2022-ci ildə tarixi Qələbəmizi siyasi müstəvidə, beynəlxalq münasibətlər sistemində daha da möhkəmləndirən, öz milli maraqlarını layiqincə təmin edən Azərbaycan idman ölkəsi kimi öz statusunu qoruyub və daha da inkişaf etdirib. Ölkədə dövlət siyasətinin prioritet istiqamətlərindən biri olan Azərbaycan idmanı Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi idman siyasətini uğurla həyata keçirən dövlət başçısı İlham Əliyevin yüksək diqqət və qayğısı ilə əhatə olunub. Azərbaycanın idman ölkəsi kimi dünyada tanınması, bu sahədə əldə etdiyi nailiyyətlər də məhz ölkə başçısının idmanının inkişafına olan diqqət və qayğısı sayəsində əldə edilmişdir. Yanvarın 9-da 2022-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxış edərkən Prezident cənab İlham Əliyev bildirib ki, Azərbaycan özünü dünyada güclü idman dövləti kimi təsdiqləyib və bütövlükdə ölkəmizin dünya arenasında mövqeyi ildən-ilə möhkəmlənir. Biz öz siyasətimizi ardıcıl şəkildə aparırıq. Azərbaycanda sabitlik, əmin-amanlıq, təhlükəsizlik hökm sürür, genişmiqyaslı quruculuq işləri aparılır. Tarixi Zəfərimiz hər bir azərbaycanlı üçün, hər bir vətəndaş üçün, bütün dünya azərbaycanlıları üçün qürur mənbəyidir. Biz gələcək nəsli də vətənpərvərlik ruhunda tərbiyə edəcəyik, necə ki, bunu həmişə etmişik və elə gözəl gənc nəsil yetişdirmişik ki, həm idman arenalarında ölkəmizin bayrağını qaldırır, həm də döyüş meydanında.
Siyasetinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı Tamam Cəfərova deyib.
Deputat bildirib ki, Azərbaycanın beynəlxalq aləmdə idman ölkəsi kimi tanınmasını və mötəbər arenalarda bayrağımızın dalğalanmasını biz şərəf və qürürla seyr ediriksə, bütün bu naliyyətlərin təməlində məhz dövlətin uğurlu idman siyasətinin dayandığını yaxşı bilirik. İdmana olan diqqət və qayğı hər bir ölkənin dövlət siyasətinin əsasını təşkil etməlidir, çünkü idman oyunları, Olimpiadalar dövlətlərarası uğurlu əlaqələrin, dostluğun, sülhün əsasını təşkil edən ünsürlərdəndir. İdman nailiyyətləri həm də istənilən ölkənin inkişaf göstəricilərindəndir. I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları kimi bir çox mötəbər beynəlxalq idman tədbirlərinə, dünya çempionatlarına evsahibliyi edən Azərbaycan 2022-ci ildə də özünü dünyada güclü idman dövləti kimi təsdiqlədi, dünya arenasında mövqeyini möhkəmləndirdi. Bütün bunlar onu göstərir ki, beynəlxalq müstəvidə öz maraqlarını uğurla həyata keçirən Azərbaycan gələcəkdə də yeni uğurlara imza atacaq.
Ötən ildə idman sahəsində böyük nailiyyətlər əldə olunub, deyən millət vəkili Tamam Cəfərova vurğulayıb ki, idmançılar beynəlxalq yarışlarda 800-dən çox medal qazanmışlar, onlardan 300-ə yaxını qızıl medaldır. Dünyada idman sahəsində rəqabət artır, yeni idman ölkələri meydana çıxır. Ona görə hər il bu yüksək nəticələri göstərmək, öz gücünü təsdiqləmək asan məsələ deyil.
Bu nöqteyi-nəzərdən deməliyik ki,2023-cü il bir çox parametrlər üzrə həlledici il olacaqdır. Ölkəmizdə həm dünya, həm Avropa çempionatları keçiriləcək, Olimpiya Oyunlarının təsnifat turnirləri də əvvəllər keçirilmişdir, gələcəkdə də bu, istisna deyil. Yay Olimpiya Oyunlarına hazırlığın son mərhələsindəyik. Bizim bütün idman ictimaiyyətimiz, nazirlik, Milli Olimpiya Komitəsi, federasiyalar, klublar, idman cəmiyyətləri əsas istiqaməti bunda görməlidirlər ki, Azərbaycan Yay Olimpiya Oyunlarında da öz gücünü təsdiqləsin.
Fikirlərinin davamı olaraq millət vəkili qeyd edib ki,dövlət tərəfindən idmanın kütləviliyi təmin edilərək ölkədə sağlam nəsl formalaşdırılır. Sözsüz ki, bu formalaşdırılırmış nəsil də vətənimizin sağlam gələcəyi deməkdir. Bildiyimiz kimi, gənclik və idman bir-brini tamamlayan məfhumlardır. Müasir gənclərin hərtərəfli formalaşmış, rəqabətədavamlı yetişdiriliməsi məhz dövlətin uğurlu gənclər siyasətinin davamıdır. Gənclərimiz tək idman deyil, bütün sferalarda aktiv rolu ilə seçilir, ictimai-siyasi, sosial-iqtisadi tədbirlərin təbliğində də mühüm rol oynayırlar. Bütün bunlar ölkə başçısı İlham Əliyevin və Birinci Vitse- prezident Mehriban xanım Əliyevanın gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanların, yüksək diqqət və qayğının nəticəsidir.
Bu baxımdan xatırlatmalıyıq ki, tarixi torpaqlarımızın işğaldan azad olunmasında vətənpərvərlik ruhunda tərbiyə olunmuş sağlam gəncliyin rolu əvəzsiz olmuşdur. Azərbaycan gəncliyi canını və sağlamlığını xüsusi rəşadətlə Vətənin azadlığı və suverenliyi uğrunda sipər etmişdir.
Onu da deməliyik ki, azad edilmiş ərazilərdə idmanın inkişafı üçün dövlət tərəfindən bütün imkanlar səfərbər edilmişdir. Keçən il Ağdamın Eyvazxanbəyli kəndində Qarabağ Atçılıq Kompleksinin təməli qoyuldu. Qarabağ Atçılıq Kompleksi işğal dövründə Ağcabədi rayonunda yaradılmışdır. Ancaq qərar qəbul olundu ki, bunun əzəli yerində – Eyvazxanbəyli kəndində çox gözəl, müasir atçılıq kompleksi yaradılsın. Artıq işlərə start verilmişdi. Bütün bunlar onu deməyə əsas verir ki, işğaldan azad olunmuş tarixi ərazilərimizdə idmanın müxtəlif növlərinin inkişafı üçün bütün imkanlardan istifadə ediləcək – deyə millət vəkili Tamam Cəfərova belə fikirlərini yekunlaşdırıb.
Tapdıq Qurbanlı