Azərbaycan 2020-ci ilin 44 günlük Vətən Müharibəsi və 2023-cü ilin 19-20 sentyabrında həyata keçirilən bir günlük antiterror tədbirləri ilə ərazi bütövlüyünü və suverenliyini tam təmin edib. Ölkəmiz öz ərazisi üzərində konstitusiya quruluşunun tam təmin olunmasına nail olub. Hazırda dünya dövlətlərinin böyük əksəriyyətinin də əziyyət çəkdiyi separatizmə sarsıdıcı zərbə vurulub və Azərbaycan ərazisində terrorçu birləşmələrin fəaliyyətinə birdəfəlik son qoyulub. Bununla da Azərbaycanın yaratmış olduğu reallıq fonunda regional və qlobal miqyasda yeni bir situasiya formalaşıb.
Bunu Siyasətinfoya VI çağırış Milli Məclisin deputatı, YAP təmsilçisi Aqil Məmmədov deyib.
O qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi ilə regionda uzunmüddətli sülh və sabitlik üçün əsas yaranıb: “Otuz illik işğala və haqsızlığa son qoymuş Azərbaycan təkcə öz milli maraqlarını deyil, həm də beynəlxalq hüququn aliliyini təmin edib. Bu mənada yaranmış vəziyyət ölkəmizi ümumbəşəri problemlərin həllinə töhfələrini daha fəal şəkildə həyata keçirməyə imkan yaradır. 2023-cü il sentyabrın 20-də Azərbaycanın öz suverenliyini bərpa etməsindən sonra yeni bir situasiya fprmalaşıb. Məhz 2023-cü ilin dekabrın 9-da BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəf Dövlətlərinin 29-cu görüşünə (COP29) Azərbaycanın ev sahibliyi etməsi barədə qərarın yekdilliklə dəstəklənib. Bu dünya dövlətlərinin Azərbaycanın beynəlxalq sülh və inkişaf məsələlərinə dair baxışına böyük dəstək kimi qiymətləndirilir. Təəsüf ki, bir sıra dairələr Azərbaycanın COP29-a ev sahibliyi edəcəyindən istifadə edərək, ölkəmizə qarşı hansısa məsələni qəbul etdirmək fikrinə düşüblər.
ABŞ Senatının və Nümayəndələr Palatasının bir qrup üzvünün 2024-cü il oktyabrın 3-də bu ölkənin dövlət katibi Entoni Blinkenə göndərdiyi müraciət də bu qəbildəndir. Sözsüz ki, həmin müraciətin Dövlət Departamenti tərəfindən təşkil edildiyinə dair şübhə yoxdur. Prezident İlham Əliyevin oktyabrın 4-də Cəbrayıl şəhərində vurğuladığı kimi, Dövlət Departamentində Azərbaycanı hədələmək üçün özləri özlərinə məktub yazırlar. Azərbaycana qarşı irqi ayrı-seçkiliyi ehtiva edən, böhtanla dolu, dialoq ruhuna zidd olan, müharibə cinayətkarlarının azadlığa buraxılmasına və Ermənistanın hərbiləşdirilməsinə çağırış edən bu “müraciət” qəbuledilməzdir. Bu fakt ABŞ-ın ikitərəfli münasibətlərinin bariz nümunəsidir. Bu kimi saxta əsaslarla insan hüquqları və beynəlxalq humanitar hüquqa riayət edilməsi sahəsində Azərbaycana iradlar irəli sürülən “müraciətin” ABŞ-dan olması təəcüblüdür. Çünki yaxın tarixdə ABŞ-ın İraq, Əfqanıstan və dünyanın digər müxtəlif bölgələrində törətdiyi müharibələr zamanı milyonlarla dinc insanın həlak olduğunu, çoxlu sayda insanın işgəncəyə məruz qalmasını və hüquqi proses olmadan onlara cəza verilməsini xatırlatmaq yerinə düşər. İnsan hüquqlarından dəm vuran ABŞ ən mühüm insan hüquqları konvensiyalarına qoşulmayıb. Hətta BMT-nin İşgəncələrə qarşı xüsusi məruzəçisini uzun illər Quantanamoya buraxmayan elə Amerika olub”.
Aqil Məmmədov vurğulayıb ki, Minsk Qrupunun həmsədri olan ABŞ heç vaxt öz məsuliyyətini dərk etməmiş, Fransa ilə birlikdə Azərbaycan torpaqlarının işğal altında qalmasına çalışıb: “ABŞ-ın gözü qarşısında vaxtilə işğal edilmiş ərazilərdə Azərbaycan xalqının mədəni irsi, məscidləri, tarixi abidələri dağıdılmış, təhqir edilmiş, bütöv şəhərlər və kəndlər yer üzündən silinib. ABŞ Ermənistanın bu barbarlıq əməllərini heç vaxt pisləməyib. Məhz bu baxımdan da Milli Məclisin bir qrup deputatının ABŞ-la iki sazişə xitam verilməsi, yeni müqavilələrin razılaşdırılmaması, USAID-in Azərbaycandakı layihələrinin dayandırılması barədə xarici işlər naziri Ceyhun Bayramova müraciəti tam məntiqə uyğundur. Bu addım ABŞ Konqresinin bir qrup üzvünün dövlət katibi Entoni Blinkenə müraciətinə cavab hesab edilir. Azərbaycanı “etnik təmizləmə”də ittiham edən konqresmenlər Ermənistandan bütün azərbaycanlıların deportasiya edilməsinə, Qərbi Azərbaycan İcmasının müraciətinə belə Blinkenin niyə bu günə qədər reaksiya verməməsinə aydınlıq gətirmir. Azərbaycan dövləti Qarabağ münaqişəsini həll edib. Ölkəmizdə min kilometrlərlə uzaqlarda oturanların fərqli fikirləri isə reallığı dəyişmir. Azərbaycan xalqı əbədi olaraq Qarabağ və Şərqi Zəngəzura dönüb. ABŞ konqresmenlərinin isə “Dağlıq Qarabağın siyasi liderləri” kimi təqdim etdikləri şəxslər müharibə caniləridir. Onlar Xocalı cəlladlarıdır, silah dəllalları, maliyyə firıldaqçıları, əli hər cür çirkin işlərə bulaşmış oliqarxlardır. Bu baxımdan da ABŞ-ın Xocalı soyqırımını törətmiş şəxsləri müdafiə etməsi təəcüb dorurur. Təəsüf ki, Amerika 30 ildən artıqdır ki, taleyi bilinməyən 4 min azərbaycanlı itkinlə bağlı heç bir bəyanat səsləndirməyib. Azərbaycan tərəfi isə həmişə ikitərəfli münasibətlərin irəli aparılması üçün səbr və təmkin nümayiş etdirib. Amma bütün bunlara baxmayaraq ABŞ erməni lobbisinin diktəsi ilə ermənipərəst siyasətindən əl çəkə bilmir”.
Qeyd edək ki, Milli Məclisin bir qrup deputatı Xarici İşlər naziri Ceyhun Bayramova Azərbaycan və ABŞ arasında qüvvədə olan müqavilələrə, ələlxüsus, 1997-ci ildə imzalanmış “Azərbaycan Respublikası və ABŞ arasında gələcək hərbi və müdafiə əlaqələri haqqında” Birgə bəyanata və 2013-cü ildə imzalanmış “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Amerika Birləşmiş Ştatlarının Müdafiə Nazirliyi arasında avadanlığın alınması və qarşılıqlı xidmət haqqında” Sazişə xitam verilməsi;
Yeni müqavilələrin razılaşdırılması və qüvvədə olmuş müqavilələrin uzadılması üzrə danışıqların dərhal dayandırılması;
ABŞ-ın Beynəlxalq İnkişafa Yardım Agentliyi (USAID) və ABŞ-nin qeyri-hökumət təşkilatları tərəfindən Azərbaycanda həyata keçirilən bütün layihələrin dayandırılması və yeni layihələrə icazə verilməməsi, eləcə də USAID-in ölkəmizdəki fəaliyyətinə son qoyulması ilə bağlı müraciət edib.