Milli Məclisin deputatı Aqil Məmmədov
Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizi 30 ilə yaxın müddətdə Ermənistan Respublikası tərəfindən işğal altında saxlanılmışdır. İşğal dövründə bu ərazilərdə Azərbaycanın şəhərləri və digər yaşayış məntəqələri, o cümlədən infrastruktur obyektləri tamamilə dağıdılmış, milli-mədəni irsimiz məhv edilmiş, təbii sərvətlərimiz talan edilmiş, iqtisadiyyata əhəmiyyətli zərər vurulmuş, 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür.
2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusu əks-həmlə əməliyyatına başlamış və 44 gün davam edən Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad olunmuş, ölkəmizin ərazi bütövlüyü bərpa edilmişdir.
Azərbaycan Respublikası 2020-ci il dekabrın 1-də Ermənistanın işğalı altında olmuş sonuncu rayonu Laçını öz yurisdiksiyasına qaytardı. Azərbaycan Ermənistan qoşunlarını və qanunsuz məskunlaşan erməniləri sayca 7-ci rayondan çıxarmaqla Dağlıq Qarabağ ətrafında işğala məruz qalmış bütün ərazilərinin azad edilməsini başa çatdırdı.
Daha əvvəl Ermənistan tərəfi bütün Laçın rayonunu onlara dəhliz kimi verilməsində israr etmiş, bəzi Qərb dairələri bu mövqeyi dəstəkləmişdilər. Bu məqsədlə Ermənistan rəhbərliyi əvvəllər ümumiyyətlə ermənilər yaşamayan Laçın rayonunda qanunsuz məskunlaşdırma həyata keçirmişdi. Belə bir fikir həmişə aşılanmağa çalışılıb ki, Laçın rayonu Ermənistana qalmalıdır.
ATƏT-in Faktaraşdırıcı Missiyası hesabatında Laçın rayonu ərazisində 8–11 min erməninin yerləşdirildiyini müəyyən etmişdi. Azərbaycanın məlumatlarına görə isə bu rəqəm 13 mindən artıq idi.
Laçın rayonu Azərbaycan Respublikası BMT-yə üzv qəbul edildikdən (1992-ci il martın 2-si) 77 gün sonra – mayın 18-də işğal edilmişdi. Azərbaycanda səngimək bilməyən daxili siyasi qeyri-sabitlik, hakimiyyət uğrunda mübarizə bir tərəfdən erməni işğalçılarının cəbhədə yolunu açır, digər tərəfdən işğal faktlarını BMT-yə, dünyanın diqqətinə çatdırmaq imkanlarını məhdudlaşdırdı.
BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində bilavasitə Laçının adı çəkilməsə də, sənədlərdə yer alan “erməni silahlı dəstələrinin son dövrlərdə işğal etdiyi Azərbaycan torpaqlarından”, “digər rayonlardan geri çəkilməsi” tələbi birbaşa Laçına aid idi.
Laçının azad olunması ilə Azərbaycan BMT Təhlükəsizlik Şurasının bütün qətnamələrini faktiki olaraq məhz özü hərbi-siyasi yolla yerinə yetirdi.
Xatırladaq ki, Laçın şəhəri 1923-cü ildə Laçın və Abdallar kəndləri arasında salınıb və yazıçı Tağı Şahbazi Simurqun təşəbbüsü ilə şəhərə Laçın adı verilib. Növbəti il Laçın rayonu təsis edilib.
Laçınlılar həm birinci, həm ikinci Qarabağa savaşında öz rayonları və respublikamızın ərazi bütövlüyündə rəşadətlə döyüşmüş, çox sayda şəhid vermişlər. Rayonun 6 Milli Qəhrəmanı vardır.
İşğal olunmuş rayonun yerli əhalisi son statistikaya görə 80 mindən çoxdur və onlar respublikanın 57 şəhər və rayonunda müvəqqəti məskunlaşmışlar. Prezident İlham Əliyevin vəd etdiyi kimi, keçmiş məcburi köçkünlərin işğaldan azad edilmiş bütün digər rayonlarımıza, o cümlədən laçınlıların Laçına qısa müddət ərzində qaytarılması üçün gərəkli addımlar atılacaq.
Laçın tarixi keçmişi zəngin olan bir ərazidir. Laçın abidələri hələ eramızdan əvvəl I–II minilliyə aid edilən Xocavənd rayonundakı Azıx və Cəbrayıl rayonundakı Tağlar mağaraları ilə müqayisə edilə biləcək qədər dəyərli və nadir abidələrdəndirlər. Səthi dağlıqdır. Laçında dünyanın nadir çoxillik qırmızı palıd ağacları, hələ tam tədqiq edilməmiş mineral suları var.
Rayonun XVIII əsr Pənahəli xan Sarıcalı-Cavanşirin sərkərdəsi Qara Murtuza bəy; XVII əsrdə yaşamış məşhur Azərbaycan aşığı Sarı Aşıq; Azərbaycan Demokratik Respublikasının ilk müdafiə naziri, Qarabağ general qubernatoru Xosrov bəy Sultanov; Azərbaycanda xalq təhsilinin yayılmasında müstəsna xidmətləri olan ziyalı, Şuşada açılan darülmüəlliminin (pedaqoji məktəbin) ilk təşkilatçı və müdiri Müseyib İlyasov, Azərbaycan Demokratik Respublikası dövründə təhsil naziri Nurməmməd bəy Adilxan oğlu Şahsuvarov kimi tanınmış şəxsiyyətləri olub.
Laçın dəhlizi Azərbaycanın qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə verilən zəmanətə adekvatdır. Sonuncu dəhliz (Zəngəzur dəhlizi) Azərbaycanla Türkiyəni quru yolla birləşdirəcək ki, bu da Vətən müharibəsində ikiqat Qələbənin nəticəsidir.
2022-ci il avqustun 26-da Laçın şəhərinin, eləcə də Zabux və Sus kəndlərinin tam nəzarətimizə keçməsi məhz 44 günlük Vətən müharibəsinin nəticəsidir. Təbii ki, 44 günlük savaş, onun gətirdiyi reallıqlar, o cümlədən 10 noyabr sənədində imzası olan Rusiya ilə Ermənistanın götürdüyü öhdəlikləri icra etmək məcburiyyəti bizə Laçını qazandırdı. Bu, haqlı olaraq müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində qələbənin ardı hesab edilməlidir.
Ermənilər ümid edirdi ki, 2023-cü ilin sonunda Laçın təhvil veriləcək, yaxud təxribatlar edərək bölgədən çıxmamaq üçün müqavimət göstəriləcək, amma Azərbaycan diplomatiyası bir güllə atılmadan Laçını da xalqımıza, laçınlılara qazandırdı. Ümumiyyətlə, Laçın dəhlizi sovet dövründən strateji əhəmiyyət daşıyıb və indi bu əraziyə nəzarət etmək tarixi hadisədir. Eyni zamanda, Ermənistandan Xankəndi və ətraf ərazilərdə olan ermənilərə qaz, işıq, internet xətləri Laçın şəhərinin içindən keçir, indi bu kommunikasiyalar da kontrolumuzdadır.
Ermənilər isə Laçından, Zabuxdan çıxarkən də sülh, insanlıq əleyhinə cinayətlərə əl atdılar. Onlar gah evlərə, gah meşələrə od vurdular, amma bu dəfə etdikləri barbarlığın geniş miqyas almasına imkan vermədik. Həmçinin beynəlxalq aləm də bir daha şahid oldu ki, ermənilər hansı xislətə malikdir. Dəhlizin marşrutunun dəyişməsi Bakının manevr imkanlarını da artırır. Ekspertin bildirdiyinə görə, Bakı yeni yola “dəhliz statusu”nu vermək qarşılığında digər tələblərinin – Zəngəzur dəhlizinin açılması, erməni qoşunların tamamilə çıxarılması, separatçıların tərk-silah edilməsi və s. yerinə yetirilməsini gündəmə gətirə bilər.
İşğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunmuşdur. Bu Milli Prioritetlərə əsaslanan “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edən mühüm sənəddir. Zəfərimizdən dərhal sonra işğaldan azad olunmuş bütün ərazilərdə olduğu kimi, Laçında da bərpa və quruculuq işlərinə başlanılıb. Həmin ərazilərdəki inşa edilən üç hava limanından biri məhz Laçın rayonundadır. Hazırda Laçın istiqamətində dövlət sərhədləri möhkəmləndirilir və fərqli təyinatlı infrastruktur layihələri reallaşdırılır. Artıq Laçın rayonunda generasiya gücü 8 meqavat olan “Güləbird” Su Elektrik Stansiyası işə salınıb. Burada istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək. Bu il sentyabrın 21- də Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Laçına növbəti səfəri zamanı Kəlbəcər-Laçın yolunda yeni inşa edilən tunellə tanış olmuş, Laçın şəhərində Azərbaycanın üçrəngli Bayrağını ucaltmış, bu şəhərdə tikiləcək “Laçın” qovşaq yarımstansiyasının təməlqoyma mərasimində iştirak etmişdir. Onu da xüsusi qeyd etmək lazımdır ki, böyük əhəmiyyətə malik olan və uzunluğu 72,8 kilometr olan Kəlbəcər-Laçın avtomobil yolunun hərəkət hissəsinin eni 9-16 metr olacaq. İki və dörd hərəkət zolaqlı olacaq yol üzərində alt keçidlər və körpü inşa olunacaq. Yol üzərində 3 tunelin tikintisi aparılacaq. Laçın rayonunun Qorçu kəndinin ərazisində inşa edilən hava limanı bir neçə mühüm amili özündə ehtiva edir. İlk növbədə, aeroportun tikilməsi bölgənin sosial-iqtisadi inkişafını sürətləndirəcək, turizm potensialının artırılmasına təkan verəcək. Son dərəcə mühüm strateji əhəmiyyətə malik olan Laçın aeroportu logistik mərkəzlərin yaradılmasına da töhfə verəcək. Dövlətimizin uğurla həyata keçirdiyi “Böyük Qayıdış” proqramı əsasında Laçın rayonu tezliklə abadlaşacaq.