Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 9 mart tarixində “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda işə başlayan nüfuzlu beynəlxalq Forumda dünya qarşısında duran mühüm çağırışlar müzakirə olunub. Azərbaycanın yüksək səviyyəli mötəbər tədbirlərə uğurla ev sahibliyi etməsi dövlətimizin beynəlxalq aləmdə gündən-günə artan nüfuzunun göstəricisidir. Əsasən, son illər Azərbaycanın regionda aparıcı aktora çevrilməsi, dünyada artan nüfuzu onun beynəlxalq təşkilatlarla əlaqələrində və onların fəaliyyətində fəal iştirakına gətirib çıxarıb. Artıq dünya dövlətləri Azərbaycanı mühüm, etibarlı tərəfdaş, sözü imzası qədər dəyərli olan ölkə kimi qəbul edir. Təsadüfi deyil ki, BMT, Avropa İttifaqı, NATO, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu təşkilatlar Azərbaycanla əməkdaşlığı strateji prioritet kimi müəyyənləşdirib.
Siyasetinfo xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib.
O qeyd edib ki, bu gün Azərbaycan bir sıra beynəlxalq qurumlarda, sadəcə, üzv dövlət kimi təmsil olunmur, eyni zamanda, bir çox qərarların qəbulunda və icrasında yaxından iştirak edir: “2013-cü ildən bəri keçirilən Qlobal Bakı Forumu artıq Davos Forumu, Münxen Təhlükəsizlik Konfransı kimi müasir dünyamızın aktual problemlərinin müzakirə olunduğu platformaya çevrilib. Bunun nəticəsidir ki, bu dəfə “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusuna həsr olunan Qlobal Bakı Forumuna bir çox ölkələrin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri qatılıb. Forumda 4 Prezident, 2 Baş nazir, 6 spiker və nazir, BMT-nin 5 qurumunun rəhbərlikləri, 25 sabiq prezident, 21 sabiq Baş nazir, 23 ölkənin xarici işlər nazirlərinin müavinləri olmaqla, ümumilikdə 61 ölkədən 360-dək nümayəndə iştirak edir. Azərbaycanın regionda lider dövlətə çevrilməsi, günbəgün nüfuzunun artması əlbəttə digər dövlətlərin Azərbaycana daha çox yaxınlaşmasının zəruri edir. Xüsusən də həm 44 günlük müharibədən böyük zəfərlə çıxması, pademiya ilə bağlı çətinlikərə baxmayaraq möhkəmlik göstərməsi, iqtisadi inkişaf dinamikasını qoruyub saxlaması doğru siyasətin və balanslı münasibətlərin nəticəsidir. Prezident İlham Əliyev Forumda çıxışı zamanı bildirib ki, bu gün biz soyuq müharibənin bitməsindən sonra bu günədək baş vermiş bəlkə də ən ciddi Şərq-Qərb qarşıdurmasının şahidi oluruq: «Qoşulmama Hərəkatı körpülərin salınmasında, münaqişələrin həllində yeni yanaşmaların formalaşdırılması və Qoşulmama Hərəkatının təməl prinsiplərinin – Bandunq Prinsiplərinin təmin edilməsində mühüm rol oynaya bilər və oynamalıdır. Həmin prinsiplər – sülh, əməkdaşlıq, ərazi bütövlüyünə və suverenliyə hörmət, habelə sərhədlərin toxunulmazlığından ibarətdir. Münaqişələrin həllinə gəldikdə, bu mövzu Forum çərçivəsində geniş şəkildə müzakirə edilib. Ölkəmizin başçısı bir daha dünyaya bəyan etdi ki, Azərbaycan regionda sabitlik və dayanıqlı inkişaf naminə sülh istəyir. Bununla bərabər Azərbaycan Prezidenti ciddi mesajlar verərək bildirdi ki, sülh naminə atılan addımlar qarşılıqlı olmalıdır. Prezident İlham Əliyev bütün beynəlxalq tədbirlərdə olduğu kimi, bu Forumda da bildirdi ki, Ermənistan görünür dinc yolla yaşamaq istəmir: «Münaqişələrin həlli iki cür olur – dinc yolla və qeyri-dinc yolla. Biz Ermənistanla münaqişəni dinc yolla həll etməyə çalışırdıq. Baxmayaraq ki, Ermənistan tərəfindən işğal Azərbaycanda humanitar fəlakətə səbəb olmuşdur. İşğal nəticəsində bir milyondan artıq azərbaycanlı yurdsuz qalmış, qaçqın və məcburi köçkünə çevrilmişdir”.
Komitə sədri bildirib ki, 9-11 mart tarixlərində davam edən Forumda yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlər müzakirə edilib: “Bölünmüş dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsirinə nəzər yetirilib. Qarşıda duran çağırışların həlli yolları müzakirə olunub. Dünyanı sarsıdan münaqişələrə, meqatəhdidlərə, o cümlədən iqlim, qida və nüvə təhlükəsizliyi məsələlərinə toxunulub. Postpandemiya dövründə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılıb. Həmçinin qlobal yoxsulluğun, bərabərsizliyin, iqlim böhranının və münaqişələrin simptomu kimi miqrasiyanın qarşısının alınması üçün tədbirlər əsas müzakirə mövzularından biri olub. İştirakçılar Avropanın gələcəyi ilə bağlı təsəvvürlərini də bölüşməsi, bir daha göstərir ki, yaranmış çətinliklər hər bir qitənin problemi, hər bir dəövlətin vəzifəsidir. Bütövlükdə dünyanın gələcəyi hər kəsi düşündürür. Bu gələcək bərbərlilik, ədalətlilik prinsipləri əsasında qurulmalı, xalqlar, millətlər və dövlətlərə münasibətdə ayrı-seçkilik olmamalıdır”.
Millət vəkili vurğulayıb ki, Azərnaycan bu mənada həm bir dövlət, həm də Qoşulmama Hərəkatının sədri kimi öz məsuliyyətini bilir və töfhəsini verir: “Ölkəmiz Qoşulmama Hərəkatında 2019-cu ildə öz üzərinə götürdüyü və 120 dövlətin yekdil qərarı ilə daha bir il – 2023-cü ilədək uzadılmış sədrliyini başa çatdırır. Bu baxımdan Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən sayca 10-cu yubiley Forumu yeni ideyalar habına çevrilib. Forumda çıxış edən ölkə başçısı İlham Əliyev də yeni reallıqlara uyğun olaraq irəli sürdüyü çağırışları, sülh təklifləri tək Azərbaycan üçün, Cənubi Qafqaz üçün deyil, bütün dünya üçün səsləndirdi. Prezident İlham Əliyevin tövsiyələri və Azərbaycanın münaqişələrin həlli, sülh quruculuğu, beynəlxalq əməkdaşlığın gücləndirilməsi sahəsində təcrübəsi X Qlobal Bakı Forumunda yeni ideyaların, yanaşmaların meydana çıxmasına və təşəbbüslərin yaranmasına əhəmiyyətli töhfə verəcək və Qlobal Bakı Forumu mühüm platforma olaraq qalacaq”.
Hicran Hüseynova əlavə edib ki, XII əsrdə yaşayıb yaratmış Nizami Gəncəvinin yaradıcılığında yer üzünün əşrəfi olan insanın özündə ən mühüm əxlaqi dəyərləri inkişaf etdirmək, ədalətlə idarə etmək, insanlara hər zaman hörmətlə yaşamaq kimi yüksək keyfiyyətləri təbliğ edilib: “Bu hər zaman, bu gün isə daha çox aktuallıq kəsb edir. Ona görə də Nizami Gəncəvinin adını daşıyan Beynəlxalq Mərkəzin qlobal gündəlikdə dayanan bir çox məsələlərinin müzakirəsi üçün mühüm siyasi və elmi platformaya çevrilməsi səsbəbsiz deyil, daha məntiqlidir. Bir sözlə, Nizami Gəncəvinin müdrikliyi və istedadı Azərbaycan xalqının istedadını və müdrikliyini təcəssüm etdirir”.