Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının tarixinə əbədi olaraq yazılmış addır. Onun millət, Vətən, dövlət üçün göstərdiyi şücaət, qəhrəmanlıq unudulmazdır. Çünki yox olmaq astanasına gəlib çıxmış ölkə öz gələcək nicatını, yaşamını Onun fəaliyyəti ilə qazandı. Heydər Əliyev Azərbaycanı parçalanmaqdan, vətəndaş müharibəsindən qurtardı və ölkəmizi doğru istiqamətə yönəldərək inkişafımız üçün yol açdı. Azərbaycanın müstəqilliyini əldə etməsi, qüvvətlənməsi, dünya dövlətləri arasında seçilməsi də məhz ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində mümkün olmub.
Siyasetinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı Tamam Cəfərova deyib.
O qeyd edib ki. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması mühüm əhəhmiyyət kəsb edir: “Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoyub. Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır. 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması Ulu Öndərin əziz xatirəsinə ehtiramın ən yüksək səviyyədə nümayiş olunması baxımından olduqca mühüm hadisədir. Əslində, rəsmi sərəncamla 2023-il elan edilsə də, qüdrətli dövlətimiz, eləcə də vətəndaşlarımız üçün hər gün, hər il Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderin anadan olmasının 100 illiyi xalqımız tərəfindən yüksək səviyyədə qeyd ediləcək”.
Deputat deyib ki, XX əsrdə Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin yüksək səviyyəli idarəçiliyinin və liderliyinin şahidi olub: “Geniş bilik və dərin təfəkkür sahibi olan Heydər Əliyev düşünülmüş və cəsarətli qərarları ilə təkcə müstəqillik dövründə deyil, bütün dövrlərdə Azərbaycan xalqını ən ciddi şəkildə düşündürən məsələləri uğurla həll edib. Ulu Öndərin mənalı və şərəfli ömür yolunun hər bir parlaq səhifəsi xalqımızın yaxın tarixi keçmişi ilə ayrılmaz vəhdət təşkil edir. Heydər Əliyev siyasi fəaliyyətinin bütün mərhələlərində Vətənə, xalqa, torpağa sonsuz məhəbbət və sədaqət hissi, qurub-yaratmaq amalı ilə yaşamış, hər zaman milli ideallara bağlı olub. Ulu Öndər öz müdrikliyi, cəsarəti ilə Azərbaycan xalqının sevgisini qazanıb. XX əsrin sonlarında Ümummilli Lider Heydər Əliyev Azərbaycanı parçalanma təhlükəsindən xilas etmək və vətəndaş qarşıdurmasının qarşısını almaqla, Azərbaycan xalqı və dövləti üçün yeni dövrün başlanğıcını qoymuş oldu. Beləliklə, Ulu Öndər Azərbaycan tarixində müasir Azərbaycan dövlətinin xilaskarı və qurucusuna çevrildi. Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması, bu dəyərlərin ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsi, ilk Milli Konstitusiyamızın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli həlli məhz Ümummilli Liderimiz Heydər Əliyevin xidmətləridir. Hələ 1969-cu ilin 14 iyulunda Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi ölkəmizin müstəqillik tarixinin, parlaq və işıqlı yolunun və intibahının başlanğıcı tarixidir. Dünya şöhrətli siyasi xadim Heydər Əliyev hakimiyyətinin birinci dövründə öz müdrik fəaliyyəti ilə müasir tariximizin ən şanlı və parlaq salnaməsini yaradıb. Böyük şəxsiyyət həmin dövrdə bütün ideoloji-siyasi maneələrə sinə gərərək Azərbaycan xalqının milli inkişaf konsepsiyasını irəli sürüb, ictimai şüurdakı qorxunu aradan qaldırıb, cəmiyyəti bütün sahələr üzrə gələcək mənəvi və iqtisadi yüksəlişlərə ruhlandırıb”.
Millət vəkili bildirib ki, Azərbaycan xalqının xilaskar oğlu Heydər Əliyevin ikinci hakimiyyət dövrü isə müstəqillik qazandığımız çox çətin və mürəkkəb illərə təsadüf edir: “1990-cı illər Azərbaycanın tarixinə ağır faciələrin yaşandığı bir dövr kimi daxil olub. Həmin vaxt Sovetlər birliyi süqut edəndə 15 ittifaq dövləti sırasında Azərbaycan yeganə ölkə oldu ki, ərazisinin 20 faizi işğal edildi, 20 mindən çox şəhid verdik, 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Sovet rejiminin qəddarlığı sayəsində Azərbaycanda baş verən 20 Yanvar qırğınlarından sonra Heydər Əliyev doğulduğu Naxçıvana qayıtdı və burada xalqın iradəsi ilə Ali Məclisə rəhbərlik etməyə başladı. Məhz onun qətiyyəti və fədakarlığı sayəsində bu diyarda ölüm-itki olmadı, insanlar müdrik rəhbərin ətrafında sıx birləşərək onun timsalında xilas yolunu tapdılar. Heydər Əliyev milyonlarla insanın arzularını ifadə edərək 1993-cü ildə Bakıya gəldi və onun Azərbaycanda siyasi hakimiyyətinin tamamilə fərqli, həlledici bir dövrü başlandı. Bu illər elə mürəkkəb dövr idi ki, ölkədə anarxiya, xaos baş alıb gedir, sərhəd bölgələrimiz təcavüzkar Ermənistan tərəfindən işğala məruz qalırdı. İqtisadiyyatı dağılmış, ordusunu yaratmağa macal tapmamış bir ölkəyə rəhbərlik etmək, sözün həqiqi mənasında, böyük məsuliyyət tələb edirdi. Məhz Heydər Əliyev belə bir məsuliyyətin öhdəsindən gələ bilərdi və gəldi də. İlk gündən müdrik rəhbər xalqa arxalandı, xalq da ona dəstək verdi və onun ətrafında həmrəylik nümayiş etdirdi. Bu gün ümummilli liderin ideyaları Prezident İlham Əliyevin gərgin əməyi və fəaliyyəti nəticəsində yaşayır və uğurla inkişaf edir. Əminliklə demək olar ki, dövlət başçısının apardığı həm xarici, həm də daxili siyasət Heydər Əliyev kursunun davamıdır. Xalqımız əmindir ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən yaradılan müstəqil dövlətimizin inkişafı etibarlı əllərdədir. Vətən müharibəsində ölkəmizin qazandığı misilsiz qələbə bir daha onu göstərdi ki, ata vəsiyyətini yerinə yetirən cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ulu öndərin siyasi kursuna və dövlətçilik ideologiyasına sədaqətlə bağlıdır. Prezident İlham Əliyevin rəhbərliyi altında müstəqil, bütöv və güclü Azərbaycan dövləti ərsəyə gəlmişdir. Bu Azərbaycan Ümummilli lider Heydər Əliyevin görmək istədiyi Azərbaycandır”.
Tamam Cəfərova vurğulayıb ki, Heydər Əliyevin çoxşaxəli irsi xalqımızın milli sərvətidir: “2023-cü ilin “Heydər Əliyev İli” adlandırılması Ulu öndərin çoxşaxəli irsinin öyrənilməsi baxımından olduqca önəmlidir. 2023-cü ilin ümumilikdə “Heydər Əliyev İli” elan edilməsi bu dahi şəxsiyyətin fəaliyyətinin ayrı-ayrı istiqamətlərinin daha dərindən araşdırılmasına, bugünədək çap olunan elmi əsərlərin, kitabların sırasına yenilərinin əlavə olunmasına geniş imkanlar yaradacaq. Bu il ərzində nəzərdə tutulan tədbirlərdə, elmi konfranslarda, simpoziumlarda gənclər Ulu Öndərin şəxsiyyətini öyrənmək, onun yorilmaz fəaliyyəti ilə daha yaxından tanış olmaq imkamı qazanacaqlar. Ümummilli lider Heydər Əliyevin fəaliyyəti, Azərbaycan xalqı və dövləti üçün qoyduğu irs çox zəngindir. Hələ bundan sonra neçə-neçə nəsillər bu məktəbdən bəhrələnəcək, Azərbaycanın davamlı inkişafına öz töhfəsini verəcək”.