Fransa hakimiyyətinin islamafob yanaşması rəsmi Parisin Azərbaycana qarşı tutduğu mövqedə, yürütdüyü siyasətdə özünü aydın göstərir. 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycanın parlaq qələbəsini qəbul etməyən ölkələrdən olan Fransa əslində bütün müsəlman dövlətlərinə qarşı qərəzli, ədalətsiz yanaşma sərgiləyir. Əlcəzair, Konqo kimi müsəlman ölkələrdə törətdiyi qırğınları bu gün başqa bir müstəvidə, fərqli tərzdə həyata keçirən Parisin belə məkrli niyyətləri çox aydın sezilir.
Bunu Siyasetinfoya açıqlamasında politoloq Ramiz Alıyev bildirib. Onun sözlərinə görə, müsəlman ölkələrində törətdiyi qırğınlarlar Fransa tarixinə qara ləkədir: “Fransa təkcə işğal etdikləri ölkələrdə müsəlmanları qətlə yetirməklə kifayətlənməyiblər. Onlar həmin ölkələrin təbii sərvətlərini talan ediblər. Ölkələri xarabalığa çeviriblər. Fransa hələ də dekolonizasiya kateqoriyasına aid edilən bir sıra əraziləri qanuni sahiblərinə qaytarmayıb. Bu ölkədə irqçilik, islamofobiya və antisemitizmin ifrat həddə çatmaqla yanaşı, sanki adiləşib. Təəssüflər olsun ki, Qərbin aparıcı dövlətlərindən olan və müəyyən demokratik ənənəsi olan Fransa müsəlmanlara qarşı aqressiv, nifrət dolu siyasətindən bu gün də əl çəkmir. Türkiyə və Azərbaycanın müttəfiqliyi, dinamik inkişafı bu ölkə tərəfindən qısqanclıqla qarşılanır. Hətta bəzi beynəlxalq təşkilatlar, fransız siyasətçilər Parisin Türkiyə və Azərbaycana yönəlmiş ədalətsiz siyasətini tənqid edirlər. Fransa mətbuatı inkişaf edən müsəlman ölkələrin siyasi rəhbərlərini çox böyük həvəslə təhqir edirlər, gözdən salmağa çalışırlar. Bu ölkənin mediasında İslam dini aşağılanır, müqəddəs dəyərlər, şəxsiyyətlər məsxərəyə qoyulur”.
Prezidenti İlham Əliyev noyabrın 1-də Əlcəzairdə keçirilən Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında çıxışını xatırladan politoloqa görə, dövlət başçımızın səfəri çərçivəsində Şəhidlər abidəsini və Milli Mücahidlər Muzeyini ziyarət etməsi böyük siyasi əhəmiyyət kəsb etdi: “Cənab Prezident çıxışında qeyd etdi ki, Fransanın Əlcəzair xalqına qarşı törətdiyi qətliam dünyanın heç vaxt unutmamalı olduğu bir hadisədir. Fransa Əlcəzair xalqına qarşı çox dəhşətli bir müharibə aparıb. Bu dəhşətli qətliam 1,5 milyon insanın ölümü ilə nəticələnib.Bu gün bu dəhşətli hadisəni xatırlayarkən gələcəkdə belə fəlakətlərin qarşısının alınması üçün əlimizdən gələni etməliyik”.
21-ci əsrdə feodal, müstəmləkəçilik düşüncə tərzi ilə gündəmdə qalan Fransanın bu cür zərərli siyasətinin dəyişmədiyini diqqətə çatdıran R.Alıyev əlavə etdi ki, müsəlman ölkələri, nəhayət, ortaq mövqedən çıxış edərək Fransa hökumətinə layiq olduğu cavabı verməlidirlər: “Hesab edirəm ki, bu gün Bakıda “Fransada islamafobiya” mövzusunda keçirilən sessiya həm tarixi faktların bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırılması, həm də bu tarixi hadisələrə istinad edərək gələcək siyasi fəaliyyətin konturlarının müəyyən edilməsi baxımından əhəmiyyət daşıyır. Faktlar onu göstərir ki, Fransada təkcə siyasi dəyərlər deyil, ideoloji və mənəvi dəyərlərdə aşınır, sivilizasiyaların toqquşması labüd gerçəklik kimi təbliğ edilir. Müasir dünyamızda dini ayrı-seçkiliyin hər bir forması yolverilməzdir. Beynəlxalq ictimaiyyət Fransanın bu yöndə atdığı addımlara göz yummamalıdır. Fransa hökuməti özünün müstəmləkəçilik tarixinə yenidən baxmalı və ona düzgün siyasi-hüquqi qiymət verməlidir. Onlar ölkədə tüğyan edən irqçilik, islamofobiya və antisemitizm hallarının qarşısını almaq üçün üzərinə düşən öhdəliklərini yerinə yetirməlidirlər”.