2021-ci il 15 iyun tarixində Azərbaycanla qardaş Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması tarixi bir hadisədir. Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyənin qardaşlığını dünyaya bəyan edən bir mesajdır. İki qardaş ölkə arasında mövcud olan yüksək münasibətlər keyfiyyət və məzmun baxımından yeni bir mərhələyə yüksəldi. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Şuşada imzalanan Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu.
Bunu Siyasetinfoya YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, Şuşa Bəyannaməsi müttəfiqlik münasibətlərinin geostrateji əhəmiyyətini artırıb: “Şuşa Bəyannaməsi – qardaşlığın yeni tarixi mərhələsihesab edilir. Çünki Şuşa Bəyannaməsinin imzalanması ilə ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə davamlı inkişafını təmin edəcək. Sözsüz ki, Bəyannamə Türkiyə və Azərbaycan arasındakı müttəfiqlik münasibətlərinin bütün əməkdaşlıq sahələrini əhatə edir. Ölkələrimiz arasındakı müttəfiqlik əlaqələri siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri mövcuddur. Həmçinin Şuşa Bəyannaməsi sülhə və inteqrasiyaya yeni və əhatəli sülhə yol açır. Şuşa Bəyannaməsi bölgədə inteqrasiya proseslərini stimullaşdırır. Bəyannamə Qarabağ ərazisində yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının inteqrasiyası üçün əlavə imkanlar yaradır. Təbii ki, Bəyannamənin iqtisadi əhəmiyyəti də olduqca böyükdür. Bu azad edilmiş ərazilərə yeni sərmayə qoyuluşu prosesini stimullaşdıracaq. Regionun artan investisiya potensialı yeni iqtisadi münasibətlərin formalaşmasına səbəb olacaq. Bununla da Şuşa və Şuşa ətrafı bölgələrdə yeni gözəl turizm imkanları formalaşacaq. Təbii ki, Bəyannamə ölkəmizin beynəlxalq nüfuzunu da daha da artırmış olur. Bəyannamədə nəzərdə tutulan hərbi əməkdaşlıq, regional əhəmiyyət daşıyan iqtisadi layihələr və bütün digər müstəviləri əhatə edən təşəbbüslər ölkənin beynəlxalq nüfuzuna mübət təsir göstərəcək”.
Millət vəkili hesab edir ki, Bəyannamə strateji əməkdaşlığın perspektivini təmin edir: “Bu ölkələr arasında münasibətlərin gələcəyini müəyyən edir və iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırır. Eyni zamanda Bəyannamənin icrası keyfiyyətcə daha yüksək işbirliyinin təminatıdır. Tarixi Bəyannamədə xalqlarımızın böyük liderləri Mustafa Kamal Atatürk və Heydər Əliyevin kəlamları öz əksini tapıb. XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdir ki, “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. XX əsrin sonlarında isə Ulu Öndər Heydər Əliyev demişdir ki, “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”. Məhz bu tarixi bağlar və reallıq odur ki, hər zaman birlikdə olan iki qardaş dövlət işğaldan azad olunmuş ərazilərin yenidən qurulması prosesində də sıx əməkdaşlıq edir. Vətən müharibəsində olduğu kimi, işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma işlərində də Azərbaycanla Türkiyənin sıx əməkdaşlığı mövcuddur. Sözsüz ki, ölkəmizin Zəngəzur dəhlizi ilə bağlı böyük geosiyasi və iqtisadi hədəfləri var. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz açılacaq. Türkiyə ilə Azərbaycanı dəmiryolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi artıq reallığa çevrilir. Çünki Zəngəzur dəhlizi geosiyasi əhəmiyyətə malik olan vacib nir nəqliyyat layihəsidir”.
Deputatın fikrincə, Bəyannamədə əksini tapan və iqtisadi inkişafa təkan verəcək məsələlərdən biri də ölkələrin qarşılıqlı surətdə investisiya qoyuluşlarını həyata keçirməsidir: “İqtisadi əməkdaşlıq sahəsində perspektivlərin daha ümidverici olmasını sübut edən amillərdən biri də Türkiyə dövlətinin Şuşa şəhərində konsulluq açması ilə bağlıdır. Bu, hər iki ölkə vətəndaşlarının, iş adamlarının Azərbaycanda, xüsusən də Qarabağ zonasında daha geniş fəaliyyət göstərəcəklərinə bir işarədir. Bütün bunlarla yanaşı iki qardaş ölkə arasında müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələlərinin Bəyannamədə əks olunması tarixi nailiyyətdir. Ölkələr bundan sonra da bir-birinin təhlükəsizliyini təmin edəcək. Müdafiə sənayesi sahəsində əlaqələrin inkişafı ölkələrin hərbi qüdrətini artıracaq. Bu bir reallıqdır ki, II Qarabağ müharibəsində pilotsuz uçuş aparatları böyük rol oynayıb. Artıq Azərbaycan bu prosesdə istehsal mərkəzi kimi inkişaf edəcək. İki qardaş ölkə həm də iki dövlətin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə addımlar atılacaq”.
Sevinc Hüseynova vurğulayıb ki, Şuşa Bəyannamənin imzalanması tarixi rəmzi mənası da olduqca böyükdür: “Şuşa Bəyannaməsi imzalanarkən Azərbaycan Prezidenti İlham Əliyev bu siyasi aktın tarixi əhəmiyyətini vurğulayaraq deyib ki, “Tarixi Qars müqaviləsi düz yüz il əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış Birgə Bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir. Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlıq, fəaliyyətimiz, siyasi əlaqələr, iqtisadi ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur. Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan, dünya üçün önəmi göstərilir. Hər bir məsələ çox böyük önəm daşıyır”.
Təftiş Komissiyasının sədri iyunun 13-də qardaş Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinin əhəmiyyətinə də toxunub: “Qardaş ölkədə prezident seçkilərindən sonra artıq ənənə halını almış bir qayda var ki, ölkə başçısı seçilən şəxs Azərbaycana səfər edir. Bu Azərbaycan üçün də xarakterikdir. Azərbaycan Prezidenti də seçkidən sonra ilk səfərini qardaş Türkiyəyə edib. Bu ənənələr yüksək səviyyədə davam edir. Bu mənada cənab Rəcəb Tayyib Ərdoğanın prezident seçkilərində iştirakından və yenidən qardaş ölkə prezidenti seçilməsindən sonra ilk dəfə Azərbaycana səfəri tarixi ənənələrin, bağların ən yüksək səviyyədə davam etdirilməsi deməkdir. Bu səfər sözsüz ki, yüksək səviyyədə olan iki qardaş ölkə münasibətlərinin xarakterinə müsbət təsir edəcək. Eyni zamanda bu Azərbaycan-Türkiyə birliyinin və qardaşlığının dünyaya bəyan edilməsi baxımından açıq bir mesajdır”.