İran dövlətinə yaxın telekanalların Azərbaycanın səfirliyinə silahlı hücum edən terrorçudan xüsusi hörmət və ehtiramla müsahibə alması, onunla açıq cinayət törətmiş şəxs kimi yox, sanki, cinayətin “qurbanı” kimi davranması və planlaşdırılmış qanlı terror aktını riyakarcasına məişət mübahisəsi fonunda baş verən hadisə kimi qələmə verməsi bir daha onu göstərir ki, ölkəmizə qarşı törədilən terrorun arxasında İranın xüsusi xidmət orqanları dayanır.
Bunu Siyasetinfoya Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev deyib.
Bu faktı yayılan video görüntülər də açıq şəkildə təsdiq edir. Belə ki, terrorçunun cinayəti planlı şəkildə həyata keçirtmək üçün öncədən hazırlaşdığı, avtomat silahla silahlandığı, səfirliyin qapısını kuvaltla sındırmağa cəhd etdiyi, binaya daxil olaraq hər kəsə ardıcıl atəş açdığı və səfirliyin mühafizə xidmətinin rəisi baş leytenat Orxan Əsgərovu qətlə yetirdiyi və iki əməkdaşı yaraladığı video görüntülürdə dəqiq əks olunub.
Vİdeo görüntülərdən o da aydın olur ki, hər kəsin gözü qarşısında baş verən bu cinayətlərə İran polisi səsisz qalır və müdaxilə etmir, baxmayaraq ki, beynəlxalq konvensiyaların tələbi kimi İran dövləti Azərbaycanın səfirliyinin binasının və diplomatlarının təhlükəsizliyini təmin etməyi beynəlxalq öhdəlik kimi üzərinə götürüb.
Əlbəttə, bu görüntülərdən sonra molla rejiminin terrorçunu müdafiə etmək üçün ictimai rəyi aldatmaq və cinayətin motivini dəyişdirmək cəhdləri heç bir nəticə verməyəcək.
Terrorçu törətdiyi cinayətə uyğun olaraq ən ağır şəkildə cəzalandırılmalıdır. Bunun üçün zərurət yaranarsa beynəlxalq mexanizmlərdən də istifadə edilməlidir.
Allahdan bir daha şəhid baş leytenant Orxan Əsgərova rəhmət, yaxınlarına səbr diləyir, yaralananlara tezliklə sağalmağı arzulayırıq.
Sonda isə həyatını təhlükəyə ataraq böyük şücaət və qəhrəmanlıq göstərən, terrorçunu təkisilah edərək zərərsizləşdirən və bununla, daha çox əməkdaşımızın qətlə yetirlməsinin qarşısını alan Vasif Tağıyevə xüsusi təşəkkür edirik.