44 günlük Vətən müharibəsində Azərbaycanın hərbi-siyasi yolla qazandığı misilsiz qələbə nəticəsində Laçın rayonu bir güllə atmadan düşmən işğalından azad olunub. Dövlətimiz işğaldan azad olunan bütün ərazilərdə sürətli və ardıcıl bərpa-quruculuq işləri həyata keçirir. Həyata keçirilən bütün layihələr Böyük Qayıdışa dair I Dövlət Proqramının bütün istiqamətlər üzrə yüksək səviyyədə icra olunur. Artıq Azərbaycan dövləti Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yeni idarəetmə üsulu həyata keçirir. Bu baxımdan mart ayının 28-də Prezident İlham Əliyevin Laçın rayonuna xüsusi nümayəndəni təyin etməsi də yeni idarəetmə üsulunun növbəti təzahürüdür. Laçın rayonunda həyata keçirilən bərpa-quruculuq layihələri haqqında ölkə başçısının xüsusi nümayəndəni qəbul edərkən söylədiyi fikirlər onu deməyə əsas verir ki, Azərbaycan dövlətinin güclü iqtisadi potensialı keçmiş məcburi köçkünlərin doğma yurdlarına qısa zamanda qayıtmalarını təmin edəcək.
Siyasetinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı Tamam Cəfərova deyib.
O qeyd edib ki, Laçın rayonu ölkəmizin ən böyük rayonlarından biridir:
“Rayonun çox böyük potensialı var. Şübhəsiz ki, Azərbaycan dövləti Laçın rayonuna qayıdacaq keçmiş məcburi köçkünlərin bundan sonra Laçında rahat yaşamaları üçün lazım olan bütün tədbirləri görür. Dövlət başçısı da Laçına yeni təyin edilmiş xüsusi nümayəndəni qəbul edərkən bildirib: “Bundan sonra Laçın rayonunun həm təhlükəsizliyinin qorunması, həm oraya keçmiş məcburi köçkünlərin tezliklə qaytarılması bizim üçün əsas vəzifələrdən biridir. Laçın rayonunun Ermənistanla sərhəd istiqamətləri üzrə bütün mühəndis-istehkam işləri başa çatmaq üzrədir. Heç vaxt tarixdə olmayan yollar salınıb, Laçın və Kəlbəcər rayonlarında 100 kilometrlərlə ölçülən kəndlərarası yollar, eyni zamanda, hərbi mövqelərə gedən yollar salınıbdır”. Artıq Qarabağ və Şərqi Zəngəzurda üçüncü beynəlxalq hava limanı Laçın şəhərində inşa edilir. O bölgədə heç vaxt hava limanı olmayıb. Bunun üçün dağları kəsərək və böyük torpaq işlərini həyata keçirərək beynəlxalq hava limanı inşa edilir. Bütün bunlar dövlətimizin iqtisadi gücünün əyani göstəriciləridir”.
Millət vəkili hesab edir ki, Prezidentin bu ilin sonuna qədər minlərlə keçmiş məcburi köçkünün doğma torpaqlarına qayıdacağını deməsi hər bir azərbaycanlı üçün sevinc və qürur hissi yaratmış olub:
“Bu ilin sonuna qədər on minə yaxın bəlkə də daha çox laçınlının ata-baba yurdlarına köçürülməsi nəzərdə tutulub. Prezidentin dediyi kimi: “Laçın, nəinki Azərbaycanın dünya miqyasında ən gözəl şəhərlərindən birinə çevriləcək”. Sözsüz ki, Laçın rayonunda digər mühüm məsələlərdən bir də ətraf mühitin qorunmasıdır. Ona görə ki, ermənilər işğaldan azad olunan digər bölgələrimizdə olduğu kimi Laçın rayonunda da çox ciddi ekoloji terror törədib, təbiətə ciddi ziyan vurub. Amma bütün bunlara baxmayaraq orada quruculuq-bərpa işləri ilə yanaşı ətraf mühit, ekoloji balansın da bərpası üçün ciddi işlər görülür. Məhz bu reallıq Laçın rayonun çiçəklənməsinin və ölkə iqtisadiyyatına inteqrasiya olunmasına zəmin yaratmış olacaq”.