II Qarabağ müharibəsi nəticəsində Azərbaycan döyüş meydanında işğalçı Ermənistanı məğlub etdi. 30 ilə yaxın Azərbaycan ərazilərini işğalda saxlayan təcavüzkar dövlət döyüş meydanında məğlub edildi. Ölkəmiz özünün beynəlxalq birlik tərəfindən tanınan, qəbul edilən ərazi bütövlüyü, süverenliyinin bərpasına nail oldu. Tarixi ədalət, 30 ilə yaxın bir dövlətin pozulmuş fundamental, insanların öz yurd-yuvasında yaşamaq hüquqlarına qarşı həyata keçirilən təcavüzkar siyasətə qon qoyuldu.
Bunu Siyasetinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Azərbaycanın döyüş meydanında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə etmiş olduğu tarixi qələbə onun siyasi meydanda da mövqelərinin daha da güclənməsinə zəmin yaradıb: “Ölkəmiz 200 illik dövlətçilik tarixində ilk dəfə tarixi ərazilərini geri qaytardı. Bölgədə işğala son qoyuldu. Separatizmə ağır, sarsıdıcı zərbə vuruldu. Özünün çarəsizliyini və döyüş meydanında ağır məğlubiyyətini qəbul edən Ermənistan 2020-ci ilin 10 noyabrında kapitulyasiya aktına imza atmalı oldu. Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin imzalamış olduğu üçtərəfli razılaşmaya əsasən işğalçı dövlət öz üzərinə öhdəliklər götürdü. 30 ilə yaxın heç bir beynəlxalq təşkilatın Azərbaycan ərazilərinin işğalına son qoymaqla, öz qoşunlarını ərazidən çıxarmaqla bağlı qərarlarını icra etməyən Ermənistan döyüş meydanında Azərbaycan Ordusuna ağır məğlub olduqdan sonra öhdəlikləri icra etməyə məcbur oldu. Ağdam, Kəlbəcər, Laçın heç bir şəhid vermədən, bir güllə atılmadan erməni silahlılarından boşaldıldı. Tarixi torpaqlarımız Azərbaycana təhvil verildi. 30 ilə yaxın işğalda qalan bu rayonlarımızda da digər azad edilmiş torpaqlarımızda olduğu kimi şanlı üçrəngli bayrağımız dalğalandı”.
Deputat deyib ki, Azərbaycanın hərbi-siyasi yolla qazandığı misilsiz qələbə nəticəsində azad edilən Laçın bu gün özünün çiçəklənmə dövrünü yaşayır: “Dövlətimizin işğaldan azad olunan bütün ərazilərdə apardığı sürətli və ardıcıl bərpa-quruculuq işləri Laçın rayonunda da həyata keçirilir. Sözsüz ki, həyata keçirilən bütün layihələr Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun icra edilir. Eyni zamanda Azərbaycan dövləti Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yeni idarəetmə üsulu həyata keçirir. Bu baxımdan mart ayının 28-də Prezident İlham Əliyevin Laçın rayonuna xüsusi nümayəndəni təyin etməsi də yeni idarəetmə üsulunun növbəti təzahürü kimi xarakterizə olunur”.
Məlahət İbrahimqızı bildirib ki, Laçında bu gün böyük quruculuq-bərpa işləri icra edilir: “Şübhəsiz ki, Azərbaycan dövləti Laçın rayonuna qayıdacaq keçmiş məcburi köçkünlərin bundan sonra Laçında rahat yaşamaları üçün lazım olan bütün tədbirləri görür. Artıq Qarabağ və Şərqi Zəngəzurda üçüncü beynəlxalq hava limanı Laçın şəhərində inşa edilir. O bölgədə heç vaxt hava limanı olmadığını nəzərə alsaq Laçın beynəlxalq hava limanının tikintisi daha sonra istifadəyə verilməsi mühüm tarixi əhəmiyyətə malikdir. Ölkə başçı da açıqladı ki, bu ilin sonuna qədər minlərlə keçmiş məcburi köçkün öz doğma torpaqlarına qayıdacaq. Eyni zamanda bu ilin sonuna qədər on minə yaxın bəlkə də daha çox laçınlının ata-baba yurdlarına köçürülməsi nəzərdə tutulub”.