“Siyasi partiyalar haqqında” Qanunun təkmilləşdirilməsi son dərəcə vacibdir. Məlumdur ki, Qanun 30 il əvvəl qəbul edilib və ötən müddətdə ölkənin ictimai-siyasi həyatında xeyli dəyişikliklər baş verib. Bu mənada Qanunda dəyişikliklərin edilməsi labüd idi.
Siyasetinfo.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
Deputat bildirib ki, siyasi partiyalardan daxil olan təkliflər də nəzərə alınmaqla hazırlanan qanun layihəsi bir neçə dəfə ictimai dinləmələrə çıxarılıb. Yenilənmiş variantda ictimai müzakirələr zamanı irəli sürülmüş təkliflər də nəzərə alınıb. Keçirilən dinləmələr zamanı da qanun layihəsinin təkmilləşdirilməsi istiqamətində irəli sürülən rəy və təkliflərə xüsusi diqqət yetirilib.
“Siyasi partiyalar haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ölkə Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Qanundan və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir. Qanun 6 fəsil, 30 maddədən ibarətdir. Yeni qanun layihəsində, əsasən siyasi partiyaların yaradılması, qeydiyyata alınması və ləğvi qaydalarında dəyişikliklər əksini tapıb.
Beynəlxalq təcrübəyə baxsaq, bir çox Avropa ölkələrində siyasi partiyalarla bağlı qanunvericilik təkmilləşdirilib. Azərbaycanın “Siyasi partiyalar haqqında” qanun layihəsi də hazırlanarkən 20-dən çox ölkənin, o cümlədən Avropanın qabaqcıl ölkələrinin təcrübəsi nəzərə alınıb. Burada söhbət, ilk növbədə, partiyaların fəaliyyətinin təkmilləşdirilməsindən gedir. Ümumiyyətlə, bu gün Azərbaycanda formalaşan siyasi dialoq mühitinin ölkəmizin gələcək siyasi sisteminin təkmilləşməsi üçün böyük əhəmiyyəti var”, – deyə K.Nurullayeva qeyd edib.
Deputatın sözlərinə görə, siyasi partiyaların əhəmiyyətinin artırılması, demokratiyanın inkişafı, iqtisadi azadlıqların bərqərar olması və ölkəmizin güclənməsi həyata keçirilən islahatların strateji hədəfləridir. İqtidar-müxalifət münasibətlərinin sağlam təməllər üzərində inkişaf etdirilməsi Prezident İlham Əliyevin dövlət siyasətini xarakterizə edən əsas göstəricilərdən biridir. Belə ki, ölkədəki bütün siyasi partiya rəhbərləri ilə davamlı görüşlər keçirilir. Yeni siyasi partiyaların dövlət qeydiyyatına alınması, qərargahı olmayan siyasi partiyalar üçün ofislərin ayrılması, azad olunmuş ərazilərə birgə səfərlərin təşkilini xüsusi qeyd etməliyik.
“Bu gün ölkədə fəaliyyət göstərən siyasi partiyaların mütləq əksəriyyəti siyasi dialoq proseslərinin fəal iştirakçılarıdır. Təsadüfi deyil ki, son iki il ərzində siyasi partiyalar tərəfindən imzalanmış birgə bəyanatlar və müraciətlər uğurlu siyasi dialoqun, xalq-dövlət birliyinin təzahürüdür. Azərbaycanda siyasi dialoq sağlam əməkdaşlıq mühiti əsasında formalaşıb və bu, həm də etibarlı münasibətlərin yaranması deməkdir. “Siyasi partiyalar haqqında” Qanunda dövlət qeydiyyatından keçmiş bütün siyasi partiyaların sərbəst fəaliyyətinə təminat verilir. Qanuna əsasən, siyasi partiyaların fəaliyyətinin dövlət tərəfindən hüquqi tənzimlənməsi siyasi plüralizmin təşviqinə xidmət etməlidir”, – deyə Könül Nurullayeva fikirlərini yekunlaşdırıb.