4 oktyabr Cəbrayıl şəhəri günü kimi qeyd olunması tarixi əhəmiyyət kəsb edir. Cəbrayıl və 30 ilə yaxın Ermənistanın işğalı altında olmuş bütün tarixi torpaqlarımız azaddır. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin və Qəhrəməan Ordumuzun əldə etdiyi tarixi Zəfər bu reallığı təmin edib. İndi bütün tarixi torpaqlarımızda üçrəngli Şanlı Bayrağımız qürurla dalğalanır. Bu Zəfər qəhrəman oğullarımızın, şəhidlərimizin, qazilərimizin canı-qanı, xalqımızın Ali Baş Komandan ətrafında bir yumruq kimi birləşməsi ilə əldə olunub.
Bunu Siyasətinfoya VI çağırış Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının üzvü Aqil Məmmədov deyib.
O qeyd edib ki, Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan tərəfindən işğal edilib: “Erməni işğal zamanı Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 92 kənddən ibarət olub. Ermənistanın Cəbrayıl rayonunu işğal etməsi nəticəsində tarixi, dini, mədəni abidələr məhv olunub, talan edilib, oğurlanıb. 52 min nəfər əhalisi olan Cəbrayıl rayonunda işğal nəticəsində 72-i məktəb, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd vəhşicəsinə dağıdılıb. I Qarabağ müharibəsində Cəbrayıl rayonundan 362 nəfər şəhid, 191 nəfər əlil olub. 6 nəfər rayon sakini Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Erməni vandalları Cəbrayıl rayonu Dağtumas kəndinin yaxınlığında yerləşən “Divlər Sarayı” mağarası, Qalacıq kəndindəki “Məscid Təpəsi”, “Canqulu” və “Qumtəpə” kurqanları, Diri dağındakı Mazannənə, Mərmər nənə məqbərələri, kimi arxeoloji, Dağtumas kəndindəki “Başıkəsik Gümbəz”, Sirik kəndindəki “Qala”, Diri dağındakı “Qız qalası”, Xudafərin körpüləri, Çələbilər kəndindəki Məscid kompleksi, rayon mərkəzindəki “Sultan Məcid hamamı”, Şıxlar kəndindəki “Dairəvi Türbə”, Xubyarlı kəndindəki “Dairəvi” 8 guşəli türbələr və məqbərələr, türk qəbiristanlığındakı türbə və məqbərələrin hər biri işğal zamanı məhv edilmiş və ya dağıntıya məruz qalıb. İşğal zamanı Cəbrayıl rayonu sakinləri respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, o cümlədən qaçqın düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşmaq məcburiyyətində qalıb”.
VI çağırış millət vəkili 5 yanvar 1994-cü il tarixində Horadiz əməliyyatı zamanı Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin işğaldan azad edildiyini və xalqımızın öz tarixi torpaqlarına qayıdacağı ilə bağlı ümidlərini heç vaxt itirmədiyini bildirib: “Bu mənada Cocuq Mərcanlıya qayıdış Böyük Qayıdışın başlanğıcı idi. 2016-cı il aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks hücumu nəticəsində Lələtəpə yüksəkliyi də işğaldan azad edilmişdi. Sözsüz ki, 27 ildən sonra düşmən işğalından azad edilmiş Cəbrayıl rayonu Vətən müharibəsinin gedişində mühüm əhəmiyyət kəsb edən strateji önəmə malik idi. 2020-ci il 27 sentyabr tarixində Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 oktyabr tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixində Cəbrayıl şəhərini və rayonun 9 kəndini – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndlərini işğaldan azad edildi. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər (Cəbrayıl) və 90 kənd işğaldan azad olunub. Ali Baş Komandan tərəfindən 2020-ci il noyabrın 26-da “Cəbrayılın azad olunmasına görə” medalı təsis edilib. Sözsüz ki, Cəbrayıl rayonu ərazisində yerləşən qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu körpüdə Azərbaycan bayrağını ucaltmasının böyük tarixi və siyasi əhəmiyyəti var. Çünki Cəbrayılın azad edilməsi işğal altında olan digər rayonlara uğurlu əks hücum üçün əlverişli imkan yaradıb. Bu şanlı tarixi Qələbə günlərinin əbədiləşdirilməsi üçün Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Sözügedən Sərəncama əsasən 04 oktyabr Cəbrayıl şəhəri günü kimi müəyyən olunub”.
YAP üzvü hesab edir ki, 30 ilə yaxın erməni tapdağında olmuş digər ərazilərimiz kimi Cəbrayılda da bərpa-quruculuq işləri həyata keçirilir: “Araz Vadisi İqtisadi Zonası”nın yaradılması, elektrik təchizatı, Cəbrayılda 4-6 zolaqlı yolların çəkilməsi, cənab Prezident İlham Əliyevin Cəbrayıl rayonuna səfərləri Xudafərin körpüsündə Dövlət bayrağının ucaldılması, Cəbrayıl şəhərində Dövlət bayrağının yüksəlməsi və digər infrastruktur obyektlərinin əsasının qoyulması bu bölgədə qısa zamanda yaşayacaq soydaşlarımızın rahatlığı və firavanlığına hesablanıb. Bununla yanaşı Prezident İlham Əliyev və qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Horadiz-Ağbənd dəmir yolu xəttinin Cəbrayıl rayonundan keçən hissəsində yerləşən Qumlaq stansiyasının təməlqoyma mərasimi də yaddaşlarımıza həkk olunmuş tarixi hadisə idi. Bu gün isə Cəbrayıllılar artıq uzun müddətdən sonra öz doğma yurdlarına qayıdır. Müzəffər Ali Baş Komandan İlham Əliyev Cəbrayıl rayonuna səfərləri zamanı mühüm infrastruktur obyektlərinin təməlqoyma mərasimləri baş tutub. Bu xüsusda cənab Pzident İlham Əliyev 2024-cü ilin oktyabrın 3-də Cəbrayıl rayonuna səfəri zamanı yeni müəsisələrin, istehsalat və xidmət sahələrinin açılışını edib, təməlini qoyub. Ölkə başçısının Cəbrayıla səfəri zamanı “Hicaz quşçuluq” müəssisəsinin damazlıq yumurta istehsalı fabrikinin təməlini qoyulub. Eyni zamanda “Azərsun Holdinq” MMC-nin alkoqolsuz içki məhsulları istehsalı kompleksinin təməli atılıb. Həmçinin Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 3-də Cəbrayıl şəhərində Mehdi Mehdizadə adına 960 şagird yerlik tam orta məktəbin binasının açılışında iştirak ediblər. Bununla yanaşı Cəbrayıl rayonunun Horovlu kəndində fərdi evlərin və sosial obyektlərin tikintisi ilə tanış olublar. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 3-də Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında yeni müəssisələrin təməlqoyma mərasimlərinə də qatılıb. Bütün bunlar onu göstərir ki, işğaldan azad edilən digər ərazilərimiz kimi Cəbrayılda da qısa zamanda bütün zəruri infrastruktur obyektləri, istehsalat müəssisələri, insanların yaşayışını və məşğulluğunu təmin edəcək sosial layihələr ardıcıllıqla icra edilir”.
Aqil Məmmədov vurğulayıb ki, Prezident İlham Əliyev oktyabrın 4-də Cəbrayıl sakinləri ilə görüşdə olduqca mühüm məqamlara toxunub: “Ölkəmizin başçısı azad edilmiş torpaqlarda aparılan işlərin öz miqyasına görə xüsusi xarakterindən bəhs edib. Cəbrayılda erməni barbarlarının izi silinir, onların vandallığı, barbarlığı nəticəsindsə tamamilə viran edilmiş Cəbrayıl yenidən qurulur. Amma təəsüf ki, dünya birliyi hələ də ermənilərin 30 ildə törətmiş olduğu bu vəhşiliyə lazımi qiymət verməkdə çətinlik çəkir. Bu sözsüz ki, ikiüzlülüyün, ikili standartların bariz nümunəsidir. İşğala məruz qalanla işğalçını ayırd etmək istəmirlər. Fransa başda olmaqla ABŞ və erməni lobbisinin təsirində olan ölkələr hələ də köhnə ab-havadadır. Cənab Prezident də cəbrayıllılarla görüşündə Ermənistana və ona havadarlıq edənlərə bir daha xəbərdarlıq etdi. Azərbaycanı bu gün əsassız olaraq bir çox çirkin məsələlərdə ittiham edən ABŞ və Fransa kimi ölkələr erməni lobbisinin istək və arzularının ifadəçisi rolunda çıxış edir. Çox təəsüf ki, bu gün ABŞ Konqresi və Fransa senatı Ermənistan parlamentinin mahiyyətindədir. Bu isə erməni lobbi təşkilatlarının maliyyə vəsaitləri hesabına mümkün olur. Özlərini dünyada az qala hakim və demokratiya nümunəsi kimi təqdim etməyə çalışanlar erməni lobbisinin ayırdığı qrantların əsrinə çevrilib. Sözsüz ki, güclü Azərbaycan hər zaman olduğu kimi bu dəfə də özünə qarşı aparılan qarayaxma kampaniyalarına qarşı qətiyyətlə mübarizə apararaq əsl həqiqətlərin ortaya çıxmasına nail olacaq”.