“Siyasi partiyalar haqqında” yeni qanunun qəbulu zəruri idi. Çünki yeni dövrün çağırışlarına uyğun siyasi konfiqurasiyanın formalaşması artıq zamanın tələbidir. Azərbaycanda mövcud olan ictimai-siyasi münasibətlər fonunda yeni yanaşmalar ortaya çıxır. Ölkəmizin bütün sahələr üzrə inkişafı siyasi sistemin də bu çağırışlara uyğunlaşmasını tələb edir. Bu baxımdan da ölkəmizdə siyasi sistemin müasir dövrün tələbləri müstəvisində inkişafını təmin edəcək qanunvericilik bazasının formalaşması vacib idi. Məhz bu baxımdan da “siyasi partiyalar haqqında” yeni qanunun qəbul edilməsi Azərbaycanda mövcud olan demokratik münasibətlər sisteminin daha da dərinləşməsinə, siyasi partiyaların daha şəffaf və cəmiyyət həyatında öz yerini tutmasına imkan yaradacaq.
Bunu Siyasetinfoya YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O hesab edir ki, bu günə qədər qüvvədə olan “siyasi partiyalar haqqında” qanun 30 il bundan əvvəl – 1992-ci il 3 iyun tarixində qəbul edilib: “Bu 30 illik zaman kəsiyində isə Azərbaycanın ictimai-siyasi həyatında çox mühüm və vacib dəyişikliklər baş verib. Azərbaycan inkişaf edib. Regionda söz sahibidir. II Qarabağ müharibəsində özünün fundamental və beynəlxalq hüququn prinsiplərinə əsaslanan ərazi bütövlüyünü təmin edib. Döyüş meydanında Ermənistanın işğalçılıq siyasətinə son qoyulub. Məhz bu dövrdə də ölkəmizdə mövcud olan 50-ə yaxın siyasi partiya Ali Baş Komandan Prezident İlham Əliyevin, Ordumuzun yanında olduğunu bəyan edib. Artıq Azərbaycan post-münaqişə dövrünü yaşayır. Bütün sahələrdə olduğu kimi siyasi sistemin də daha da təkmilləşməsinə ehtiyac var idi”.
Deputat bildirib ki, ölkədə formalaşan yeni siyasi konfiqurasiya qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi zərurətini yaratmışdı: “Ona görə də, Ali Qanunverici Orqan olan Milli Məclis tərəfindən lazımi addımlar atıldı. Parlamentdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələri “Siyasi partiyalar haqqında” yeni Qanun layihəsinin hazırlanması üçün Milli Məclisin sədrinə müraciət etdi. Məhz bu müraciət və dövrün tələblərinə uyğun olaraq “Siyasi partiyalar haqqında” Qanun layihəsi hazırlandı. Qanun layihəsi hazırlanərkən Venesiya Komissiyasının 2010-cu ildə qəbul etdiyi “Siyasi partiyaların fəaliyyətinin hüquqi tənzimlənməsi barədə qərarlarına, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları üzrə Bürosunun 2021-ci ildə qəbul etdiyi prinsiplərə istinad olundu. Bununla yanaşı 24 ölkənin təcrübəsi nəzərə alınıb. Həmçinin 47 siyasi partiyadan Milli Məclisə yazılı formada təqdim edilmiş 250-dən çox təklif və rəylər də əsas götürülüb. Eyni zamanda Milli Məclisdə komitə və plenar iclaslarda deputatlar tərəfindən irəli sürülmüş 100-dən çox təklif və rəylər də burada öz əksini tapıb. Ona görə də, “Siyasi partiyalar haqqında” yeni qanun hər kəsə bərabər şəkildə siyasi partiya yaratmaq və ya mövcud siyasi partiyaya daxil olmaq hüququna malik olmaq hüququ verir. Bu hüquq yalnız qanunla müəyyən edilmiş hallarda məhdudlaşdırıla bilər. Sözsüz ki, qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməlidir, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Dövlət qeydiyyatdan keçmiş bütün siyasi partiyaların sərbəst fəaliyyətinə təminat verilir. Azərbaycan dövləti siyasi partiyaların təsis edilməsi və fəaliyyətlərinin həyata keçirilməsi üçün, hüquqlarına və qanuni mənafelərinə əməl olunmasına bərabər hüquqi şərait yaradılmasına təminat verir”.
Sevinc Hüseynova bildirib ki, siyasi partiyaların fəaliyyətinin dövlət tərəfindən hüquqi tənzimlənməsi siyasi plüralizmin təşviqinə xidmət edir: “Eyni zamanda dövlət büdcəsinin vəsaiti hesabına siyasi partiyalara maliyyə yardımı göstərilir. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət orqanlarının (qurumlarının), yerli özünüidarəetmə orqanlarının, vəzifəli şəxslərin siyasi partiyaların fəaliyyətinə müdaxiləsinə yol verilmir. Ölkə Konstitusiyasını və qanunlarını pozan siyasi partiyaların fəaliyyətinə yalnız məhkəmə qaydasında xitam verilir. Siyasi partiyanın dövlət qeydiyyatı, fəaliyyətinin dayandırılması və ləğvi ilə bağlı mübahisələrə apellyasiya məhkəməsi tərəfindən baxılır. Bu baxımdan “Siyasi partiyalar haqqında” yeni qanun özünün mütərəqqi prinsipləri və yeni dövrün çağırışları ilə səsləşir”.