Dünyada sosial dövlət kimi tanınan Azərbaycanda Prezident İlham Əliyevin bəyan etdiyi kimi, həyata keçirilən siyasətin mərkəzində hər bir vətəndaşın marağı dayanır. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş ölkəmizin milli inkişaf strategiyasının mühüm istiqamətlərindən olan sosial sahə buğun Prezident İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına cavab verərək, çevik və çoxşaxəli fəaliyyət əsasında həyata keçirilir. Bu mənada son illərdə ölkəmizdə bütün sahələrdə həyata keçirilən genişmiqyaslı islahatlar qısa zamanda sosial dövlət quruculuğunun da uğurla reallaşdırılmasını təmin edib.
Bunu Siyasetinfoya Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü, deputat Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, ölkə başçısının rəhbərliyi və bilavasitə ciddi tapşırığı ilə hər il üçün hazırlanan büdcə sənədlərinin layihələrində Azərbaycanın sosial dövlət konsepti əsas götürülür: “Belə ki, bu il üzrə dövlət büdcəsinin sosialyönümlü xərcləri ötən illə müqayisədə 9,2 faiz çox nəzərdə tutulub. Bu o deməkdir ki, həyata keçirilən dövlət siyasətində hər gələn növbəti il üçün sosial sahə prioritet olaraq qalmaqdadır”.
Millət vəkili əlavə edib ki, müstəqilliyimizin ilk illərindən başlayaraq ümumi mülkiyyətdən xüsusi mülkiyyətə, bazar iqtisadiyyatına keçidə baxmayaraq, müasir dövlətimizin qurucusu ulu öndər Heydər Əliyev yeni iqtisadi sistemin sosialyönümlü olmasını müəyyənləşdirib: “Sağlam təməllər üzərində formalaşmış dövlətimizin sosial siyasəti bu gün də xalqımızın rifahını durmadan artırır, sosial müdafiəsini gücləndirir. Bu mənada Azərbaycan digər postsovet ölkələri ilə müqayisədə daha sürətlə inkişaf etmiş, sosial-siyasi və sosial-iqtisadi sahədə üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirərək beynəlxalq sistemin vacib amilinə və bölgəmizin aparıcı qüvvəsinə və lider dövlətinə çevrilib. Məhz bu düşünülmüş siyasət nəticəsində ölkəmiz ən optimal inkişaf istiqaməti kimi sərbəst bazar iqtisadiyyatının təşviqinə təkan verən başlıca amil olub”.
Deputat hesab edir ki, son 10 ildə ölkə başçısının imzaladığı 50-yə yaxın dövlət proqramı ölkə həyatının ən müxtəlif sahələrində kompleks islahatların əsasını qoyub: “Ölkə iqtisadiyyatının həcmi 3,6 dəfə böyümüş və hər vətəndaşa düşən nominal ümumi daxili məhsul orta hesabla hər 5 ildən bir 2 dəfədən çox artıb. Bunun nəticəsi olaraq, Azərbaycan Dünya Bankının adambaşına düşən Ümumi Milli Gəlir təsnifatına görə “yuxarı orta gəlirli” ölkələr sırasında yer alıb. Eyni zamanda bu təşkilatların hesabatlarında Azərbaycan MDB ölkələri arasında son 5 ildəki birinciliyini qoruyub saxlayıb. Həmçinin makroiqtisadi mühit göstəricisi üzrə də ölkəmiz dünyada 8-ci, ümumi milli yığımın ümumi daxili məhsula nisbətinə görə 10-cu, dövlət borcunun ümumi daxili məhsula nisbətinə görə isə 13-cü yerdə qəararlaşıb”.
Məlahət İbrahimqızı vurğulayıb ki, Azərbaycanda aparılan hər bir sosial islahat paketinin mühüm tərkib hissələrindən biri də pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlıdır: “Son beş ildə ölkəmizdə ardıcıl və geniş miqyas alan sosial islahatlar nəticəsində bu istiqamətdə 1,1 milyon vətəndaşı əhatə edən pensiya təminatı sahəsində də ciddi irəliləyişlərə nail olunub. İcra olunan sosial islahatların hər birində minimum pensiya artımı təmin edilib. Növbəti artım olaraq yeni sosial islahat paketi çərçivəsində də dövlət başçısının təsdiq etdiyi yeni qanunla 2023-cü ilin 1 fevralından 240 manatdan 280 manata çatdırılıb. 1 fevral 2023-cü il tarixinə məbləği 280 manatdan az olan pensiyaların məbləğləri həmin məbləğə çatdırılıb. Eyni zamanda həmin tarixdən sonra pensiyaya çıxacaq şəxslərə təyin edilən pensiyanın minimum məbləği də artıq 240 deyil, 280 manat təşkil edib. Məhz atılan bu addımlar nəticəsində hazırda minimum pensiya məbləği 2023-cü il üzrə pensiyaçılar üçün müəyyən edilmiş yaşayış minimumunu (199 manat) 81 manat və ya 40,7 faiz üstələyib. Beləliklə, son 5 ildə aparılan sosial islahatlar nəticəsində minimum pensiyanın 2,5 dəfə artırılaraq 110 manatdan 280 manata çatdırılmasına nail olunub. Ümumilikdə isə pensiyaçıların sosial müdafiəsində yeni istiqamət və onlara əlavə dəstək olaraq 2022-ci ilin əvvəlindən pensiyaçılara maddi yardımlar verilməsi təmin olunub: ümumi əsaslarla pensiya təyin olunmuş şəxslərə 2022-ci il üzrə rüblər üzrə bölünüb verilməklə 200 manat, pensiyaçı hərbçilərə, xüsusi rütbəli şəxslərə və b. isə 2022-ci ilin əvvəlindən pensiyalarının 10 faizi qədər aylıq maddi yardım ödənilib”.
Komitə üzvü bildirib ki, 2023-cü ilin əvvəlindən həmin maddi yardımlar pensiyaların tərkibinə daxil edilməklə artırılıb: “Bu artım edildikdən sonra isə, Prezident İlham Əliyevin Sərəncamı ilə 2023-cü il 1 yanvar tarixinədək təyin edilmiş pensiyalar 2022-ci il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 14,7 faiz indeksləşdirilməklə bu ilin 1 yanvar tarixindən artırılıb. Yanvar ayının artımının fevral ayının pensiyası ilə birgə verilməsi nəzərdə tutulub. Göründüyü kimi, həm pensiyaların sığorta hissəsinin, həm qulluq stajına görə pensiyasına əlavələr təyin edilmiş pensiyaçılara münasibətdə həmin əlavələrlə birlikdə müəyyən edilib. Bununla da 2023-cü il yanvarın 1-dən əmək pensiyalarının tərkibinə daxil edilən maddi yardımların indekləşdirmə əsasında artımı təmin olunub”.