Azərbaycanın öz ərazisində atdığı hər bir addım onun fundamental hüququdur. Laçın-Xankəndi yolunun girişində Azərbaycan dövlətinin nəzarət-keçid buraxılış məntəqəsi yaratması ölkəmizin suveren hüququdur və bu beynəlxalq normalarda açıq şəkildə təsbit edilib. Ölkələrin ərazi bütövlüyü və suverenliyi, sərhədləri toxunulmazdır. Ona görə də, Azərbaycanın öz sərhədlərində yaratmış olduğu inzibatı qaydalar onun daxili işidir. Hansısa bir dövlətin və yaxud təşkilatın bu məsələ ilə bağlı münasibət bildirməsi ölkəmizin daxili işlərinə birbaşa müdaxilədir.
Bunu Siyasətinfo-ya açıqlamasında YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, Fransanın sona kimi ermənipərəst mövqedən çıxış edərək Azərbaycana qarşı absurd mövqedə dayanması qəbuledilməzdir: “Bu mənada 23 aprel 2023-cü il tarixində Azərbaycan tərəfinin Laçın-Xankəndi yolunun başlanğıcında Azərbaycan-Ermənistan sərhədində nəzarət-buraxılış məntəqəsinin təsis etməsi tədbiri ilə əlaqədar Fransa Avropa və xarici işlər nazirliyi tərəfindən verilmiş bəyanat tamamilə əsassızdır. Fransa nəhayət dərk etməlidir ki, Azərbaycan tərəfindən öz suveren ərazisində, sərhəddində nəzarət-buraxılış məntəqəsi təsis etməsi ölkəmizin suveren və legitim hüququdur”.
Deputat hesab edir ki, Azərbaycan dövlətinin atdığı bu addımın guya üçtərəfli bəyanata, hər hansı bir beynəlxalq sənədə və ya məhkəmə qərarına zidd olduğu iddiası da məntiqsizdir: “Azərbaycan hər zaman olduğu kimi, öz öhdəlikləri çərçivəsində Laçın-Xankəndi yolunda hərəkət edən vətəndaşların, nəqliyyat vasitələri və yüklərin təhlükəsizliyinə zəmanət verir. Ölkəmiz bundan sonra da bu istiqamətdə müvafiq tədbirləri həyata keçirəcək”.
Sevinc Hüseynovaya bildirib ki, Azərbaycan bölgədə sülhün, sabitliyin fonunda inkişafın təmin edilməsində maraqlıdır: “Ölkəmiz ərazi bütövlüyü və suverenlik kimi beynəlxalq hüquq prinsiplərinə hörmət əsasında Ermənistanla münasibətləri normallaşdırmaq niyyətindədir. Ona görə də, Fransanın birtərəfli mövqe sərgiləməsi sadəcə olaraq normallaşma prosesinə maneçilik cəhdlərindən başqa bir anlam kəsb etmir”.