2020-ci il 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Böyük Qələbə əldə etdi. Artıq 3 ildir milli bayramımız olan Novruz tarixi torpaqlarımızda qeyd edilir. Azad olunmuş ərazilərimizdə zəfər tonqalları yandırılır. Böyük qələbədən sonra ilk Novruz tonqalı Qarabağın baş tacı olan Şuşada, Cıdır düzündə alovlandırıldı. Məhz Ulu öndər Heydər Əliyev hər zaman deyirdi ki, “O gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik.” Artıq o arzuları xalqımız indi real yaşayır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev ulu öndərin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı.
Bunu Siyasetinfoya Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
O qeyd edib ki, bu il Novruz tonqalı Müzəffər Ali Baş Komandan tərəfindən Tərtər rayonunun Talış kəndində yandırıldı: “44 günlük Vətən müharibəsində bu istiqamətdə əldə edilmiş uğurlar müharibənin gələcək gedişatı üçün çox böyük önəm daşıyırdı. Çünki Talış kəndinin olduqca vacib strateji əhəmiyyəti var. Böyük Qələbədən sonra bütün bölgələrimizdə olduğu kimi Talış kəndində də Prezident İlham Əliyevin tapşırıqları əsasında tikinti-bərpa işləri aparılır. Yeni evlər inşa olunur və zəruri infrastruktur yaradılır. Dövlət başçısının bayram münasibətilə təbrik müraciətində də qeyd etdiyi kimi, “Talış kəndinin yenidən qurulmasına başlanmasından hələ bir il keçməyib, artıq kəndə 20 ailə qayıdıb, 180-ə yaxın ailə isə qayıdacaq. Bu, bərpa-quruculuq işlərinin sürətlə və plan üzrə davam etdiyini təsdiqləyir. Azərbaycan öz maliyyə imkanları hesabına öz tarixi torpaqlarını bərpa edir. Biz heç kimdən asılı deyilik və müstəqil şəkildə öz sərhədlərimizdə möhkəmlənirik”. Sözsüz ki, Talış kəndində yandırılan Novruz tonqalı, kənd sakinlərinin doğma yurdunda milli bayramımızı qeyd etməsi dünya azərbaycanlılarını qürurlandıran tarixi bir hadisə idi”.
Deputat deyib ki, Prezident İlham Əliyevin Talış kəndində Novruz bayramı münasibəti ilə təbrik müraciətində olduqca vacib məqamlar yer alıb: “Görünən odur ki, 30 il ərzində Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına göz yumanlar bu gün regionda yaranan yeni reallıqları həzm edə bilmir. Dövlət başçısı ölkəmizə qarşı edilən ədalətsizliklərə də toxunaraq Ermənistan və onun havadarlarının məkirli siyasətinə diqqət çəkib. Yəni, çirkin niyyətdə olanların yanaşması bu gün yenə dəyişməyib. Dövlət başçısının da söylədiyi kimi, “bəzi ermənipərəst ölkələr dünya xəritəsində və Azərbaycan ərazisində mövcud olmayan dırnaqarası “Dağlıq Qarabağın müstəqilliyini” tanıyırlar. Bu, nə deməkdir? O deməkdir ki, işğal dövründə bütün bu qüvvələrin yeganə amalı bu işğalı əbədiləşdirmək idi. Bu isə münaqişəni həll etmək yox, dondurmaq idi”.
Aqil Məmmədov hesab edir ki, bu gün regionda şərtləri diktə edən tərəf qalib Azərbaycandır: “Azərbaycan məhz bu konteksdə Ermənistana dayanıqlı sülh təklif edir. Bu sözsüz ki, qarşı tərəfə Azərbaycanın ən böyük güzəştidir. Ona görə də. Ermənistan yeni reallıqları qəbul etməlidir. Əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımasa, biz də onun ərazi bütövlüyünü tanımayacağıq”. Bu Azərbaycan dövlətinin birmənalı mövqeyidir”.