Ermənistanın işğal siyasətinə son qoyan 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin ən parlaq səhifələrindən biridir. Bu şanlı Zəfər Yürüşü ilə Ermənistanın işğal faktına son qoyuldu və Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan qəbul edilən ərazi bütövlüyünü təmin edilməsi ilə tarxi ədalət bərpa olundu. Azərbaycan beynəlxalq təşkilatların ərazi bütövlüyümüz və suverenliyimizlə bağlı çıxarmış olduğu qərar və qətnamələri təkbaşına icra etdi. Azərbaycan xalqı özünə məxsus olanı heç kəsə güzəştə getməyəcəyi əzmini bütün dünyaya nümayiş etdirərək, əzmkarlığını və iradəsini ortaya qoydu.
Bunu Siyasətinfoya VI çağırış Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının üzvü Aqil Məmmədov deyib.
O qeyd edib ki, Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib: “İşğalçı döyüş meydanında məğlub olaraq kapitulyasiya aktına imza atmağa məcbur oldu. Tarixi Şuşa şəhərinin strateji yerləşməsi faktiki olaraq onun azad olunmasından sonra müharibənin taleyini həll etdi. 2020-ci ilin 10 noyabrında rəsmi İrəvanın kapitulyasiyasının təcəssümü olan üçtərəfli bəyanat imzalandı. Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən üçtərəfli Bəyanatın imzalanması ilə hərbi əməliyyatlar dayandırıldı. Həmin Bəyanata uyğun olaraq, Ermənistan noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonlarını Azərbaycan Silahlı Qüvvələrinə təhvil verdi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bu Azərbaycan tarixinin qələbə salnaməsinin şərəfli bir dövrüdür. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini məhv etməyib, o, erməni mifini də məhv etdi. Cəmi 44 gün ərzində Ermənistan ordusu, hərbi texnikası, canlı qüvvəsi məhv edildi və Azərbaycan gücünü, qüdrətini göstərdi. Reallıq odur ki, Azərbaycan Ordusunda müharibə dövründə bir dənə də fərari olmayıb. Təcavüzkar erməni əsgəri haqq uğrunda savaşan Azərbaycan əsgəri qarşısında dura bilmədi. Məhz Bakıda yaradılan Hərbi Qənimətlər Parkına gələn hər bir insan Azərbaycan Silahlı Qüvvələrinin gücünü və iradəsini görür. Vətən müharibəsində Azərbaycanın qələbəsi şərəfinə 2020-ci il dekabrın 10-da Bakının Azadlıq Meydanında keçirilmiş Zəfər keçirildi. Paradda 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı türk əsgər və zabitləri iştirak edib. Zəfər paradını Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul edib. Paradda həmçinin yerli və xarici rəsmi qonaqlar, diplomatik korpusun nümayəndələri də iştirak edib”.
YAP təmsilçisi hesab edir ki, Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz xalqına Qələbəni bəxş etmiş Müzəffər Orduya çevrilib: “Azərbaycan Ordusu döyüş hazırlığına görə MDB məkanında ön sıralardadır. Ordumuz maddi-texniki təchizat, döyüş hazırlığı və döyüş ruhu baxımından tam üstünlüyə malikdir. XXI əsrin müharibəsini aparan Azərbaycanın döyüş təcrübəsi və taktikası bu gün dünyanın inkişaf etmiş ölkələrinin hərbi məktəblərində öyrənilir. 44 günlük müharibə həm də Azərbaycanın mahir diplomatiyasını da nümayiş etdirdi. Bu sözsüz ki, Qələbə diplomatiyası idi. Müharibə dövründə Prezident İlham Əliyev tərəfindən verilmiş müsahibənin hər biri Azərbaycanın diplomatik uğurudur. Bununla beynəlxalq təşkilatlar vasitəsilə ölkəmizə təzyiqlər cəhdinin qarşısı müvəffəqiyyətlə alındı. Prezident İlham Əliyev müharibə dövründə dünyanın ən böyük media qurumlarına 30-dan çox müsahibə verdi, münaqişə ilə bağlı əsl həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırdı. İnformasiya savaşının əsas konturlarını təşkil edən bu müsahibələr mediamızın fəaliyyətinə istiqamət verdi. Müzəffər Ali Baş Komandanın müharibə ilə bağlı müsahibələri XXI əsr üçün yeni üslub, yeni model nitq strategiyası hesab edilir. Müsahibələr ardıcıl, dünyanın ən müxtəlif ölkələrinin, müxtəlif kanalları vasitəsi ilə aparılırdı. Bu müsahibələri real mübarizə və silah üsuluna çevirən Azərbaycan Prezidenti Vətən müharibədə də qalib gəldi. Həmin nitqlərdə gerçəklikdən doğan konkretlik, qətiyyət, iradə əsaslı şəkildə yer alırdı. Eyni zamanda müharibə dövründə Prezident İlham tərəfindən səsləndirilən nitqlər öz emosionallığı ilə fərqlənirdi. Dövlət başçısının gələcəyə ümid dolu sözləri insanları itkilər qarşısında sönməməyə, əksinə qürurla durmağa ruhlandırdı. Vətəndaşlar müharibə dövründə Prezidentin simasında artıq ölkəni idarə edən rəsmi şəxslə bərabər, doğma insan, xalqının yenilməz övladını görürdülər. Prezident İlham Əliyevin müharibə ilə bağlı nitqlərini və çıxışlarını bütün ölkə əhalisi təqdir etdi. Sözsüz ki, İkinci Qarabağ müharibəsi zamanı Türkiyə prezident Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” deməsi Azərbaycana əlavə güc verdi. Tarixi Şuşa Bəyannaməsini imzalayaraq Türkiyə və Azərbaycan rəsmən müttəfiqlik zirvəsinə ucaldı. Bu müttəfiqlik özünü hər yerdə göstərir. İki qardaş ölkə rəhbərinin Qələbə paradını birgə qəbul etməsi beynəlxalq ictimaiyyətə verilmiş mesaj idi. Vətən müharibəsində Azərbaycanın qələbəsi şərəfinə 2020-ci il dekabrın 10-da Bakının Azadlıq Meydanında keçirilmiş Zəfər paradında 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı türk əsgər və zabitləri iştirak edib. Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçməsi xalqların tarixində əbədi qalacaq qürurverici hadisədir. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirib. Vətən müharibəsində “Dəmir yumruq” milli birliyin və gücün rəmzi oldu. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, habelə Azərbaycanın haqq işinə dəstək verən digər xalqların nümayəndələri erməni lobbisinin çirkin kampaniyalarına qarşı fədakarlıqla mübarizə apardılar. Etnik və dini mənsubiyyətindən asılı olmayaraq ölkəmizin bütün vətəndaşları görünməmiş həmrəylik nümayiş etdirdi. Vətən müharibəsi zamanı siyasi partiyaların Ali Baş Komandan İlham Əliyevə dəstək ifadə edən birgə bəyanat və müraciətlər imzalaması milli məsələlərdə ölkədə hər hansı fikir ayrılığının istisna olunduğunu göstərdi. Bu bir reallıqdır ki, II Qarabağ müharibəsi ölkəmizdə milli həmrəyliyi, milli birliyi daha da gücləndirdi. Amma çox təəsüf ki, Azərbaycan xalqının tarixinə əbədi olaraq yazılmış Qələbə münasibətilə ölkə siyasilərinin birgə bəyanatında AXCP, Müsavat Partiyası və “Milli Şura” iştirak etməyib. Milli sevinc və qürurun təcəssümü olan birgə bəyanatda radikalların iştirak etməməsi onların antimilli xislətini bir daha göstərmiş olub. Artıq Azərbaycanın tarixində yeni səhifə başlayıb. Azad edilmiş ərazilərə səfərləri ilə Prezident İlham Əliyev öz sevincini xalqı ilə bölüşməklə yanaşı, həmin əraziləri tez bir zamanda bərpa etmək, dirçəltmək əzmində olduğunu əyani nümayiş etdirib. Təbii ki, Böyük Qayıdış strategiyası yeni infrastrukturun yaradılması ilə yanaşı, işğaldan azad olunmuş ərazilərin ümumən regionun yeni inkişaf modelinə çevirməkdən ibarətdir. Bununla yanaşı Qələbənin əbədiləşdirilməsi və müharibə iştirakçılarına dövlətimizin diqqət və qayğısı ən yüksək səviyyədədir. Vətən müharibəsində qələbə münasibətilə “Zəfər” və “Qarabağ” ordenləri, həmçinin 15 yeni medal təsis edilib. Azərbaycan əsgərinin İkinci Qarabağ müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin təbliği, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakıda Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi inşa olunur. Eyni zamanda şəhid ailələrinə ölkəmizdə xüsusi diqqət göstərilir, dövlət tərəfindən bütün lazımi işlər görülür. Qazi və şəhid ailələrinə dövlət tərəfindən lazımi köməklik göstərilməkdədir”.
Aqil Məmmədov ərazi bütövlüyümüzün və süverenliyimizin bərpasının tarixi hadisə olduğunu bildirib: “Azərbaycan-Ermənistan sərhədində Laçın rayonu ərazisində Həkəri çayının üzərində 23 aprel 2023-cü il tarixində “Laçın” sərhəd-buraxılış məntəqəsi quruldu. “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması böyük Şuşa Zəfərindən sonra əldə edilmiş ən böyük və əhəmiyyətli hərbi-siyasi qələbə kimi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Fəxarət rəmzimiz üçrəngli, ay-ulduzlu dövlət bayrağımız sərhəddə dalğalandırıldı. Bununla da Azərbaycanın ərazi bütövlüyü təmin olundu. Həmçinin üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması artıq zərurətə çevrilmişdi. Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması vacib idi. Məhz Azərbaycan konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə 19 sentyabr 2023-cü ildə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq 2023-cü il sentyabrın 20-də saat 13:00-da müvafiq şərtlər altında lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olundu. Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyması, döyüş mövqelərindən və hərbi postlardan çıxması və tam şəkildə tərksilah olunması təmin edildi. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk etməsi, qeyri-qanuni erməni silahlı dəstələrinin buraxılması, eyni zamanda, paralel şəkildə bütün silah-sursat və ağır texnikanın təhvil verilməsi Azərbaycanın növbəti Qələbəsi idi. Antiterror tədbirlərinin nəticəsində Azərbaycan öz suverenliyini bərpa etdi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindəın 2023-cü ilin 15 oktyabr tarixində Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağının qaldırılması tariximizin ən parlaq səhifəsi olmaqla yanaşı xalqımız üçün qürurverici bir tarix idi. Azərbaycan dövləti və xalqı bundan sonra qalib kimi əbədi təhlükəsiz şəraitdə yaşayacaq”.