Senatdan sonra Fransa parlamentinin aşağı palatasında da Azərbaycan əleyhinə qəbul edilmiş qətnamə beynəlxalq hüququn norma və prinsiplərinə ziddir. Bu üzdəniraq sənəd ölkəmizə qarşı çirkin təxribatın tərkib hissəsidir. Həmçinin bu açıq şəkildə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasının əleyhinə olan bir addımdır.
Bunun Siyasetinfoya Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
Onun fikrincə, görünən budur ki, Fransa qərəzli mövqedən əl çəkmək istəmir: “Eyni zamanda Fransanın bitərəf vasitəçi rolunda çıxış etmək iqtidarında olmadığını bir daha təsdiqləyir. Elə bu səbəbdən Azərbaycan dekabrın 7-də nəzərdə tutulan görüşlə bağlı öz prinsipial mövqeyini ortaya qoyub. “Qətnamə” üzrə dinləmələrdə Fransa hökumətinin nümayəndəsinin faktiki olaraq bu “sənədi” dəstəkləyib. Məhz elə bu kağız parçasının Fransa hökumətinin dəstəyilə hazırlandığını bir daha təsdiqləyir. Aydındır ki, Fransa Senatının qəbul etdiyi qətnamələr qeydiyyata alınmazdan öncə Yelisey sarayına göndərilir və təsdiqlənir. Xatırlatmaq yerinə düşər ki, Senatın qərarından öncə Fransa prezidenti Emmanuel Makron ənənəsinə sadiq qalaraq Azərbaycan Prezidentinə zəng edərək “Fransanın tərəfsiz vasitəçiliyi, Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə töhfə vermək istəyi” mövzularında danışmaqla öz çirkin mahiyyətini gizətməyə çalışmışdı. Amma heç kimə sirr deyil ki, Senatın qəbul etdiyi bu sənəd də əslində Yelisey Sarayının sənədidir. Senat 25 noyabr 2020-ci ildə, parlamentin aşağı palatası olan Milli Assambleya isə 3 dekabr 2020-ci ildə Azərbaycan əleyhinə qətnamə qəbul edib”.
Deputat deyib ki, Fransanın onlarla dövlətin sərvətlərini talan etməsini, xalqlarını uzun illər əsarətdə saxlayaraq vəhşiliklər törətməsini yada salırıq: “Bu ölkənin insanlıq və müharibə cinayətləri uzaq tarix deyil. E.Makronun hakimiyyətə gəlişindən sonra isə Fransanın “Azadlıq, Bərabərlik, Qardaşlıq” devizinin deqradasiyaya uğradığı, yalnız xristianlar üçün keçərli olduğu daha qabarıq şəkildə özünü büruzə verir”.
Könül Nurullayeva bildirib ki, Milli Məclisin də Milli Assambleyada qəbul edilən sənədlə bağlı artıq mövqeyi var: “Fransa Senatının və Milli Assambleyasının qəbul etdiyi bu qətnamələr Fransanın qanunvericilik orqanlarının siyasi avantüra meydanına çevrilməsindən xəbər verir. Fransa Milli Assambleyasının bu qətnaməsini də qəti şəkildə rədd edir və siyasi riyakarlıq kimi qiymətləndiririk. Fransa Parlamentinin üzvləri Cənubi Qafqazda baş verən hadisələrin təhrif edilməsi praktikasından əl çəkməlidir”.