İran öz qonşuluğunda güclü Azərbaycanın olmasını istəmir. Azərbaycanın güclənməsi özünün ərazi bütövlüyünü hərbi yolla təmin etməsi sözsüz ki, İranı ciddi narahat edir. Ona görə də, II Qarabağ müharibəsindən sonra Azərbaycanın qalib bir dövlət kimi regionda və qlobal miqyasda artan nüfuzuna İran qısqanclıqla yanaşır. Özünü İslam dövləti, müsəlmanların “hamisi” kimi qələmə verən İran terror, soyqırım törədən Ermənistana qucaq açır. Müsəlmanlara qarşı amansızca divan tutan, soyqırım həyata keçirən Ermənistana İslam dövləti İranın sevgisi hec cür başa düşülən deyil.
Siyasetinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı Cavid Osmanov deyib.
O hesab edir ki, Azərbaycan əraziləri 30 ilə yaxın erməni işğalında qaldığı dövrdə İran bir dəfə də olsun bu dövlətə qarşı əks mövqe sərgiləmədi: “Əksinə İran bu dövrdə Ermənistanla daha sıx əlaqələr yaradaraq işğalda olan Azərbaycan ərazilərinin talanmasında, yaxındaş iştirak etdi. İran həmçinin bu ərazilərdən qanunsuz ticarət dövriyyəsi və narkotranzit kimi istifadə edirdi. Azərbaycan özünə məxsus əraziləri Ermənistanın işğalından azad etməklə İranla 132 km dövlət sərhədinin də təminatına nail olub. Bununla da İranın narkotranzit xətti sıradan çıxarılıb”.
Deputat qeyd edib ki, I Qarabağ müharibəsi dövründə İran Ermənistana Azərbaycan ərazilərini işğal etmək üçün yaxından köməklik edib: “Təsadüfi deyil ki, Azərbaycan ərazilərində qanlı terror aktları həyata keçirən Monte Melkonyana İranın xüsusi xidmət orqanları yardım göstərib. Həmçinin terror təşkilatı olan ASALA və onun rəhbəri M.Melkonyanın İran xüsusi xidmət orqanı əməkdaşları ilə sıx təmasda olub. Məhz 1992-ci ilin mayın 8-də Şuşa erməni silahlı birləşmələri tərəfindən işğal edilən zaman o vaxtki Azərbaycan rəhbərliyinin İrana səfəri günü tarixi şəhərin işğalı ilə bağlı dəqiq məlumatlar verilmişdi. Bütün bu faktlar İranın Azərbaycana qarşı Ermənistanla işğal dövründə və sonrakı mərhələdə əməkdaşlığından, sıx münasibətlərindən xəbər verir”.
Cavid Osmanov Prezident İlham Əliyevin II Qarabağ müharibəsinin nəticələri ilə bağlı keçirdiyi mətbuat konfransında öyrədilmiş İran jurnalistinin təxribatçı suallarının da nədən qaynaqlandığını söyləyib: “İran bu cür məkirli yollarla özünün çirkin niyyətini reallaşdırmağa çalışıb. Amma bu bəd niyət baş tutmayacaq. Çünki bu gün güclü və qalib Azərbaycan regional və qlobal müstəvidə aparıcı rola malikdir. Qardaş Türkiyə ilə bütün məsələlərdə birgə addımlayan Azərbaycan özünə qarşı yönələn istənilən təxribatlara layiqli cavab verməyə qadirdir”.
Qeyd edək ki, Erməni terrorçusu, ASALA-nın keçmiş üzvü Martiros Jamkoçyan İrəvanın Yerablur məzarlığında olarkən “Hraparak” qəzetinə müsahibə verib və orada terrorçu və cani Monte Melkonyanla İran xüsusi xidmət orqanları arasında əməkdaşlıq faktlarını açıqlayıb.
M.Melkonyan 1993-cü ilin iyununda Ağdam rayonunun Mərzili kəndində Azərbaycan hərbçiləri tərəfindən məhv edilib.