Dünyada karbon emissiyalarının azaldılması və iqlim dəyişikliyinə qarşı mübarizədə qlobal səylərə Azərbaycan da öz dəstəyini göstərir. Bu çərçivədə enerji balansında bərpa olunan enerjinin mövqeyini möhkəmləndirən istiqamətlərdə ölkəmizdə mühüm işlər görülməkdədir. “Azərbaycan 2030”: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də ölkəmizdə “yaşıl enerji” istehsalının genişləndirilməsi məsələsi xüsusi olaraq öz əksini tapıb.
Bunu Siyasetinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O hesab edir ki, ölkəmizin qarşısında bu istiqamətdə dayanan başlıca hədəf ümumi enerji istehsalı gücündə bərpaolunan enerjinin payını indiki 17,3 faizdən 2025-ci ildə 24, 2030-cu ildə isə 30 faizə çatdırmaqdır: “Bu sahədə qanunvericilik bazası da mövcuddur. 2021-ci ildə qəbul edilmiş “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” qanunun qəbul edilib. Eyni zamanda “Bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi qaydaları” və “Bərpa olunan enerji mənbələri üzrə informasiya sisteminin Əsasnaməsi”nin layihələri hazırlanıb”.
Deputat deyib ki, Azərbaycan karbohidrogen ehtiyatları ilə zəngin olmaqla yanaşı, ölkədə bərpa olunan enerji mənbələrindən istifadə üçün də çox böyük potensial mövcuddur: “Artıq işğaldan azad edilmiş ərazilər “yaşıl enerji” zonasına daxil edilib. 30 ildən sonra erməni işğalından azad edilən ərazilərdə artıq bir neçə su-elektrik stansiyası inşa edilərək fəaliyyətə başlayıb. Paralel olaraq bu ərazilərdə külək və günəş enerjisi potensialının da yüksək olduğu müəyyənləşib. Hazırda azad edilmiş ərazilərdə günəş enerjisi stansiyasının tikilməsinə dair danışıqlar aparılır”.
Məlahət İbrahimqızı bildirib ki, bu gün bir çox ölkələrdə Azərbaycanın elektrik enerjisinə böyük ehtiyacı var: “Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısındakı çıxışında da məhz bu mövzuya toxunub. Dövlət başçısı vurğulayıb ki, Azərbaycanın elektrik enerjimizə regional bazarlarda böyük ehtiyac var. Amma ölkəmiz daha uzaq ölkələrə, o cümlədən də Avropaya qədər enerji ixracını reallaşdırmaq imkanlarını dəyərləndirir. Hazırda Azərbaycanın Türkiyə, Rusiya, Gürcüstan və İrana elektrik enerjisi ixrac etdiyini nəzərə alsaq digər partnyorlarla da bu istiqamətdə əməkdaşlıq etmək mümkündür”.
Məlahət İbrahimqızı vurğulayıb ki, enerji təchizatının davamlı şaxələndirilməsi zərurətini nəzərər alaraq bu istiqamətdə əsas prioritetlər müəyyənləşib: “Bu mənada ötən il Bakıda Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayenin iştirakı ilə imzalanmış enerji sahəsində Strateji Memorandum Azərbaycanın əsas hədəflərini müəyyənləşdirməkdə başlıca amil kimi dəyərləndirilir. Hazırda regionda və Avropa qitəsində elektrik enerjisinə böyük ehtiyac var. Sözsüz ki, Azərbaycan müxtəlif formatlarda və müxtəlif ölkələrlə birgə həyata keçirdiyi bütün layihələrin uğurla başa çatmasını təmin edib. İndiki həssas dövrdə Azərbaycanın Avropa qitəsində həm təbii qaz, həm də bərpa olunan enerji istehsalı ilə bağlı gələcək layihələri də sözsüz ki, uğurla yekunlaşacaq”.