Qərbi Azərbaycan İcması 1989-cu ildən fəaliyyət göstərən “Azərbaycan Qaçqınlar Cəmiyyəti” İctimai Birliyinin hüquqi varisi hesab edilir. 2022-ci il avqustun 3-də “Azərbaycan Qaçqınlar Cəmiyyəti” İctimai Birliyinin ümumi yığıncağında verilən qərarla təşkilat bundan sonra “Qərbi Azərbaycan İcması” (QAİ) adlanıb. İcmanın məqsədi müxtəlif vaxtlarda etnik mənsubiyyətinə görə Ermənistan ərazisindən kütləvi şəkildə deportasiya olunmuş azərbaycanlıların və onların varislərinin ictimai-mədəni birliyinə nail olmaqla onların hüquqlarının beynəlxalq müstəvidə bərpasına yönəlib. Eyni zamanda Ermənistan ərazisində Azərbaycan xalqının yaratdığı zəngin tarixi-mədəni irsin öyrənilməsi, təbliğ olunması və tam məhv olunmasının qarşısının alınması da qarşıdan duran vacib vəzifələrdən biri kimi qəbul edilib.
Bunu Siyasetinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Qərbi Azərbaycan İcmasının digər bir məqsədi vaxtilə indiki Ermənistan ərazisindəki tarixi ata-baba ocaqlarından zorla deportasiya edilmiş, qovulmuş insanların öz yurdlarına qayıtmaq hüququnun təmin edilməsidir: “Əslində bu istiqamətlər icmanın vəzifələri və hüquqları olaraq strateji yol xəritəsi kimi müəyyənləşib. Sözsüz ki, son dövrlər İcmanın fəaliyyətində canlanma müşahidə edilir. II Qarabağ müharibəsində Azərbaycanın öz tarixi torpaqlarını erməni işğalından azad etməsi fonunda yeni reallıq yaranıb. Bu reallıq tarixən azərbaycanlıların yaşamış olduğu ərazilərdə xalqımızın yenidən yaşamaq hüququnu gündəmə gətirib. Bu mənada Qərbi Azərbaycan yəni, indiki Ermənistan ərazisində mövcud olmuş tarixi Azərbaycan torpaqları, toponimləri, milli dəyərlərinə sahib çıxmağın, o ərazilərə qayıdaraq yenidən öz köklərimiz üzərində inkişafa nail olmağın zamanı çatıb”.
Deputat deyib ki, Qərbi Azərbaycan İcmasının fəaliyyətində yeni bir mərhələnin başlanması məhz dövlətin, birbaşa Prezident İlham Əliyevin bu icmaya olan yüksək münasibətindən qaynaqlanır: “Prezident İlham Əliyevin 2022-ci il 24 dekabr tarixində Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olaraq burada Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşməsi mühüm tarixi əhəmiyyət kəsb edən hadisə idi. Bu yüksək yanaşma tarixən öz ata-baba yurdlarından zorla deportasiya edilmiş soydaşlarımızın hüquqlarının bərpasına yönəlib. Məhz “Qərbi Azərbaycan İcması”nin əsas hədəfi Qərbi Azərbaycandan olan soydaşlarımızın təşkilatlanmış şəkildə öz pozulmuş hüquqlarını müdafiə və bərpa etməsi istiqamətində vacib addımlar atılmasına təşviq etməkdən ibarətdir. Ötən əsrin sonlarında tarixi Azərbaycan torpaqları olan Zəngəzur, Göyçə, İrəvandan erməni vəhşiliyinə məruz qalmış 100 minlərlə həmvətənimiz qaçqın düşüb. Ermənilər həmin ərazilərdə xalqımıza məxsus milli mədəni irsimizi məhv edib. Bu proses hazırda da davam edir. Ona görə də, Qərbi Azərbaycan İcması o bölgədə olan insanlarımızın yenidən təşkilatlanması həmin tarixi torpaqlarla bağlı əsl həqiqətlərin ölkə və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasına çalışır. Çünki beynəlxalq ictimaiyyət Qərbi Azərbaycanlıların hüquqlarının müdafiəsi, öz doğma torpaqlarına qayıtmaq haqqının gerçəkləşməsi üçün heç bir addım atmayıb. Həmçinin dünya mədəni irsinin müdafiəsini öz ali məqsədi elan etmiş YUNESCO hazırkı Ermənistan ərazisində Azərbaycan xalqına məxsus mədəniyyət abidələri, dini məbədlərin dağıdılması, məhv edilməsinə qarşı heç bir tədbir görməyib. Bu baxımdan da Qərbi Azərbaycan İcması tarixi torpaqlarımızda xalqımıza məxsus dəyərlərin məhv edilib sıradan çıxarılmasına qarşı özünün səmərəli fəaliyyətini ortaya qoyub”.
Millət vəkili əmindir ki, Azərbaycan dövləti indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlılara sığınacaq verilməsinə, onlara qayğı göstərilməsinə və onların dinc şəkildə inkişafına şərait yaratmasına nail olacaq: “Eyni zamanda vətənindən qovulmuş azərbaycanlıların beynəlxalq proses çərçivəsində öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtması mümkün olacaq. Sözsüz ki, həmin ərazilərə qayıtdıqdan sonra onların fərdi və kollektiv hüquqlarının təmin edilməsinə bundan sonra Azərbaycan dövləti tərəfindən ən yüksək səviyyədə təminat veriləcək. Bütün bunlarla yanaşı Qərbi Azərbaycan İcması tarixi ata-baba yurdlarından qovulmuş azərbaycanlıların məsələsini beynəlxlaq təşkilatlar səviyyəsində də qaldırmağı bacarıb. İcma tərəfindən BMT-yə üzvü olan dövlətlərdən və digər aidiyyəti beynəlxalq təşkilatlardan indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz evlərinə beynəlxalq proses çərçivəsində təhlükəsiz və ləyaqətli şəkildə qayıtması ilə bağlı müraciət edilib. Eyni zamanda imca həmin əraziyə qayıdacaq insanlara beynəlxalq səviyyədə təhlükəsizlik təminatı verilməsini başlıca vəzifə kimi qoyub”.
Məlahət İbrahimqızı BMT katibliyinin Qərbi Azərbaycan İcmasının beynəlxalq ictimaiyyətə müraciətini BMT-nin rəsmi sənədi kimi yayılmasının tarixi önəmindən danışıb: “Məhz bu müraciət BMT-nin bütün rəsmi dillərində yayılıb. Sözsüz ki, müraciətin yayılması indiki Ermənistandan qovulmuş azərbaycanlıların hüquqları məsələsinin beynəlxalq müstəviyə gətirilməsi sahəsində böyük uğur hesab edilir. Həmçinin Qərbi Azərbaycan İcması Avropa Şurası Parlament Assambleyasını Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıtması hüququ üzrə monitorinqə başlamağa çağırıb. Çünki Ermənistana öz ərazisindən azərbaycanlıları qovması və onların öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasına imkan verməməsi bu ölkənin insan hüquqları sahəsində götürdüyü öhdəliklərə ziddiyət təşkil edir. Bu eyni zamanda bu Ermənistanın Avropa Şurası, Avropa İnsan Hüquqları Konvensiyası və Milli Azlıqların Qorunması üzrə Çərçivə Konvensiyasından irəli gələn öhdəliklərini ciddi şəkildə pozması deməkdir. Bununla yanaşı Qərbi Azərbaycan İcması hesab edir ki, Ermənistandan qovulmuş azərbaycanlıların hüquqları AŞPA-nın Ermənistanda öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi üzrə monitorinq prosedurunun predmeti ola bilər”.