Prezident İlham Əliyevin aprelin 10-da Qazaxıstana rəsmi səfəri dostluq və qardaşlıq əlaqələrinə, münasibətlərin bundan sonrakı inkişafına və xarakterinə mühüm təsir göstərəcək. Artıq Azərbaycan-Qazaxıstan münasibətləri bəli bir inkişaf tepminə malikdir. Azərbaycan Prezidentinin səfəri zamanı da hər iki ölkənin rəhbəri qarşılıqlı əlaqələrin inkişafını geniş müzakirə edib, dövlətlərarası sənədlərə imza atılıb. Prezident İlham Əliyevin vurğuladığı kimi “Artıq Qazaxıstanla bizim münasibətlərimiz keyfiyyətcə yeni səviyyəyə çatıb”. Eyni zamanda dövlətimizin başçısı Azərbaycanla Qazaxıstan arasında əlaqələrin daha da güclənməsinə böyük önəm verildiyini diqqətə çatdırıb.
Bunu Siyasətinfo-ya açıqlamasında YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı, Azərbaycan və Qazaxıstan parlamentlərarası dostluq qrupunun üzvü Sevinc Hüseynova deyib.
Millət vəkili ötən ilin avqustunda iki ölkə arasında strateji münasibətlərin və müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi haqqında imzalanan Bəyannamənin əhəmiyyətinə toxunub: “Sözsüz ki, bu sənəd iki ölkə arasında münasibətlərin gələcək xarakterini və formasını müəyyən edir. Strateji müttəfiqlik qarşılıqlı fəaliyyətin yüksək səviyyəsidir. Bu amil ölkələrimizi məhz strateji xarakterli əməkdaşlığa yönləndirir. Prezident İlham Əliyevin aprelin 10-da Astanaya səfəri çərçivəsində imzalanan sənədlər isə qarşılıqlı əlaqələrimizin hüquqi bazasınıın əhəmiyyətli dərəcədə güclənməsinə xidmət edəcək. Məhz bu səfər zamanı da dövlət başçılarının mətbuata bəyanatında Prezident İlham Əliyevin dediyi kimi, ölkələrimiz arasında müttəfiqlik münasibətləri bizim qarşılıqlı fəaliyyətimizin gələcək inkişafının möhkəm təməlidir: “Bu gün biz bu təməli konkret məzmunla zənginləşdiririk və ötən ilin avqust ayında Bakıda qəbul edilmiş qərarlar bu gün artıq reallaşır”.
Deputat Azərbaycanın Mərkəzi Asiya ölkələri, o cümlədən regionun türk dövlətləri ilə münasibətlərinin əhəmiyyətindən bəhs edib: “Son illər Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə, region dövlətlərinin başçılarının isə Azərbaycana səfərləri müntəzəm xarakter alıb. Bu isə təbii olaraq ölkələrarası əlaqələrin inkişafına, yeni əməkdaşlıq imkanlarının yaranmasına imkanlar açır. Məhz bu müstəvidə Azərbaycanın sıx, tarixi əlaqələrə malik olduğu türk dövlətlərindən biri də Qazaxıstandır. Azərbaycan və qazax xalqları arasında mövcud olan tarixi, mədəni və dini ortaqlıqlar iki ölkə arasındakı əlaqələrin ənənəvi dostluq və qardaşlıq münasibətləri, əsrlərə dayanır. Təsadüfi deyil ki, hazırda Qazaxıstanda iki yüz minə qədər azərbaycanlı yaşayır ki onlar bu ölkənin elm, incəsənət, kənd təsərrüfatı, biznes və digər sahələrində çalışır, ictimai-siyasi həyatda yaxından iştirak edir”.
Təftiş Komissiyasının sədri bildirib ki. Azərbaycanla Qazaxıstan arasında diplomatik əlaqələr 1992-ci il avqustun 30-da yaradılıb: “1993-cü ilin yanvarında Qazaxıstanın Azərbaycanda, 2004-cü ilin martında isə Azərbaycanın bu ölkədə səfirlikləri fəaliyyətə başlayıb. 2008-ci ilin sentyabrında Azərbaycanın Qazaxıstanın Aktau şəhərində baş konsulluğu açılıb. Ötən il Prezident İlham Əliyevin Qazaxıstanda oktyabrın 13-14-də səfərdə olub. Dövlətimizin başçısı Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin VI Zirvə Toplantısında, həmçinin Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasında iştirak edib. Eyni zamanda ötən il avqustun 24-də isə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkəmizə rəsmi səfərdəə olub. Sözsüz ki, dövlət başçılarımızın sıx münasibətləri ölkələrimiz arasında əlaqələrə mühüm töhfə verir və ikitərəfli əməkdaşlığın yüksələn xətlə inkişafına, daha da güclənməsinə xidmət edir. Ümumiyyətlə, Azərbaycan və Qazaxıstan prezidentlərinin son illər qarşılıqlı yüksək səviyyəli səfərləri ikitərəfli münasibətlərə müsbət təsirini göstərib. Bütün bunlarla yanaşı Qazaxıstanda Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığına həsr olunmuş sənədli film çəkilib, nümayiş olunması mühüm əhəmiyyətə malikdir. Bu, qazax xalqının Ümummilli Liderə Heydər Əliyevə verdiyi böyük dəyərin bariz nümunəsidir.
Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş sənədli filmdə Qazaxıstan-Azərbaycan dostluq münasibətlərinin inkişafında Ümummilli Liderin xidmətlərindən bəhs edilir. Ekran əsərində hər iki ölkənin siyasi, dövlət və ictimai xadimlərinin Ulu Öndərlə bağlı xatirələri əksini tapıb. Müəllifi jurnalist Asimə Nurbayevna olan filmin çəkilişləri Astana, Aktau və Bakıda aparılıb”.
Sevinc Hüseynova vurğulayıb ki, iki ölkənin dostluq münasibətlərinə malik olmasını nümayiş etdirən məqamlardan biri də Qazaxıstanda Ulu Öndərin adını daşıyan küçənin mövcudluğudur: “Belə ki, paytaxt Astananın mərkəzi küçələrindən biri xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adını daşıyır. Bununla yanşı iki ölkə arasında əməkdaşlıq ikitərəfli formatla yanaşı, çoxtərəfli səviyyədə də, xüsusilə Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində uğurla davam etdirilir. Hər iki ölkə TDT çərçivəsində əməkdaşlıq sahələrinin genişləndirilməsində və inkişaf etdirilməsində öz mövqeyini ortaya qoyub. Bütün bunlar onu deməyə əsas verir ki, ortaq soykök və tarixi-mədəni əlaqələrə malik ölkələrimiz arasındakı münasibətlər bundan sonra da hər iki xalqın və dövlətin maraqlarına uyğun inkişaf edəcək”.