Ermənistan heç vaxt düzgün və müstəqil siyasət yürütməyib. Bu ölkə hər zaman digərləi üçün alət rolunda olub. Tarixi Azərbaycan torpaqlarında yaradılan Ermənistan məhz başqaları üçün sadəcə olaraq “maşa” kimi istifadə edilib. Çünki bu bölgəyə və regiona aidiyyatı olmayan Ermənistan cəmiyyətinin, dövlətinin bütün davranışları heç biri sivil qonşuluq dəyərlərinə, normal münasibətlərə uzlaşmır. Bu dövlət və xalq hər zaman başqalarına məxsus olana, onun dəyərlərini mənimsəməyə can atıb. Bu mənada 30 ildən artıqdır ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü və bunun nəticəsində 20 faizə yaxın ərazilərimizi işğalda saxlaması kimi bir acı reallıq var idi. Sadəcə olaraq 2020-ci ilin 27-i sentyabrından güclü Azərbaycan Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yeni bir reallıq yaratdı. Bu reallıq separatizmi və terrorçuluğu bölgədən birdəfəlik silib atmaqla yanaşı, sülhü təşviq edir.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
O qeyd edib ki, Azərbaycan II Qarabağ müharibəsində tarixi Zəfərə imza atdıqdan sonra Ermənistana beynəlxalq hüququn norma və prinsiplərinə uyğun sülh konsepsiyası təklif edib: “Artıq üç ilə yaxındır ki, Azərbaycanın sülh konsepsiyası üzərində danışıqlar gedir. Brüssel Moskva, Vaşinqon və müxtəlif platformalarda Azərbaycan özünün sülhdən yana olduğunu ortaya qoyur. Bunun hər iki dövlət və xalqla yanaşı bölgə üçün vacibliyi önə çəkilir. Sadəcə olaraq hər zaman olduğu kimi Ermənistan və onun rəhbərliyi prosesi uzadır, mümkün sülh müqaviləsinin imzalanmasını hər vəchlə pozmağa çalışır”.
Deputat hesab edir ki, özünün Qərbdə bir cür, Moskvada tamam başqa bir vəziyyətdə aparan və təqdim edən Ermənistanın baş naziri Nikol Paşinyan öz hərəkətləri, davranışları ilə siyasətçiyə xarakterik olmayan bir nümunə sərgiləyir: “Bu günlərdə onun davamlı olaraq Rusiyaya səfərləri, Moskva ilə təmaslara daha çox önəm verməsi də diqqətdən yayınmır. Halbuki özünü Qərbpərəst hesab edən N.Paşinyan üçün bu xarakter bir qədər qaranlıq görünür. Çünki o dünənə qədər anti-Rusiya mövqeyi sərgiləməklə daha çox Avropa Birliyinə, Qərbə doğru istiqamət götürən bir siyasi xəttə sadiq olduğunu deyirdi. İndiki halda onun Rusiyapərəst görünməyə çalışması bir qədər təəcüblüdür. Soros Fondunun dəstəyi ilə hakimiyyətə gələn, hər addım başı Rusiyanı bu və ya digər məsələlərdə ittiham edən N.Paşinyan indiki halda Moskva “sevgisinin” haradan və necə yaranması müəmmalıdır”.
Aqil Məmmədova görə, dövlət başçısı və ciddi siyasətlə məşğul olan bir şəxsin gündə bir mövqedən çıxış etməsi, hər saat başı öz mövqeyini dəyişməsi qəbul edilən hal deyil: “Bu siyasi riyakarlıq və ikiüzlülükdən başqa bir şey deyil. Ona görə də, N.Paşinyan Qərbdə daha çox avropalı kimi görünməsi, Rusiya platformasında isə özünü Moskva sevdalısı kimi aparması, onun iki stulda oturmaq cəhdindən başqa bir şey deyil”.