Xalqımızın və dövlətimizin tarixinin ən əhəmiyyətli günlərindən biri olan, Qurtuluş günü ərəfəsindəyik. Bu günü Azərbaycan xalqı böyük coşqu hissi ilə qeyd edir. 30 il öncə xalqımız tarixinin ağrılı günlərini yaşayırdı, yenicə müstəqilliyinin bərpasına müvəffəq olmuş Azərbaycanda dərin böhran hökm sürürdü. Belə bir taleyüklü şəraitdə həmin dövrün mövcud iqtidarı müstəqilliyi saxlamaq gücündə deyildi. Azərbaycan, həmçinin Ermənistanın işğalçılıq siyasətinə qarşı apardığı mübarizədə uduzurdu.
Bütün bunların nəticəsində cəmiyyət sarsıntı içində idi. Xalq sabah nə baş verəcəyindən narahatlıq hissi keçirirdi. Xüsusilə, 1992-ci ilin mayında Şuşa və Laçının işğala məruz qalması, eyni zamanda, həmin faciəli hadisələrdən az sonra hakimiyyətə gələn yeni iqtidarın ölkəni idarə etmək gücündə olmaması mövcud şəraiti daha da ağırlaşdırmış. Hakimiyyəti zəbt etmiş qüvvələrin xəyanəti nəticəsində 1993-cü ilin aprel ayında Kəlbəcərin işgal altina düşmüşdü.
Bir tərəfdən Ermənistanın torpaqlarımızı işğal etməsi, digər tərəfindən ölkə daxilində siyasi böhran, xaosun hökm sürməsi Azərbaycanı ciddi təhlükələrə doğru sürükləyirdi. AXC-Müsavat iqtidarının səriştəsizliyi, dövlət idarəçiliyi sisteminin olmaması, ölkədə fəaliyyət göstərən silahlı dəstələrin 1993-сü ilin əvvəllərindən başlayaraq yol verdikləri başıpozuq əməlləri, ölkəmizin ayrı-ayrı bölgələrində separatçılıq və parçalanma meyillərinin baş qaldırması və bütün bunların ölkənin daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaratması Azərbaycanı bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Ümummilli lider Heydər Əliyev müstəqilliyimizin həmin mərhələsini belə xarakterizə edirdi: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı”.
Belə bir şəraitdə, cıxış yolunu axtaran Azərbaycan xalqı xilasını yalnız Heydər Əliyevin simasında görürdü. Cəmiyyətimizdə böyük nüfuz sahibi olan ziyalılar, ictimai-siyasi xadimlər tərəfindən ulu öndər Heydər Əliyevin ətrafında birləşərək YAP yaradılmışdır.
Burada bir məqamı da xatırladım ki, o zaman nüfuzlu ziyalılar, ictimai-siyasi xadimlər tərəfindən partiya yaradılması üçün ulu öndər Heydər Əliyevə müraciət edilməsi heç də təsadüfi deyildi. Dahi şəxsiyyətin siyasi təcrübəsi, biliyi, xalq qarşısında göstərdiyi xidmətlər, Naxçıvanda çalışdığı dövrdə isə əsl vətənpərvərlik və xalqa sadiqlik nümayiş etdirməsi Azərbaycanın mütərəqqi düşüncəli insanlarının onun ətrafında sıx birləşməsi zərurəti yaradırdı. Burada, şübhəsiz ki, Ulu Öndərin 1970-1980-ci illərin əvvəllərində gördüyü işlər də xüsusi önəm daşıyırdı.
Yeri gəlmişkən, Heydər Əliyevin ölkəmizə rəhbərliyinin birinci dönəmində Azərbaycan keçmiş Sovet İttifaqının müttəfiq respublikaları arasında bütün göstəricilərə görə ilk sıralarda qərarlaşmışdı. Azərbaycan donor respublika səviyyəsinə yüksəlmiş, sənaye və kənd təsərrüfatı sahələrində möhtəşəm uğurlar əldə edilmişdi. Bütün bunlarla bərabər, Heydər Əliyevin qətiyyəti, müdrikliyi, xalqla daim təmasda olması, korrupsiyaya və rüşvətxorluğa qarşı amansız mübarizə aparması da bu dahi şəxsiyyətə xalq sevgisi qazandırmışdı.
Digər mühüm amil isə Heydər Əliyevin Naxçıvan dövrü ilə bağlı idi. Belə ki, həmin vaxt Naxçıvan həm Ermənistanın, həm də ovaxtkı Azərbaycan rəhbərliyinin əsassız hücumlarına, təqiblərinə məruz qalırdı. Muxtar respublika blokada şəraitində yaşayırdı. Belə bir mühitdə-sosial problemlərin ağırlığı altında əhali Heydər Əliyev amilini nəzərə alıb bütün çətinliklərə sinə gərirdi. Digər tərəfdən, erməni faşizmi də muxtar respublikada öz istəklərinə nail ola bilmirdi. Halbuki Qarabağdan sonra onların növbəti hücum hədəfi Naxçıvan idi. Lakin buna baxmayaraq, dahi şəxsiyyətin rəhbərliyi ilə əhali Naxçıvanı qoruya bildi, ayrı-ayrı vaxtlarda düşməni yerinə oturtmağa nail oldu.
Burada onu da qeyd edim ki, o zaman Naxçıvan erməni məkri, Azərbaycan rəhbərliyinin ögey münasibəti nəticəsində blokada vəziyyətinə düşmüşdü. Belə bir vaxtda – 1990-cı ilin iyul ayında xalqımızın böyük oğlu Heydər Əliyevin Naxçıvana gəlməsi muxtar respublikanı başı üzərini almış təhlükədən, erməni işğalından xilas etdi.
Ulu öndər Heydər Əliyev yaxşı bilirdi ki, ermənilərin göz dikdiyi, blokadada saxladığı Naxçıvanın qorunub saxlanması Azərbaycan dövlətçiliyi, bütövlükdə, türk dünyası üçün mühüm önəm daşıyır. Bu barədə Prezident İlham Əliyev çıxışlarının birində bildirib: “Demək olar ki, ölkəmizin müstəqilliyinin bünövrəsi məhz o illərdə qoyulmuşdur. 1990-cı ildə Heydər Əliyevin rəhbərliyi altında Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının Ali Sovetinin sessiyasında qəbul edilmiş tarixi qərarlar Azərbaycanın dövlət müstəqilliyini şərtləndirdi”.
Xatırladım ki, həmin dövrdə “Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikası Ali dövlət hakimiyyəti orqanı haqqında”, “Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında” və “1990-cı il yanvar ayında törədilmiş Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” qərarlar xalqımızın müstəqillik və milli dövlətçilik yolunda qəbul edilən ilk rəsmi sənədlər idi. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli dövlət bayrağının Naxçıvan MR-in Dövlət Bayrağı kimi təsis olunması və Azərbaycanın ali hakimiyyət orqanları qarşısında dövlət rəmzləri haqqında qərar qəbul edilməsi vəsatətinin qaldırılması da dahi şəxsiyyətin uzaqgörən, müdrik siyasətindən irəli gəlirdi.
Ümummilli liderimiz tərəfindən hazırlanan və qəbul edilən “1990-ci il yanvar ayında törədilmiş Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” qərar da ilk dəfə qanlı Yanvar hadisələrinə düzgün siyasi qiymət verilməsinin bariz nümunəsi idi.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən həmin dövrdə qəbul edilən qərarlar içərisində öz tarixi əhəmiyyətinə görə 1991-ci il 16 dekabr tarixli “31 Dekabr Dünya Azərbaycan türklərinin milli həmrəylik və birlik günü haqqında” tarixi qərarın qəbul edilməsi də Heydər Əliyev müdrikliyinin və uzaqgörənliyinin təcəssümü idi.
Ümumiyyətlə, Ülu Öndərin rəhbərliyi ilə irəli sürülən ideyalar və bu istiqamətdə Naxçıvanda qəbul edilən qərarlar Azərbaycan ictimaiyyəti tərəfindən yekdilliklə dəstəklənirdi. Məhz ölkə ictimaiyyətinin təsiri nəticəsində az sonra Azərbaycan SSR rəhbərliyi də bəzi addımlar atmalı oldu. Dövlətin adı dəyişdirilərək “Azərbaycan Respublikası” adlandırıldı, Azərbaycan Xalq Cümhuriyyətinin vaxtı ilə qəbul etdiyi üçrəngli bayraq Azərbaycan Respublikasının Dövlət Bayrağı kimi təsdiqləndi.
Azərbaycanı yaranmış bu təhlükəli vəziyyətdən yalnız böyük dövlət xadimi, dahi şəxsiyyət Heydər Əliyev xilas edə bilərdi. Dövlətçilik anlayışından bixəbər olan və hərbi birləşmələri əslində öz məqsədləri üçün istifadə edən ayrı-ayrı şəxslərin hədələrindən qorxub gizlənmiş və bu təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən AXC-Müsavat cütlüyü sonda Heydər Əliyevdən imdad istədi.
Məhz belə bir zamanda, 1993-cü il iyunun 9-da Umummilli lider Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib Naxçıvandan Bakıya gəldi və Azərbaycanı məhv olmaqdan ,parçalanmaqdan xilas etdi.Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirmiş, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtarmış, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını almış, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etmişdir. Xilaskarlıq missiyasını öz üzərinə götürən Heydər Əliyev Bakıda hakimiyyət davasının getdiyi bir vaxtda həyatını təhlükə altında qoyaraq dərhal Gəncəyə yollandı və orada baş qaldırmış qiyamın qarşısını aldı.
1993-cü il iyunun 15-də Ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinə Sədr seçilməsi ölkəmizin siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu. Azərbaycanın mürəkkəb kataklizmlərlə müşayiət edilən daxili siyasi böhrandan qurtulması məhz bundan sonra mümkün oldu.
Böyük risklərə baxmayaraq, Ulu Öndər dövlətin və dövlətçiliyin qorunması məsuliyyətini öz üzərinə götürdü. “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır” – deyən Ümummilli lider problemlərin həlli üçün, ilk növbədə, bütün səylərini ölkədə vətəndaş həmrəyliyinin, sabitliyin təmin olunmasına yönəltdi və buna nail oldu, inkişafın təməllərini qoydu.
Ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi əsasında atdığı praqmatik addımlar sayəsində ölkədə hökm sürən dağıdıcı proseslərin aradan qaldırılmasına nail olundu. Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş günü Azərbaycan tarixinin şanlı qürur səhifəsinə çevrildi. Belə ki, Ümummilli lider Heydər Əliyev Azərbaycanı vətəndaş müharibəsindən – qarşıdurmadan, tənəzzül və məhv olmaq təhlükəsindən xilas edərək dirçəliş yoluna çıxardı, uğurlu dövlət quruculuğu prosesinin əsası qoyuldu. Təkmil siyasi sistemin, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin, siyasi mədəniyyətin əsasının qoyulması, davamlı siyasi-hüquqi islahatların həyata keçirilməsi, eyni zamanda, milli həmrəylik və bütövlüyü təmin edən ideologiyanın yaradılması bu kontekstdə xüsusi əhəmiyyətə malikdir.
Dövlət quruculuğu prosesi fonunda müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi, qarışıq seçki sistemi əsasında parlament seçkilərinin keçirilməsi dövlətin hüquqi əsaslarının gücləndirilməsi, başqa sözlə, müasir dövlətçilik sisteminin bərqərar edilməsi üçün möhkəm hüquqi baza yaratdı. Kütləvi informasiya vasitələri üzərində senzura aradan qaldırıldı, insan və vətəndaş hüquq və azadlıqları təmin edildi. Bununla yanaşı, məhkəmə islahatlarının həyata keçirilməsi, Konstitusiya Məhkəməsinin və digər mühüm təsisatların yaradılması ölkədə demokratikləşmə prosesinin irəliyə aparılmasında mühüm rol oynadı. Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət quruldu, vətəndaş cəmiyyətinin bərqərar edilməsi istiqamətində ciddi addımlar atıldı. Ombudsman təsisatının yaradılması, ölüm hökmünün ləğv edilməsi kimi islahat xarakterli addımlar da xüsusi vurğulanmalıdır. Digər tərəfdən, ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası özündə ümumbəşəri səciyyə daşıyan və milli dəyərlərə cavab verən prinsipləri ehtiva etməklə milli həmrəyliyi təmin edən mühüm faktor oldu. Bir sözlə, Ulu öndər Heydər Əliyev Azərbaycanı sözün əsl mənasında, müstəqil ölkəyə çevirdi, müstəqilliyimizi daimi və dönməz etdi.
Praqmatik xarici siyasət nəticəsində Azərbaycan nüfuzlu dövlətə çevrildi, ölkəmizin dostlarının və tərəfdaşlarının sayı artdı.
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kurs Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsini, ikitərəfli və çoxtərəfli əməkdaşlıq münasibətlərinin formalaşmasını da təmin etdi. Ulu öndərin həyata keçirdiyi praqmatik xarici siyasət kursunun mühüm istiqamətlərindən birini enerji resurslarından səmərəli istifadə olunması və bu kontekstdə Azərbaycanın etibarlı strateji tərəfdaşa çevrilməsi təşkil edirdi. İlk növbədə 1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan sarayında dünyanın 8 ölkəsindən 11 iri neft şirkəti ilə “Əsrin müqaviləsi” adlanan beynəlxalq saziş imzalandı. Bununla da Azərbaycanın iqtisadi müstəqilliyinin və dünya iqtisadi sisteminə inteqrasiyasının möhkəm təməli qoyuldu. Ulu öndər Heydər Əliyevin uzaqgörənliyi və qətiyyəti sayəsində imzalanmış “Əsrin müqaviləsi”ndən başlanan enerji siyasəti Azərbaycanın regional və qlobal miqyasda enerji təhlükəsizliyinin təminatına müstəsna töhfələr bəxş etməsini şərtləndirməklə yanaşı, ölkəmizin gücünü və nüfuzunu artıran faktor kimi çıxış etdi. Bundan sonra milli maraqlarımıza müvafiq enerji layihələri gerçəkləşdirildi və bütün bunlar Azərbaycanın etibarlı strateji tərəfdaş kimi ikitərəfli və çoxtərəfli xarici əlaqələrinin səmərəlilik səviyyəsini artırdı. Ölkəmiz miqyasına görə regional, əhəmiyyətinə görə isə qlobal xarakterli strateji layihələrin mərkəzi oyunçusuna çevrildi. Eyni zamanda, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu uğurlu xarici siyasət sayəsində Azərbaycan qısa zaman kəsiyində regionun güclü və nüfuzlu aktoruna çevrildi, qlobal miqyasda milli dövlətlərin etibarlı strateji tərəfdaşı kimi qəbul edildi. Bu isə milli maraqların təmin edilməsi üçün fundamental strateji faktor oldu.
Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən rasional xarici siyasət strategiyasının mühüm prioritetlərindən birini də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi təşkil edirdi. Məhz Ümummilli lider Heydər Əliyevin əhəmiyyətli səyləri və gərgin əməyi sayəsində bu problemin həllinə yönəlik məqsədyönlü, sistemli və davamlı addımlar atılmağa başlandı. Münaqişənin ATƏT çərçivəsində həll edilməsi üçün təşkil edilən Minsk qrupunda, həmçinin qurumun bir sıra zirvə toplantılarında məsələnin mahiyyətini dünya ictimaiyyətinin diqqətinə çatdıran Ulu öndər Heydər Əliyev dünya dövlətlərini münaqişəyə yanaşmada diqqətli olmağa və məsələnin tezliklə beynəlxalq hüquq normalarına müvafiq surətdə həll edilməsi işində yaxından iştirak etməyə dəvət etdi. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu praqmatik, çoxvektorlu və rasional xarici siyasət kursu ölkəmizin dostlarının və tərəfdaşlarının sayını artırdı, Azərbaycan nüfuzlu dövlətə çevrildi. Əminliklə söyləmək olar ki, Ulu öndərin əsasını qoyduğu daxili və xarici siyasət kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində Azərbaycan bugünkü yüksəlişə və inkişafa nail olub.
Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Dövlətimizin başçısının rəhbərliyi ilə daxili və xarici siyasət sahəsində görülən işlər, əldə edilən nailiyyətlər Azərbaycan dövlətinin qüdrətinin artmasında ifadə olunur. Ötən müddət ərzində Azərbaycan iqtisadi inkişafına, ictimai-siyasi sabitliyinə, beynəlxalq müstəvidə nüfuzuna və mövqeyinə görə güclü, qüdrətli bir dövlətə çevrilib.
Hazırda Azərbaycan dünya miqyasında dayanıqlı inkişafa və möhkəm ictimai-siyasi sabitliyə malik olan ölkə kimi tanınır. Təbii ki, bu inkişafın və sabitliyin əsasında uğurla reallaşdırılan praqmatik daxili və xarici siyasət kursu dayanır. Milli inkişaf modelinin uğurla tətbiq edilməsi və hədəflənən nəticələrin əldə olunması, sosial-siyasi islahatların davamlı olaraq həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyəti və hüquqi dövlətin inkişafına maksimum əlverişli şəraitin yaradılması, möhkəm təməllərə söykənən ictimai-siyasi sabitliyin təmini və mühafizə olunması, ölkəmizin beynəlxalq münasibətlər sisteminin nüfuz, güc iyerarxiyasında sürətlə irəliləməsi və digər nailiyyətlər müasir müstəqil Azərbaycanın gerçəkliklərini təşkil edir. Digər tərəfdən, çoxşaxəli, tarazlaşdırılmış, milli maraqlara əsaslanan xarici siyasət kursuna malik olan Azərbaycan Cənubi Qafqaz regionunun lider dövləti olmaqla yanaşı, müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır. Prezident İlham Əliyevin rəhbərliyi ilə milli maraqlara müvafiq surətdə reallaşdırılan xarici siyasət sayəsində ölkəmiz həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri formalaşdırıb.
Ən mühüm məqam isə, Ulu Öndər Heydər Əliyevin müəyənləşdirdiyi siyasəti layiqincə həyata keçirən Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun 30 ilə yaxın işğal altında olan torpaqlarımızı 44 günlük Vətən müharibəsində azad etməsi, ərazi bütövlüyümüzün bərpa olunmasıdır. Bu həm də, Prezidentimizin ATA vəsiyyətini yerinə yetirməsi demək idi. Ulu Öndərin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi, məcburi köçkünlər qarşısında çıxışlarının birində böyük inamla deyirdi: “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma təkcə Şuşa yox, Laçın dağları da əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İstisuyu – biz onlarsız yaşaya bilmərik”.
Hazırda isə qarşıda dayanan əsas vəzifəmiz işğaldan azad edilmiş ərazilərimizin bərpası və insanların öz doğma yurdlarına qayıtmasının təmin edilməsidir. Prezident, Müzəffər Ali Baş Komandan azad edilmiş torpaqlarda infrastruktur layihələrinin təməlini qoyur, Şuşada Novruz tonqalı alovlandırır, Böyük Qayıdışın reallaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirir. Xalqımız əmindir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə daha uca zirvələr fəth edəcək, düşmənin yerlə-yeksan etdiyi Qarabağ dünyanın ən gözəl guşələrindən birinə çevriləcək. Azərbaycan dövləti Prezidentimiz İlham Əliyevin liderliyi ilə bu mərhələni də uğurla həyata keçirəcək və müstəqil ölkəmiz Heydər Əliyev ideyaları əsasında daha da inkişaf edərək yeni-yeni zəfərlər qazanacaq.
Sevinc Hüseynova
YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı