30 ilə yaxın xalqımızın bayramlarda, əlamətdar günlərdə ən böyük arzusu Ermənistanın işğalında olan ərazilərimizdə bayramı tonqalları alovlandırmaq olub. Ərazisinin 20 faizi işğal edilmiş, Ermənistan tərəfindən fundamental hüquqları puzulmuş Azərbaycan dövləti və xalqımız hər bayramı bu nisgilin, natamamlığın, hüquqsuzluğun bitməsi arzusu ilə qarşılayıb yola salırdı. Nəhayət, 2020-ci ilin 27-i sentyabrında Azərbaycan dövləti özü təkbaşına beynəlxalq hüququn təməl prinsiplərinə uyğun olaraq özünün ərazi bütövlüyünü, suverenliyini bərpa etmək üçün 44 günlük Vətən Müharibəsinə başlamalı oldu. 30 ilə yaxın yığılmış nisgilə son qoyuldu. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qalib ordumuz 44 gündə işğalçı Ermənistanı ərazilərimizdən qovub çıxardı. Tarixi ədalət bərpa edildi. Artıq üç ildir Azərbaycan xalqı Novruz Bayramını qalib ölkənin vətəndaşı kimi qeyd edir.
Bunu Siyasetinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
Deputat bildirib ki, Vətən Müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu xalqımıza Böyük Qələbə bəxş etdi və artıq 3 ildir milli bayramımız olan Novruzu tarixi torpaqlarımızda qeyd edirik: “Azad olunmuş ərazilərimizdə zəfər tonqalları yandırılır. Bu, sözsüz ki, hər birimizi qürurlandırır. Böyük qələbədən sonra ilk Novruz tonqalı Müzəffər Ali Baş Komandan tərəfindən Qarabağın tacı olan Şuşada, Cıdır düzündə alovlandırıldı. Ulu öndər Heydər Əliyev hər zaman vurğulayırdı ki, “O gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik.” Məhz Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev ulu öndərin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı”.
Millət vəkili qeyd edib ki, bu il Novruz tonqalı Prezident İlham Əliyev tərəfindən Tərtər rayonunun Talış kəndində yandırıldı: “44 günlük Vətən müharibəsində bu istiqamətdə əldə edilmiş uğurlar müharibənin gələcək gedişatı üçün çox böyük önəm daşıyırdı. Çünki Talış kəndinin olduqca vacib strateji əhəmiyyəti var. Böyük Qələbədən sonra bütün bölgələrimizdə olduğu kimi, Talış kəndində də Prezident İlham Əliyevin tapşırıqları əsasında tikinti-bərpa işləri aparılır. Yeni evlər inşa olunub, zəruri infrastruktur yaradılır. Dövlət başçısının bayram münasibətilə təbrik müraciətində də qeyd etdiyi kimi, “Talış kəndinin yenidən qurulmasına başlanmasından hələ bir il keçməyib, artıq kəndə 20 ailə qayıdıb, 180-ə yaxın ailə isə qayıdacaq. Bu, bərpa-quruculuq işlərinin sürətlə və plan üzrə davam etdiyini təsdiqləyir. Azərbaycan öz maliyyə imkanları hesabına tarixi torpaqlarını bərpa edir. Biz heç kimdən asılı deyilik və müstəqil şəkildə öz sərhədlərimizdə möhkəmlənirik”. Bütün bunların fonunda Talış kəndində yandırılan Novruz tonqalı, kənd sakinlərinin doğma yurdunda milli bayramı qeyd etməsi dünya azərbaycanlılarını qürurlandırır”.
Məlahət İbrahimqızı hesab edir ki, Prezident İlham Əliyevin təbrik müraciətində olduqca vacib məqamlar yer alıb: “30 il ərzində işğala göz yumanlar bu gün regionda yaranan yeni reallıqları həzm edə bilmir. Prezident ölkəmizə qarşı ədalətsiz münasibətin bu gün də davam etdiyini qeyd edib. Yəni, fakt odur ki, çirkin niyyətdə olanların yanaşması bu gün yenə dəyişməyib. Dövlət başçısının da söylədiyi kimi, “bəzi ermənipərəst ölkələr dünya xəritəsində, Azərbaycanın ərazisində mövcud olmayan dırnaqarası “Dağlıq Qarabağın müstəqilliyini” tanıyırlar. Bu, nə deməkdir? O deməkdir ki, işğal dövründə bütün bu qüvvələrin yeganə amalı bu işğalı əbədiləşdirmək idi. Bu münaqişəni həll etmək yox, dondurmaq idi”. Amma buna baxmayaraq bu gün regionda şərtləri diktə edən tərəf qalib Azərbaycandır. Errmənistan və ona havadarlıq edənlər nəhayət yeni reallığı dərk etməlidir. Çünki sülhə alternatiov olacaq addımlar Ermənistan üçün acınacaqlı nəticələrə səbəb ola bilər. Ona görə, prosesdən yeganə çıxış yolu Azərbaycanın beynəlxalq hüquqa uyğun olaraq irəli sürdüyü şərtlər əsasında sülhün əldə olunmasıdır”.