Bu gün Azərbaycan öz tarixinin ən parlaq dövrünü yaşayır. Tarixi Zəfər fonunda Azərbaycan yeni bir müstəviyə yüksəlib. Dinamik inkişaf edən, yeniləşən, müasirləşən, güclənən qalib Azərbaycan bu gün regional və qlobal müstəvidə söz sahibinə çevrilib. Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevin müəllifi olduğu müasir Azərbaycan bu gün qalib, güclü dövlət kimi Onun müəyyənləşdirdiyi strategiya ilə gələcəyə uğurla addımlayır. Prezident İlham Əliyev tərəfindən böyük uğur və əzmlə davam etdirilərn bu strategiya Azərbaycanı dünyada söz sahibinə, yeni çağırışların ünvanına çevirib. Məhz bunun nəticəsidir ki, şanlı üçrəngli bayrağımız bütün azad edilmiş torpaqlarımızda Şuşada, Xankəndidə dalğalanır.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
Onun fikrincə, Azərbaycan dövləti 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tam hüquqlu varisi kimi uzunmüddətli perspektivdə azərbaycanlıların tarixi torpaqlarına, o cümlədən Zəngəzura dinc yolla qayıdışı üçün əsaslar mövcuddur: “Xalq Cümhuriyyəti dövründə qəbul olunmuş Dövlət bayrağı, Dövlət gerbi və Dövlət himni müasir Azərbaycan Respublikasının dövlət rəmzləri kimi təsbit edilib. Bayraq, gerb və himn Azərbaycan Xalq Cümhuriyyətinin mirasıdır. Bu Azərbaycanın dövlət suverenliyində də tərənnümün olunub”.
Deputat Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u ölkəmizdə Dövlət Bayrağı Günü kimi qeyd edilməsinin tarixi əhəmiyyətinə toxunub: “Bu bir reallıqdır ki, Şanlı Bayrağımız 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevin tarixi təşəbbüsü ilə Dövlət Bayrağı olaraq təsbit olunub. Daha sonra Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırılıb. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında qanun qəbul edildi. Sözsüz ki, bu ulu öndər Heydər Əliyevin Azərbaycan xalqına, dövlətçiliyimizə, onun milli atributlarına olan yüksək sevgisinin, tarixi dəyərlərinə olan münasibətinin növbəti bariz nümunəsi idi”.
Millət vəkili 1991-ci il oktyabrın 18-də müstəqillik haqqında Konstitusiya Aktı ilə dövlət rəmzlərinin, o cümlədən Dövlət Bayrağı təsdiq edildiyini bildirib: “Konstitusiyamızın 75-ci maddəsində də hər bir vətəndaşın dövlət rəmzlərinə – bayrağına, gerbinə və himninə hörmət etməsi ilə bağlı müddəalar öz əksini tapıb. 2004-cü ildə Dövlət Bayrağının istifadəsi qaydaları müəyyənləşib. Milli həmrəylik və azərbaycançılıq məfkurəsini özündə birləşdirən Dövlət Bayrağı həmrəyliyin, vahid məfkurə ətrafında sıx birliyin başlıca təzahürüdür. Bu mənada Bayraq milli identikliyin təzahür formalarından biri olmaqla yanaşı millətin varlığının, mövcudluğunun sübutu, müstəqil dövlətçiliyin təsdiqidir.
Qalibiyyət rəmzi olan üçrəngli bayrağımızın işğaldan azad edilmiş torpaqlarımızda dalğalanması qürurumuzun, milli kimliyimizin, sabaha doğru inamlı addımlarımızın əsasıdır. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi Zəfərimizdən dərhal sonra işğaldan azad edilmiş ərazilərimizə ilk səfərləri həmin torpaqlarımızda Azərbaycan Bayrağının ucaldılması ilə tarixə yazıldı”.