Azərbaycanla Misir Ərəb Respublikası arasındakı mövcud ikitərəfli əlaqələrin indiki dövr üçün xarakterik xüsusiyyətləri mövcuddur. İki ölkə arasında münasibətlər qədim tarixi köklər əsasında formalaşıb. Ortaq mədəniyyətə sahib xalqlar arasında əlaqələr orta əsrlərdən bəri davam edir. Keçmiş “Dağlıq Qarabağ” münaqişəsinin həlli məsələsində də Misir Azərbaycanın ərazi bütövlüyünü dəstək nümayiş etdirmişdi. Bu mənada İslam Konfransı Təşkilatı və digər beynəlxalq qurumlarda Azərbaycana Misir tərəfindən dəstək sərgilənib. Bütün bunlar isə ölkələr arasında əlaqələrin inkişaf etməsinə təsir edən mühüm amillərdən hesab edilir. Sözsüz ki, yanvarın 28-də Misir prezidenti Əbdülfəttah Əs-Sisinin Azərbaycana səfəri əlamətdar hadisə olmaqla yanaşı, həm də qarşılıqlı əlaqələrin inkişafında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.
Siyasetinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı Tamam Cəfərova deyib.
O qeyd edib ki, keçmiş Ermənistan-Azərbaycan “Dağlıq Qarabağ” münaqişəsinin həlli məsələsində Misir ölkəmizin ərazi bütövlüyünə hər zaman dəstək nümayiş etdirib və üzv olduğu beynəlxalq təşkilatlarda ədalətli mövqeyini müdafiə edib: “Ulu öndər Heydər Əliyevin əlaqələri inkişaf etdirmək istiqamətində həyata keçirdiyi siyasətin davamı olaraq 2005-ci il noyabrın 6-13-də Misirdə Azərbaycan və 2006-cı il noyabrın 20-28-də Azərbaycanda Misir mədəniyyət günləri keçirilib. Təbii ki, Misir prezidentinin Azərbaycana səfəri əlaqələrin bundan sonrakı dövr üçün inkişafına böyük töhfə verəcək. Bu barədə ölkə başçılarının mətbuata verdikləri birgə bəyanatda Prezident İlham Əliyev qeyd edib ki, “Biz bundan sonra da beynəlxalq təşkilatlarda birgə fəaliyyət göstərəcəyik, bir-birimizi bundan sonra da dəstəkləyəcəyik, necə ki, bu günə qədər iştirak etdiyimiz beynəlxalq təşkilatlarda – istər BMT olsun, Qoşulmama Hərəkatı olsun, İslam Əməkdaşlıq Təşkilatı olsun, bu təşkilatlar çərçivəsində qarşılıqlı dəstək göstəririk”.
Millət vəkili Prezident İlham Əliyevin BMT Təhlükəsizlik Şurasının tərkibinin genişləndirilməsi ilə bağlı səsləndirdiyi fikirlərin əhəmiyyətindən bəhs edib: “Dövlət başçısı vurğulayıb ki, “BMT TŞ-da bir daimi yer mütləq İslam Əməkdaşlıq Təşkilatının üzvünə verilməlidir və İslam Əməkdaşlıq Təşkilatı özü məsləhətləşmələr əsasında bu namizədliyi irəli sürməlidir. Digər daimi yer Qoşulmama Hərəkatına verilməlidir və Qoşulmama Hərəkatına sədrlik edən ölkə bu yerə sahib olmalıdır”. Şözsüz ki, ölkə başçısının bu fikirləri təhlükəsiz və daha ədalətli bir dünyanın yaradılması üçün xüsusi əhəmiyyət kəsb edir. Çünki, dünya sürətlə dəyişir və yeni reallıqlar eyni zamanda yeni şərtlər tələb edir”.
Deputatın fikrincə, Misir prezidentinin ölkəmizə səfəri Azərbaycanın Şərq regionunda strateji əhəmiyyətini bir daha təsdiqləmiş oldu: “Bu səfər həmçinin, Azərbaycanın beynəlxalq iqtisadi əlaqələrinə də əlavə divident gətirmiş oldu”.
Tamam Cəfərovaya görə, ölkəmizlə Misir arasındakı əlaqələr Azərbaycan dövlətinin xarici siyasət kursunun əsas xətti olan əməkdaşlıq və qarşılıqlı əlaqələr prinsipinə söykənir: “Dünyada gedən çətin və mürəkkəb proseslərin fonunda Azərbaycan və Misir arasında qarşılıqlı etimad və əməkdaşlığa əsaslanan münasibətlərin inkişaf etməsi olduqca vacibdir”.