Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində çox vacib məsələlərə münasibət bildirildi. Ölkə başçısı tərəfindən ölkəmizin post-münaqişə dövrü, qarşıda duran vəzifələrdən bəhs edildi. Dövlətin strateji hədəfləri barəsində ətraflı məlumat verildi. Artıq artıq ənənəvi olaraq dövlət başçısı yerli media subyektlərinə, televiziya kanallarına müsahibəsi ilə ölkəmizdə görülən işlər barəsində cəmiyyətin məlumatlı olması təmin olunur. Hər kəsə məlumdur ki, Prezident İlham Əliyev vaxtaşırı olaraq xarici media subyektlərinə də müsahibələrində ölkəmiz və regional məsələlər, qlobal miqyasda baş verən proseslərə dair dəqiq informasiyalar, istiqamətlərdən bəhs olunur. Vətən Müharibəsi dövründə Ali Baş Komandan 30-dan artıq xarici media təmsilçilərinə müsahibə verib. Məhz bu müsahibələrdə Azərbaycanın haqlı olduğu, 30 ilə yaxın pozulmuş və dünya birliyi, BMT tərəfindən qəbul edilmiş haqqlarının bərpasından danışılıb.
Siyasetinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı, professor Eldar Quliyev deyib.
Professor qeyd edib ki, Prezident bu müsahibəsinə də ölkəmizin inkişaf istiqamətləri, Azərbaycana qarşı çıxan dairələrə və qüvvələrə qarşı da açıq mesajlar verildi: “Müsahibədə həyata keçirilən yüksək səviyyəli siyasi kursun keyfiyyət göstəriciləri Azərbaycan xalqının diqqətinə çatdırıldı. Sözsüz ki bu amil ölkəmizdə vətəndaş-dövlət, xalq-dövlət birliyinin, həmrəyliyinin daha da güclənməsinə xidmət edir. İndiki beynəlxalq münasibətlər sisteminin mürəkkəb olduğu şəraitdə Azərbaycan özünün strateji siyasi mövqeyi ilə regional və geopolitik proseslərə təsir etmək imkanlarına sahibdir. Ölkəmiz eyni zamanda qlobal proseslərə də özünün müsbət töhfələrini verir. Azərbaycan bütün bunların fonunda özünün daxili siyasətini də vətəndaş amili üzərində formalaşdırır. Beynəlxalq aləmin bir üzvü olan Azərbaycan sözsüz ki, qlobal miqyasda baş verən tendensiyalardan da kənarda qala bilmir. Bu mənada hazırda bütün dünyada baş verən iqtisadi çətinliklər, inflyasiya ölkəmizdən də yan keçmir. Məhz Azərbaycanda qeydə alınan inflyasiya da bu səbəblərdəndir. Amma bütün bunlara baxmayaraq özünün sosial dövlət mahiyyətindən çıxış edən Azərbaycan vətəndaşların sosial qayğıları və ehtiyaclarının qarşılanmasını prioritet istiqamət kimi qəbul edib. 2023-cü ilin əvvəlindən minimum əməkhaqqının 15 faiz, minimum pensiyanın 16.7 faiz artması qeydə alınan inflyasiyanın fəsadlarının yumşaldılmasına, zərərlərinin miniumuma endirilməsinə hesablanıb”.
Deputat bildirib ki, ölkəmizdə sosial durumu zəif olan ailələr hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunub: “Təsadüfi deyil ki, bu gün 60 minə yaxın ailə dövlətdən ünvanlı sosial yardım alır, Ölkəmizdə bir ailəyə düşən müavinət 460 manat səviyyəsindədir. Bütün bunlarla yanaşı insanların məşğulluğunu təmin etmək üçün də dövlət tərəfindən ardıcıl proqramlar icra edilir. Artıq 60 min ailənin özünüməşğulluq proqramına cəlb edilməsi sosial siyasətin bariz nümunəsidir. Sözsüz ki, ölkəmizdə sosial ödənişlərlə yanaşı əməkhaqqlarının artırılması da daim diqqət mərkəzindədir”.
Eldar Quliyev hesab edir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasət Azərbaycan vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsini özündə ehtiva edir: “Pensiya və müavinətlərlə yanaşı bu il Azərbaycanda orta aylıq əməkhaqqının 900 manatdan çox olması proqnozlaşdırılır. Bu da işləyən əhali təbəqəsinin sosial ehtiyaclarının qarşılanmasında mühüm faktor kimi qəbul edilir. Bununla yanaşı ölkəmizdə həssas təbəqədən olan insanların qayğıları, ehtiyacları, onların sosial-məişət durumu da daim dövlətin diqqətində olan prioritet istiqamətlərdəndir. Şəhid ailələri və müharibə əlillərinə qayğı dövlət siyasətində başlıca amildir. Təsadüfi deyil ki, 2022-ci ildə şəhid ailələri və müharibə əlillərinə 1500 mənzil verilib. 2021-ci ildə isə bu kateqoriyaya aid ailələrə verilmiş mənzillərin sayı 3 min olub. Ümumilikdə isə Azərbaycanda 13 min ailə bu imkanlardan faydalanıb. Sözsüz ki, bu siyasət bundan sonra da davam etdiriləcək”.
Millət vəkili II Qarabağ Müharibəsindən sonra qarşıda duran əsas vəzifə hərbi qələbəmizin siyasi müstəvidə təsdiqlənməsi naminə dövlətin siyasi-diplomatik müstəvidə gördüyü işlərdən bəhs edib: “Bu gün Azərbaycanın Vətən Müharibəsində əldə etdiyi tarixi qələbəni və bu müharibənin nəticələri dünya tərəfindən qəbul edilir. Artıq yeni bir reallıq yaranıb. Bu reallıq bütün tarixi dövlərdə Azərbaycan xalqının başına gətirilən müsibətləri, qanunsuz olaraq deportasiya olunmasını özündə ehtiva edir. II Qarabağ müharibəsindən sonra tarixi Azərbaycan torpaqlarında yəni, indiki Ermənistanda yurd yerlərindən qovulan azərbaycanlılar və xalqımızın məhv edilmiş maddi-mədəni irsi yenidən gündəmə gətirilib. Çünki indiki reallıq Qərbi Azəraycanlıların öz dədə-baba torpaqlarına qayıtmalı olduğunu buna onların haqq və hüquqlarının çatdığını xarakterizə edir. Artıq Qərbi azərbaycanlıların öz torpaqlara qayıdışı məsələsinin həlli ilə bağlı xüsusi işçi qrupu yaradılıb, vahid konsepsiya üzərində işə başlanılıb. Bu mənada Azərbaycan dövləti əlindən gələni edəcək ki, qərbi azərbaycanlıların hüquqları təmin olunsun. Bu qayıdış sözsüz ki, sülh müstəvisində olacaq”.
(Ardı var)