Ümummilli maraqların reallaşması yolunda YAP-ın böyük tarixi nailiyyətlər qazanmasının nəticəsidir ki, onun sıraları ildən-ilə genişlənir. YAP ölkənin bütün bölgələrini əhatə etməklə Azərbaycanın aparıcı siyasi qüvvəsi, Cənubi Qafqazın ən böyük siyasi partiyası kimi çıxış edir. Bu baxımdan Yeni Azərbaycan Partiyasının VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında çox mühüm hadisə olmaqla ictimai-siyasi münasibətlərdə keyfiyyət dəyişiklikləri yaradacaq yeni tarixi mərhələnin əsasını qoymuşdur. Xüsusilə, Ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin qurultaydakı geniş nitqi çox zəngin və keçilmiş yola verilən qiymətlə yanaşı, dərin təhlillə səciyyəvi idi. Cənab Prezident proqram xarakterli, yüksək intelektual səviyyə ilə seçilən çıxışı ilə ölkəmizin son illərdə keçdiyi tarixi yola bir yekun vuraraq, bildirmişdi ki, Azərbaycan bu gün bölgənin və regionun ən qüdrətli ölkələrindən birinə çevrilib ki, bu da xalqımızın və Yeni Azərbaycan Partiyasının fəal işinin nəticəsidir.
Bunu Siyasetinfoya Milli Məclisin deputatı Tamam Cəfərova deyib.
Deputat bildirdi ki, ötən müddət ərzində zəngin və şərəfli inkişaf yolu keçən Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsi bir sıra zəruri amillərlə əlaqədar idi: “Hər şeydən öncə qeyd etmək lazımdır ki, Yeni Azərbaycan Partiyasının qurucusu, böyük dövlət xadimi Heydər Əliyevin YAP-ı yaradarkən qarşıya qoyduğu məqsəd və vəzifələr, demək olar ki, bütünlüklə artıq yerinə yetirilib. Bunlar ölkəmizdə ictimai-siyasi sabitliyin bərpa olunması, dövlətçiliyimizin möhkəmləndirilməsi, milli maraqlarımızı beynəlxalq münasibətlər sistemində müdafiə edə bilən xarici siyasət strategiyasının formalaşdırılması, milli rəqabətqabiliyyətli iqtisadiyyatın yaradılması, müstəqil siyasətin həyata keçirilməsi və ən əsası, ərazi bütövlüyümüzün bərpa olunması ilə bağlı olan prinsiplər idi. Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi zəfərlə Azərbaycan xalqının, eyni zamanda, Yeni Azərbaycan Partiyasının ən mürəkkəb və ən çətin, ancaq həm də ən ali məqsədini reallaşdırmış oldu. Azərbaycan möhtəşəm qələbə qazanaraq həm tarixi ədalətin, həm də ərazi bütövlüyünün bərpasına nail oldu.
Beləliklə də, istər xalqımızın, istərsə də Yeni Azərbaycan Partiyasının həyatında bir tarixi mərhələ geridə qaldı. Hazırda isə əldə etdiyimiz tarixi qələbəmiz yeni reallıqlar yaradıb və Yeni Azərbaycan Partiyası da elə bu reallıqlardan çıxış edərək, özünün yeni fəaliyyət proqramını müəyyənləşdirərək yoluna davam etməkdədir.
Yeni Azərbaycan Partiyasının 5 mart 2021-ci il tarixli VII qurultayında Prezident İlham Əliyev çıxışında qeyd edib ki, “Biz bütün işləri ardıcıllıqla edirik və əgər son 17 illik tariximizə nəzər salsaq görərik ki, qarşıya hədəflər qoyulurdu, hədəflər düzgün müəyyən edilirdi, biz bu hədəflərə çatırdıq və ondan sonra qarşımıza yeni hədəfləri qoyurduq. Beləliklə, həm siyasi, həm iqtisadi sahədə dayanıqlı inkişafı təmin etdik, beynəlxalq aləmdə Azərbaycanı çox böyük nüfuza və hörmətə malik olan ölkəyə çevirdik və əsas məsələmizi – ərazi bütövlüyümüzün bərpasını təmin etdik”.
Deputat qeyd edib ki, Azərbaycanın qələbəsində mənəvi amil həlledici rol oynamışdır. Müharibənin ilk günündən Azərbaycan mənəvi üstünlüyə malik idi. Ötən illərin ən önəmli hadisəsi ərazi bütövlüyümüzün bərpa edilməsi, Vətən müharibəsində parlaq Qələbənin qazanılmasıdır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, tarixi ədaləti bərpa etdi, işğalçıları əzəli torpaqlarımızdan qovdu və beləliklə, tarixi ədalət bərpa olundu. Torpaqlarımızın azad edilməsində bütün nəsillərin nümayəndələri uğurlu fəaliyyət göstərib. Azərbaycan xalqının qələbəyə inamı tam idi. İqtidar-Xalq-Ordu birliyinin sarsılmazlığı qələbəni şərtləndirən ən mühüm amillərdən biri idi. Döyüşdə iştirak edənlərin mütləq əksəriyyəti 2003-cü ildə uşaq olan insanlar idi. Onlar yetişdi, onlar vətənpərvərlik və fədakarlıq göstərərək canlarından keçdilər, şəhid oldular, qazi oldular, qəhrəmanlıq göstərdilər və tarixi ədaləti bərpa etdilər.
Cənab Prezidentin bu qətiyyətli mövqeyinə görə Azərbaycan və Azərbaycan rəhbərliyinə böyük ölkələr tərəfindən davamlı təzyiqlər edilmişdir. Amma heç nə PREZİDENTİMİZİ amalından, qətiyyətindən döndərə bilmədi. Prezident İlham Əliyev: “Bütün bu illər ərzində bir amalla yaşamışıq: ərazi bütövlüyümüzün bərpa edilməsi, düşmənlərin torpaqlarımızdan qovulması.” Nəticədə Azərbaycan tarixi ədaləti və beynəlxalq hüququ təkbaşına bərpa etdi.
Millət vəkili Tamam Cəfərova qeyd edib ki, Yeni Azərbaycan Partiyasının VII qurultayı ölkədə yeni siyasi konfiqurasiyanın formalaşdırılması baxımından da mühüm əhəmiyyət kəsb etmişdir. Yeni siyasi konfiqurasiyanın formalaşdırılmasını hədəfləyən islahatlar ölkədə həmrəylik mühitinin bərqərar olunması və siyasi münasibətlərin subyektləri arasında sağlam dialoqun formalaşdırılmasına xidmət edir. Qurultay zamanı ölkədə fəaliyyət göstərən 6 siyasi partiyanın (Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Yurddaş Partiyası, Azərbaycan Kəndli Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası, Azərbaycan Demokratik Sahibkarlar Partiyası, Milli Qurtuluş Partiyası) Yeni Azərbaycan Partiyasına qoşulması barədə müraciətlərin öz müsbət həllini tapmasını bu baxımdan xüsusilə qeyd etməliyik.
Tamam Cəfərova deyib ki, Yeni Azərbaycan Partiyası həm iqtidar partiyası kimi, həm də ölkənin hər bir sahəsində təmsil olunan partiya kimi iqtidar-müxalifət dialoquna öz töhfəsini verməkdədir: “2021-ci ilin 21 oktyabr tarixində Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında parlamentdə təmsil olunan müxalifət partiyaların sədrləri ilə keçirilmiş görüş bu istiqamətdə görülən işlərə bir nümunədir. 2022-ci il iyunun 15-də Şuşa şəhərində Şuşa Bəyannaməsinin birinci ildönümü münasibətilə “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda keçirilmiş beynəlxalq konfransda, o cümlədən ölkədə fəaliyyət göstərən 34 siyasi partiyanın rəhbərləri iştirak etmişdir. Bütün bunlar ölkədə yeni siyasi konfiqurasiyanın möhkəm əsaslarla formalaşdığını və demokratik dəyərlərə əsaslanan siyasi sistemin daha da möhkəmləndiyini deməyə əsas verir”.