Prezident İlham Əliyev noyabrın 6-da Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündəki çıxışında mühüm mesajlar verib. Ölkəmizin başçısı Türk Dünyası ölkələri arasında əməkdaşlıq və inkişaf dinamikasından bəhs edib. Son iki ildə Qırğız Respublikasına üçüncü səfərinin əhəmiyyətindən danışan cənab Prezident əlaqələrin yüksək səviyyədə olduğunu bildirib. Sözsüz ki, bu kimi yüksək səviyyəli səfərlərin əlaqələrin inkişafında yeni bir mərhələ açması və imkanlar yaratması daha realdır.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, ölkəmizin başçısı həmçinin çıxışında Qırğızıstanın son dövrlər əldə etdiyi uğurlardan və inkişaf dinamikasından bəhs edib: “Cənab Prezidentin də qeyd etdiyi kimi Naxçıvan Sazişi Türk Dövlətləri Təşkilatının əsasını qoymuş mühüm bir tarixi mərhələnin başlanğıcı idi. Artıq Türk Dövlətləri Təşkilatının əsasını qoymuş Naxçıvan Sazişinin 15-ci ildönümüdür. Bu dövr ərzində təşkilat uğurlu bir inkişaf yolu keçərək üzv ölkələr arasında münasibətlərin daha da sıxlaşmasına öz töhfəsini vermiş olub”.
Deputat 2023-cü ilin iyul ayında Şuşa şəhərində keçirilmiş Türk Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə əldə edilən tarixi Bəyannmənin də əhəmiyyətinə toxunub: “Sözsüz ki, Şuşada TDT üzv ölkələrin başçılarının imzalanmış olduğu Qarabağ Bəyannaməsi əməkdaşlığın daha da dərinləşməsində mühüm töhfə hesab edilir. Dövlətimizin başçısı bir daha bəyan edib ki, Azərbaycan Türk Dövlətləri Təşkilatının möhkəmlənməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcək. Məhz bu məqsədlərin tərkib hissəsi olaraq Azərbaycan Türk Dövlətləri Təşkilatına maliyyə dəstəyi verəcək. Türk Dövlətləri Təşkilatının mövcud büdcəsi qarşıya qoyulan hədəflərin həyata keçirilməsi üçün yetərli olmadığı bildirilib. Bu məqsədlə Azərbaycanın Türk Dövlətləri Təşkilatının Katibliyinə 2 milyon və Ağsaqqallar Şurasına 100 min ABŞ dolları məbləğində maliyyə dəstəyi təşkilatın potensialının daha da güclənməsinə mühüm töhfə olacaq. Həmçinin TDT çərçivəsində təhlükəsizlik və müdafiə sənayesi sahələrində əməkdaşlığın əhəmiyyətindən bəhs olunub. Dünyada artan təhlükələri nəzərə alaraq müdafiə, təhlükəsizlik və müdafiə sənayesi sahələrində əməkdaşlığın böyük əhəmiyyət kəsb etdiyi qeyd edilib. Son dövrlər hüquq-mühafizə və təhlükəsizlik orqanları arasında əməkdaşlığın daha da genişləndiyi vurğulanıb. Artıq TDT ölkələrinin silahlı qüvvələrinin iştirakı ilə hərbi təlimlər keçirilir. Hərbi təhsil müəssisələrində də qardaş ölkələrin müdavimlərinin təhsil alır ki, bu da qarşılıqlı etimadın və dostluğun göstəricisidir. Eyni zamanda Şərq-Qərb nəqliyyat dəhlizi ilə Azərbaycan ərazisi üzrə daşımaların daha da artdığı cənab Prezident tərəfindən dövlət başçılarının diqqətinə çatdırılıb”.
Məlahət İbrahimqızı vurğulayıb ki, cənab Prezident çıxışında işğaldan azad olunan ərazilərdə genişmiqyaslı yenidənqurma və bərpa layihələrini də TDT-yə üzv ölkələrin dövlət başçılarının diqqətinə çatdırıb: “Ötən ilin sentyabr ayında Azərbaycan öz suverenliyini tam bərpa etdi. Ermənistan 30 il davam edən işğal dövründə bu ərazilərdə 9 şəhəri və yüzlərlə kəndi tamamilə məhv edib. İşğaldan azad olunan ərazilərdə indi genişmiqyaslı yenidənqurma və bərpa layihələri həyata keçirilir. Eyni zamanda, Böyük Qayıdış Proqramının icrası çərçivəsində keçmiş məcburi köçkünlər öz doğma yurdlarına geri qayıdışı təmin olunur. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi Türk Dövlətləri Təşkilatına üzv olan dövlətlər sözdə yox, əməldə Azərbaycanın yanında olduqlarını sübut ediblər. Məhz Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Macarıstanın dövlət və hökumət başçıları azad olunmuş ərazilərdə qardaşlıq hədiyyəsi olan məktəb və yaradıcılıq mərkəzi eləcə də tikiləcək məktəblərə görə dövlətimizin başçısı həmin ölkələrə minnətdarlığını bildirib. Ölkəmizin başçısı həmçinin noyabrın 11-22 arasında Bakıda keçiriləcək COP29 tədbirlərinin əhəmiyyətinə də toxunub. 200-ə yaxın ölkə Azərbaycanın COP29 iqlim konfransına ev sahibliyinə namizədliyini yekdilliklə dəstəkləyib. Azərbaycan yaxın günlərdə COP29 iqlim konfransına ev sahibliyi edəcək. Bu, beynəlxalq aləmin Azərbaycana olan böyük hörmətinin və dəstəyinin təzahürüdür. Cənab Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin COP29 konfransının işində fəal iştirakına əminliyini ifadə edib”.