Vətəndaşların sosial rifahının təminatı, həssas əhali qruplarının sosial müdafiəsinin daim diqqətdə saxlanılması Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas prioritetlərindən biri hesab edilir. Bu mənada dövlət başçısının 2023-cü ilin ilk iş günündə imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamı mühüm əhəmiyyət kəsb edir. Bu eyni zamanda geniş miqyas alan sosial islahatlar çərçivəsində atılmış növbəti addımdır.
Bunu Siyasetinfoya Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
O hesab edir ki, ölkə başçısının bu Sərəncamı əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə aparılan sosial-iqtisadi siyasətin mühüm prioritetlərindən biridir: “Sözsüz ki, son illər bu istiqamətdə ciddi irəliləyişlərə nail olunub. Beləki əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial ödənişlərin, əməkhaqlarının artırılması istiqamətində nəzərə çarpacaq ardıcıl addımlar atılıb. Məhz bu Sərəncamla minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən 15 faiz artırılaraq 345 manat müəyyən edilib. Eyni zamanda Nazirlər Kabinetinə 10 gün müddətində əmək pensiyasının minimum məbləğinin 280 manata çatdırılmasına dair, eləcə də, sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması ilə bağlı təkliflərin Azərbaycan Respublikası Prezidentinə təqdim edilməsi tapşırılıb”.
Deputat deyib ki, bütün bunlar dövlətin sosial siyasətinin mərkəzində vətəndaşın rifahının yüksəldilməsi, həyat şəraitinin daha da yaxşılaşdırılması dayandığını göstərir: “Artıq ötən 5 ildə 4-cü hesab olunan kompleks sosial islahat zərfinin icrasına start verilib. Prezidentin imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Sərəncam da ötən illərdə icra olunan sosial islahatlar zərfi kimi özünün kompleks xarakteri ilə seçilir. Sərəncamın 1-ci hissəsi həm dövlət, həm də özəl sektoru əhatə edir. 2023-cü ilin yanvar ayının 1-dən nəzərə alınacaq. Ümumilikdə əmək haqqı artımlarına hesablamalara əsasən 440 milyon manata yaxın vəsaitin ayrılması nəzərdə tutulub. Minimum əməkhaqqı artımının təsiri ümumilikdə 700 min şəxsi əhatə edəcək. Bunlardan təxmini 440-450 mini dövlət sektoru üzrə əməkhaqqı artımlarıdır. Beləliklə, son 5 ildə sosial sahədə inqilabi islahatların tərkib hissəsi kimi, minimum əməkhaqqı 2,7 dəfə artırılaraq 130 manatdan 345 manata çatdırılıb. Bununla yanaşı, yeni Sərəncama əsasən minimum pensiya 2,5 dəfə artırılaraq 110 manatdan 280 manata çatdırılacaq. Bu isə, minimum aylıq pensiyanın məbləğinin 16,7 faiz artırılması deməkdir. Bu artım 100 minədək pensiyaçını əhatə edəcək. Bununla bağlı Nazirlər Kabineti təkliflərini on gün müddətində hazırlayaraq dövlət başçısına təqdim edəcək”.
Aqil Məmmədov vurğulayıb ki, ümumən, minimum əməkhaqqı bu il üçün müəyyən olunan yaşayış minimumunu (246 manat) da 40,2 faiz üstələyir: “Bu il sosial ödənişlərdə yeni artımlar üçün əlavə 750 milyon manat vəsait nəzərdə tutulub. Həmin artımlar 1,9 milyon vətəndaşı əhatə edəcək. Bütün bu addımlar Azərbaycanda sosial islahatların növbəti mərhələsinin başlandığının əyani təzahürüdür. Real maliyyə imkanlarının artması hesabına sosial siyasətin davam etdirilməsi üçün əsaslı zəmin yaranıb. Əvvəlki illərlə müqayisədə hər il artan sosial ödənişlər insanların həyat səviyyəsinin daha da yaxşılaşmasına xidmət edir. Misal üçün 2021-ci ildə orta aylıq nominal əməkhaqqı 2003-cü ilə nisbətən 9,5 dəfə və pensiyaların orta aylıq məbləği isə 13,9 dəfə artıb. Minimum əməkhaqqı 27,8 dəfə və əmək pensiyasının minimum məbləği 10,0 dəfə yüksəlib. Bu, onu göstərir ki, əhalinin sosial müdafiəsinin möhkəmləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir”.