da artırır. Yeni Qanunun hazırlanması və qüvvəyə minməsi faktı təkcə formalaşan yeni siyasi konfiqurasiyasının təzahürü deyil. Bu eyni zamanda siyasi dialoqu təşviq edən bir prosesin başlanğıcıdır”.
Məlahət İbrahimqızı “Siyasi partiyalar haqqında” Qanun layihəsi hazırlanan zaman ictimai fikrin öyrənilməsinin əhəmiyyətinə toxunub: “Bu məqsədlə Milli Məclis tərəfindən ölkədə fəaliyyət göstərən siyasi partiyalara öz təkliflərini bildirmələri üçün müraciət edilib və 47 siyasi partiyadan 250-dən çox təklif alınıb. “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi hazır olduqdan sonra Milli Məclisin tarixində ilk dəfə olaraq komitə iclasına çıxarılmazdan əvvəl Qanun layihəsi sentyabr ayının 7-si parlamentin saytında rəy və təkliflərin bildirilməsi üçün yerləşdirilib. Sənədin ictimai əhəmiyyəti nəzərə alınaraq Qanun layihəsi ilə bağlı siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, politoloqların və media nümayəndələrinin iştirakı ilə 2 ictimai dinləmə keçirilib. Yeni Qanunun layihəsində dinləmələrdən sonra müsbətə doğru 70-dək, Milli Məclisdə komitə və plenar iclaslardan sonra müsbətə doğru 40-dək əlavə və dəyişiklik edilib. Həmçinin, Venesiya Komissiyasının tövsiyyələri də Yenin Qanunda öz əksini tapıb”.