Yeni Azərbaycan Partiyası xalqımızın çox ağır bir dönəmində onun mənafelərinə xidmət edən və ölkə qarşısında duran problemlərin həlli ilə məşğul olan, zərurətdən yaranmış bir siyasi təşkilatdır. Yarandığı vaxtdan ətrafına çoxlu sayda təəssübkeş toplayan siyasi təşkilat getdikcə cəmiyyətdə böyük nüfuz qazandı. Ölkəmizdə ictimai-siyasi sabitliyin gərgin olduğu, anarxiya və hərc-mərcliyin tüğyan etdiyi vaxtda ulu öndər Heydər Əliyevin banisi olduğu, xalqın inandığı və güvəndiyi bir partiya tez bir zamanda regionun ən böyük siyasi təşkilatına çevrildi. Müstəqilliyini yeni bərpa etmiş, ancaq səriştəsiz rəhbərlərin böhrana sürüklədiyi, uçuruma apardığı Azərbaycanda bu partiya xalqın yeganə ümid yeri oldu, dövlətçiliyin keşiyində dayanan siyasi qüvvəyə çevrildi. “Dünənin, bu günün, gələcəyin partiyası” olan YAP müstəqil Azərbaycanımızın dövlətçilik tarixində yeni bir yüksəliş mərhələsinin əsasını qoydu.
Bunu Siyasetinfoya Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən qurulan müstəqil Azərbaycan dövlətinin çiçəklənməsi və inkişafı bu gün Yeni Azərbaycan Partiyasının Sədri, dövlət başçısı İlham Əliyev tərəfindən böyük uğurla həyata keçirilir: “Çünki böyük ideyalarla zəngin olan YAP Azərbaycan dövlətçiliyinin və xalqının rifahı, xoşbəxt gələcəyi naminə çalışan və konkret konsepsiyaya malik siyasi təşkilatdır. YAP bu gün Cənubi Qafqazda, bütövlükdə, beynəlxalq münasibətlər sistemində özünün bütün müsbət keyfiyyətləri ilə fərqlənməkdədir. 1993-cü ildən bu günədək ölkəmizdə keçirilən bütün seçkilərdə Yeni Azərbaycan Partiyasının böyük üstünlüklə qələbə qazanması xalqın ona olan inamının bariz nümunəsidir. Hazırda 700 mindən çox üzvü olan YAP dünyanın ən güclü siyasi təşkilatları ilə bir sıradadır və hərtərəfli əməkdaşlıq əlaqələri mövcuddur. Bu baxımdan da, xalqımız ulu öndər Heydər Əliyev ideyalarını öz fəaliyyətində rəhbər tutan Yeni Azərbaycan Partiyasına böyük diqqət və qayğı, tükənməz məhəbbət hissi ilə yanaşır. Bütün bunlar isə cəmiyyətin sosial münasibətlər sistemində Yeni Azərbaycan Partiyasının aparıcı bir siyasi güc mərkəzinə çevrilməsinə mühüm töhfə kimi qiymətləndirilir”.
Millət vəkili hesab edir ki, Yeni Azərbaycan Partiyası mürəkkəb və keşməkeşli bir mərhələdən keçsə də, onun dövlətimizin və dövlətçiliyimizin inkişafı, güclənməsi yolunda misilsiz töhfələri olub: “Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyev partiyanın keçdiyi keşməkeşli yolu belə dəyərləndirib: “Yeni Azərbaycan Partiyası güclü təşkilatdır və Azərbaycanın ictimai-siyasi həyatında müstəsna rola malikdir. Heç bir siyasi qüvvə Yeni Azərbaycan Partiyası ilə rəqabət aparmaq iqtidarında deyil. Bu partiyaya mənim də münasibətim eynidir. Mən də öz siyasi fəaliyyətimi partiyasız təsəvvür etmirəm. Əminəm ki, biz hamımız birlikdə həm partiyamızı daha da gücləndirəcəyik, həm də ölkəmizi daha da inkişaf etdirəcəyik. Azərbaycan müasirləşəcək, güclənəcək, çox zəngin, qüdrətli dövlətə çevriləcəkdir”. Reytinqinə, cəmiyyətdə aparıcı mövqe tutmasına, üzvlərinin sayına, ideya-siyasi xəttinə görə, hər zaman öndə olan YAP-ın siyasi qüvvə kimi ölkədə real, ciddi alternativi yoxdur. Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə həyata keçirilən islahatlar çərçivəsində Yeni Azərbaycan Partiyası da müasir çağırışlara və tələblərə daha çevik cavab vermək üçün Nizamnaməsinə bir sıra yeni siyasi mexanizmlər daxil etdi. Bu mexanizmlərin tətbiqi ölkəmizin siyasi həyatının yeni formalaşmış konfiqurasiyasında güclü və hakim mövqeyə malik olmaq YAP üçün daha geniş imkanlar yaratdı”.
Deputat bildirib ki, 5 mart 2021-ci il tarixində ulu öndəri Heydər Əliyevin xeyir-duası və müdrikliyi ilə yaradılmış Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsi ölkə həyatı üçün mühüm ictimai-siyasi hadisə hesab edilir: “Bu Qurultay ölkəmizin ictimai-siyasi həyatında çox əlamətdar və tarixi hadisələrin baş verdiyi, eləcə də əsaslı islahatların həyata keçirildiyi dövrdə baş tutdu. 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər həm bölgədə, həm də ölkəmizdə yeni reallıqlar yaradıb. Eyni zamanda, qeyd etmək lazımdır ki, ölkəmizdə son illərdə bütün sahələrdə çox sürətlə uğurlu islahatlar həyata keçirilir. Bu islahatların uğurlu nəticələrinə görə respublikamız dünyada islahatçı dövlət kimi tanınır. Bütün sahələri əhatə edən islahatlar sözsüz ki, ölkəmizin siyasi isteblişmentindən də yan keçə bilməzdi. Son iki-üç ildə çoxpartiyalı olan ölkəmizdə formalaşmış yeni siyasi konfiqurasiyanı da məhz bu islahatların tərkibi kimi qəbul etmək lazımdır”.
Təftiş Komissiyasının üzvü vurğulayıb ki, hər bir siyasi partiya öz lideri ilə tanınır: “Bu mənada, dünyanın tanınmış, müdrik siyasətçisi cənab İlham Əliyevin əzəmətli şəxsiyyətində Partiya daha böyük nüfuza malikdir. Mübaliğəsiz deyə bilərik ki, bölgənin ən böyük siyasi partiyasının Sədri, Müzəffər Ali Baş Komandan, görkəmli dövlət adamı, uzaqgörən diplomat möhtərəm Prezident İlham Əliyevdir. Eləcə də, YAP sədrinin birinci müavini, Birinci vitse-prezident Mehriban xanım Əliyeva partiyanın fəaliyyətinə çox böyük töhfələr verib. Bunun nəticəsidir ki, YAP ildən-ilə daha da güclənir və zamanın çağırışlarına daha çevik cavab verir. Yəni, YAP-da islahatların baş verməsini təbii proses kimi qəbul etmək olar və bu zəruri idi. Otuz ilə yaxın müddətlik iqtidar dönəmində böyük uğurlara imza atmış Yeni Azərbaycan Partiyasında islahatların keçirilməsi və kadr dəyişikliyinin olması faktı da elə digər partiyalara nümunədir. 30 ildən artıq tarixi dönəmi arxada qoyan YAP çox şərəfli, sınaq dolu bir yol keçib. Heç də əbəs deyil ki, uzaqgörən ulu öndər Heydər Əliyev Partiyanı dünənin, bu günün və gələcəyin partiyası adlandırıb. YAP ölkəmizin ən ağır günündə sosial sifarişdən və zərurətdən doğan bir partiyadır. 700 mindən çox üzvü olan YAP-ın iqtidar dövründə respublikamızda beynəlxalq səviyyəli onlarla misilsiz uğurlara imza atılıb. Bu gün hər bir partiya üzvü iftixarla deyə bilər ki, YAP-ın iqtidarı ilə ölkəmiz dünyanın nüfuzlu ölkələri arasındadır”.
Məlahət İbrahimqızı deyib ki, YAP istər xalqımızın ümummilli lideri Heydər Əliyevin, istərsə də Prezident İlham Əliyevin rəhbərliyində çoxsaylı uğurlara imza atıb: “YAP ən çətin, mürəkkəb və ölkədə cərəyan edən böhranın, vətəndaş müharibəsinin, separatizmin, işğalın olduğu dövrdə hakimiyyətə gəlib. Və iqtidara gəldiyinin ilk illərində YAP Azərbaycanda bir neçə dəfə baş vermiş dövlət çevrilişinə cəhdin qarşısını alıb. YAP iqtidarı 1993-cü ildə ölkəmizdə vətəndaş müharibəsinin qarşısını qətiyyətlə alıb. Bütün bunları xatırladıqca bu tarixin şahidləri və müasirləri kimi YAP-ın Azərbaycanın çağdaş dövlətçilik tarixində nə qədər misilsiz rolu və xidmətləri olduğunun deyə bilərik. Xalqımız Partiyamızın bu fədakar xidmətlərini, onun şərəfli və keşməkeşli tarixini heç vaxt unutmayacaq, əksinə gələcək fəaliyyətində tarixi təcrübə hesab edəcəkdir. Çünki Yeni Azərbaycan Partiyası iqtidarı xalqımızı xaosdan, vətəndaş müharibəsindən, fəlakətdən qurtararaq, erməni faşizmi üzərində əfsanəvi qələbə qazanıb. YAP şərəfli, keşməkeşli və işıqlı bir yol keçib. Yeni Azərbaycan Partiyasına əbədiyaşarlıq verən bu yol isə Qurtuluşdan başlayaraq Şuşa zirvəsinə ucalan şərəfli Zəfər yoludur”.