12 noyabr Azərbaycan Konstitusiya Günü kimi qeyd olunması tarixi hadisədir. 1995-ci ildə qəbul olunmuş Azərbaycan Konstitusiyası müstəqil Azərbaycanın ilk, ümumilikdə isə ölkəmizin tarixində dördüncü Konstitusiyası idi. Azərbaycanın Konstitusiya quruluşunun tarixi SSRİ dövrünə təsadüf edir. Azərbaycanın ilk Konstitusiyası 1921-ci ilin mayın 19-da, SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası isə 1925-ci il martın 14-də qəbul edilib. 1978-ci ilin aprelin 21-də qəbul edilmiş son Konstitusiya isə əvvəlki SSRİ Konstitusiyasına uyğunlaşdırılıb. 1918-1920-ci illərdə cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas Qanununu qəbul edə bilmədiyi üçün ölkəmizin ilk konstitusiya quruluşunun tarixi SSRİ-nin tərkibində olduğu dövrə təsadüf edib.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası qəbul edildikdən sonra Azərbaycan SSR-in də yeni Konstitusiya layihəsi hazırlandı: “1978-ci il aprelin 2-də həmin layihə ilə əlaqədar Azərbaycan SSR Ali Sovetində məruzə ilə çıxış edən Ümummilli Lider Heydər Əliyevin təklifi ilə 73-cü maddə ilə Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dili olaraq təsbit olundu. Bunun nəticəsində 1978-ci il aprelin 21-də Azərbaycan SSR-in sonuncu Konstitusiyası qəbul olunub və burada Azərbaycan dilinə dövlət dili statusu verilib. Bu sözsüz ki, Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında tarixi xidmətlərindən biri oldu”.
Millət vəkili bu Konstitusiyayanın 1995-ci ildə müstəqil Azərbaycan Konstitusiyası qəbul edilənədək qüvvədə qaldığını söyləyib: “Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan Konstitusiyası layihəsi hazırlanması mühüm tarixi dövrü əhatə edirdi. 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda seçicilərin 86 faizi iştirak etmiş və onların 91,9 faizi Konstitusiyanın qəbul edilməsinin lehinə səs verib. Bundan sonra Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minmişdir. İlk müstəqil Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyətini nəzərə alınaraq, Ulu Öndər Heydər Əliyevin 1995-ci il 15 dekabr tarixli Fərmanına əsasən hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilir”.
Deputat Konstitusiyamızın müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan əsas ana qanun olduğunu bildirib: “Bu mənada müstəqil Azərbaycanın Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı. Sözsüz ki, Azərbaycan Konstitusiyası qəbul edilərkən hüquqi dövlət quruculuğunun müasir meyillərinə istinad olunub. Ölkəmizin hüquq sistemi üçün yeni bir təsisatın – Konstitusiya ədalət mühakiməsi orqanının yaradılması ilə özünü ehtiva edib. Əsas Qanunda dövlətin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, cəmiyyətin demokratikləşdirilməsinə və vətəndaş cəmiyyətinin bərqərar olmasına nail olmaq kimi başlıca prinsiplər öz əksini tapıb”.
Məlahət İbrahimqızı hesab edir ki, dəyişilən sosial-siyasi reallıq Konstitusiyamızın da günün tələblərinə uyğunlaşmasını əlavə və dəyişikliklərlə əhatə olunmasını zəruri edib: “2002-ci il avqustun 24-də referendum yolu ilə Konstitusiyanın 24 maddəsində 29, 2009-cu il martın 18-də isə 25 maddəyə 30-dan artıq əlavə və dəyişiklik olunub. Bu dəyişikliklər Azərbaycan dövlətinin sosial-iqtisadi bazasının daha da güclənməsindən, vətəndaşların hüquq və azadlıqlarına daha etibarlı təminat verilməsindən, sosial dövlət prinsiplərini təsbit etmək imkanlarının daha da genişlənməsindən irəli gəlirdi. Eyni zamanda Prezident İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyada üçüncü dəfə əlavələr və dəyişikliklər edilib. Konstitusiyanın 29 maddəsində edilən 41 əlavə və dəyişiklik müxtəlif sahələri əhatə etməklə, ali dövlət hakimiyyəti, məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin təkmilləşdirilməsini özündə ehtiva edib. Konstitusiyada son dəyişikliyə əsasən idarəetmə sistemində yeni təsisat – birinci vitse-prezidentlik institutu yaradılması dövlət və hakimiyyət idarəetmə mexanizmində funksional institut kimi yeni idarəetmə modelidir”.