Prezident İlham Əliyev noyabrın 6-da Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündə çıxışında mühüm məsələlərdən bəhs edib. Dövlətimizin başçısı Türk Dünyası ölkələri arasında əməkdaşlıq və inkişaf dinamikasının xarakterini önə çəkib. Prezident kimi son iki ildə Qırğız Respublikasına üçüncü səfərinin əhəmiyyətindən bəhs edib. Hər səfərin əlaqələrin inkişafında yeni bir mərhələ açdığı qeyd olunub. Eyni zamanda Qırğızıstanın son dövrlər əldə etdiyi uğurları və inkişafının müsbət təzahürlərinə toxunulub.
Bunu Siyasətinfoya YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, ölkəmizin başçısının da çıxışında vurğuladığı kimi Naxçıvan Sazişi Türk Dövlətləri Təşkilatının əsasını qoyub: “Bu il Türk Dövlətləri Təşkilatının əsasını qoymuş Naxçıvan Sazişinin 15-ci ildönümüdür. Təşkilat bu dövr ərzində uğurlu inkişaf yolu keçib. Həmçinin bu ilin iyul ayında Şuşa şəhərində keçirilmiş Türk Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə imzalanmış Qarabağ Bəyannaməsi əməkdaşlığın daha da dərinləşməsinə töhfə verir. Dövlətimizin başçısı bir daha bəyan edib ki, Azərbaycan Türk Dövlətləri Təşkilatının möhkəmlənməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcək. Məhz bu məqsədlərin tərkib hissəsi olaraq Azərbaycan Türk Dövlətləri Təşkilatına maliyyə dəstəyi verəcək. Türk Dövlətləri Təşkilatının mövcud büdcəsi qarşıya qoyulan hədəflərin həyata keçirilməsi üçün yetərli olmadığı bildirilib. Bu məqsədlə Azərbaycanın Türk Dövlətləri Təşkilatının Katibliyinə 2 milyon və Ağsaqqallar Şurasına 100 min ABŞ dolları məbləğində maliyyə dəstəyi təşkilatın potensialının daha da güclənməsinə mühüm töhfə olacaq”.
Deputat bildirib ki, TDT çərçivəsində təhlükəsizlik və müdafiə sənayesi sahələrində əməkdaşlığın əhəmiyyəti önə çəkilib: “Hazırda dünyada artan təhlükələri nəzərə alaraq müdafiə, təhlükəsizlik və müdafiə sənayesi sahələrində əməkdaşlığın böyük əhəmiyyət kəsb etdiyi qeyd edilib. Son dövrlər hüquq-mühafizə və təhlükəsizlik orqanları arasında əməkdaşlığın daha da genişləndiyi vurğulanıb. Artıq TDT ölkələriminin silahlı qüvvələrinin iştirakı ilə hərbi təlimlər keçirilir. Hərbi təhsil müəssisələrində də qardaş ölkələrin müdavimlərinin təhsil alır ki, bu da qarşılıqlı etimadın və dostluğun göstəricisi hesab edilir”.
Komissiya sədri hesab edir ki, Şərq-Qərb nəqliyyat dəhlizi ilə Azərbaycan ərazisi üzrə daşımaların daha da artdığı cənab Prezident tərəfindən dövlət başçılarının diqqətinə çatdırılıb: “Son dövrlər Şərq-Qərb nəqliyyat dəhlizi ilə Azərbaycan ərazisi üzrə daşımalar daha da artıb. Mərkəzi Asiya ölkələri ilə Türkiyəni Azərbaycan üzərindən bağlayan bu dəhlizin ötürmə qabiliyyətinin yüksəldilməsi üçün Azərbaycan öz sərmayələrini artırır. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2024-cü ilin yanvar-sentyabr aylarında üzv və müşahidəçi dövlətlər ilə tranzit daşımalarının həcmində 15 faizə yaxın artım müşahidə edilir. Hazırda Orta Dəhlizin rəqəmsallaşdırılması və ticarətin asanlaşdırılması istiqamətində bir sıra layihələr icra olunur. Bu layihələr logistika səmərəliliyinin artırılmasına və xərclərin azaldılmasına təsir edəcək. Prezident həmçinin çıxışında işğaldan azad olunan ərazilərdə genişmiqyaslı yenidənqurma və bərpa layihələrindən bəhs edib. Vurğulanıb ki, ötən ilin sentyabr ayında Azərbaycan öz suverenliyini tam bərpa etdi. Ermənistan 30 il davam edən işğal dövründə bu ərazilərdə 9 şəhəri və yüzlərlə kəndi tamamilə məhv edib. İşğaldan azad olunan ərazilərdə indi genişmiqyaslı yenidənqurma və bərpa layihələri həyata keçirilir. Eyni zamanda, Böyük Qayıdış Proqramının icrası çərçivəsində keçmiş məcburi köçkünlər öz doğma yurdlarına geri qayıdışı təmin edilir”.
Sevinc Hüseynova Prezident İlham Əliyevin də bildirdiyi kimi Türk Dövlətləri Təşkilatına üzv olan dövlətlər sözdə yox, əməldə Azərbaycanın yanındadır: “Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Macarıstanın dövlət və hökumət başçıları azad olunmuş ərazilərdə qardaşlıq hədiyyəsi olan məktəb və yaradıcılıq mərkəzi eləcə də tikiləcək məktəblərə görə dövlətimizin başçısı öz təşəkkürünü çatdırıb. Eyni zamanda noyabrın 11-22 arasında Bakıda keçiriləcək COP29 tədbirlərinin əhəmiyyətinə də toxunulub. Bildirilib ki, 200-ə yaxın ölkə Azərbaycanın COP29 iqlim konfransına ev sahibliyinə namizədliyini yekdilliklə dəstəkləyib. Azərbaycan yaxın günlərdə COP29 iqlim konfransına ev sahibliyi edəcək. Sözsüz ki, bu, beynəlxalq aləmin Azərbaycana olan böyük hörmətinin və dəstəyinin təzahürüdür. Azərbaycan Prezidenti çıxışında əminliklə vurğulayıb ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələr COP29 konfransının işində fəal iştirak edəcəklər”.